Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrliyi ilə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi üzrə Komissiya”nın növbəti iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda 2024-cü il üçün təsdiq olunmuş əmək miqrasiyası kvotasından istifadə vəziyyəti və 2025-ci il üçün hazırlanmış əmək miqrasiyası kvotasına dair təkliflər aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Komissiya üzvləri ilə birgə müzakirə olunub.
S.Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ölkənin əmək bazarında inkişaf meyillərinin davamlı xarakter almasına imkan yaratdığını vurğulayıb.
Qeyd olunub ki, növbəti il üçün əmək miqrasiyası kvotasına dair təkliflər ölkə iqtisadiyyatında yaranan çoxsahəlilik, işəgötürənlər tərəfindən müxtəlif müasir peşə və ixtisaslara malik işçilərə olan tələb əsasında hazırlanıb. Təkliflərin hazırlanmasında əmək bazarına daxil olan işçi qüvvəsi ilə bağlı aparılmış təhlillər, habelə digər proqnozlar nəzərə alınıb.
Əmək bazarına daxil olan ixtisaslı kadrların sayının hər il artımı, eyni zamanda, əmək bazarında mövcud olan işçi qüvvəsinin bacarıqlarının, rəqabətədavamlılığının yüksəlməsi istiqamətində görülən tədbirlər qeyd edilib. Bununla bağlı olaraq 2025-ci ildə də əcnəbi işçi qüvvəsinə tələbin azalan tendensiya əsasında müəyyən edilməsinin zərurəti, o cümlədən ixtisaslı əcnəbi işçi qüvvəsinin milli əmək ehtiyatları ilə əvəz edilməsi amilləri müzakirə olunub.
İclasda icra olunacaq layihələr, mədənçıxarma, elmi-texniki fəaliyyət, tikinti, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti quruculuq işlərinə ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi məsələləri də nəzərdən keçirilib.
Müzakirələrin yekununda 2025-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflərin, eyni zamanda, 2024-cü ilin təsdiq olunmuş əmək miqrasiyası kvotasına edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.
AZƏRTAC