Azərbaycan Prezidenti: Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib

Azərbaycan Xalq Cümhuriyyəti – 106 il: Dövlət müstəqilliyi ən böyük dəyərimiz və sərvətimizdir
Azərbaycan Prezidenti: Türkiyə ilə münasibətlərimizin zirvədə olmasından böyük fərəh hissi duyuruq
İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibini qəbul edib

Ayrı-ayrı dini etiqad və inanclara mənsub icmaların əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni münasibətlər sistemi formalaşıb. Yüz illərlə nümunəvi tolerantlıq ənənələrinin mövcud olduğu ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib.

AZƏRTAC xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun iştirakçılarına ünvanladığı müraciətdə bildirilib.

Dünya dini liderlərinin mötəbər beynəlxalq tədbirlərinə uğurla ev sahibliyi edən Azərbaycanın bu gün mədəniyyətlərarası əməkdaşlıq və dialoq məkanına çevrilməsinin təsadüfi olmadığını diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: “Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, zəngin multikulturalizm dəyərlərinin təbliği və təşviqi dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara uyğun həyata keçirilir. Biz bu təcrübəni ictimai-siyasi sabitliyin və həmrəyliyin vacib amili kimi qiymətləndiririk”.

Azərbaycan Prezidenti qeyd edib ki, hazırda dünyada cərəyan edən mürəkkəb proseslər, dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsi, ksenofobiya, ekstremizm, məzhəbçilik kimi mənfi təzahürlər beynəlxalq sülhə və əmin-amanlığa ciddi təhdidlər yaratmaqdadır. Belə təhlükəli amillərin vaxtında qarşısının alınması üçün dinin cəmiyyət həyatında yerinin və rolunun düzgün qiymətləndirilməsi, mənəvi-əxlaqi tərbiyə işinin təkmilləşdirilməsi, dini təhsil və maarifləndirmə istiqamətində fəaliyyətin gücləndirilməsi günümüzün zəruri məsələlərindəndir. Bu sahədə din xadimlərinin üzərinə böyük vəzifələr düşür.

“Azərbaycanda müxtəlif konfessiyaları təmsil edən din adamlarının, ilahiyyatçıların, alim və mütəxəssislərin aktual problemlərin müzakirəsi ilə bağlı bir araya gəlməsini təqdirəlayiq hesab edirəm. Əminəm ki, toplantınız konstruktiv müzakirələr şəraitində keçəcək, ölkəmizdə dini maarifləndirmənin müasir tələblərə uyğun təşkilinə və mənəvi-əxlaqi dəyərlərin təbliğinə layiqli töhfə verəcəkdir”, – deyə Prezident İlham Əliyevin müraciətində vurğulanıb.

AZƏRTAC