
Elm və Təhsil Nazirliyinin, Qərbi Azərbaycan İcmasının birgə təşəbbüsü ilə Qərbi Azərbaycandan olan müəllimlərin xatirələri əsasında hazırlanmış “Mənim Qərbi Azərbaycanım – Xatirələr” kitabı oxuculara təqdim olunub.
AZƏRTAC xəbər verir ki, kitab Qərbi Azərbaycandan olan müəllim-müəlliflərin özlərinin və valideynlərinin xatirələri əsasında müxtəlif illərdə dərc olunmuş məqalələr toplusudur. Bu yazılarda Azərbaycan xalqının əsrlər boyu yaşadığı Qərbi Azərbaycan torpaqları, həmin ərazilərin azərbaycanlılara məxsus olmasını təsdiqləyən tarixi məlumatlar, ermənilər tərəfindən törədilən vandalizm aktları, xalqımızın doğma yurdundan kütləvi şəkildə qovulması, eləcə də tarixi, dini-mədəni abidələrimizin talan edilməsi və məhv olunması ətraflı şəkildə əksini tapır.
Müəlliflərin hər biri Qərbi Azərbaycan əsillidir və hazırda Azərbaycanın müxtəlif şəhər, kənd və qəsəbələrində orta məktəblərdə pedaqoji fəaliyyətlə məşğuldur. Onlar “Mənim Qərbi Azərbaycanım” deyərək, doğma yurda dair şəxsi və ailəvi xatirələrini qələmə alıblar.
Layihənin rəhbərləri elm və təhsil nazirinin müavini iqtisad üzrə fəlsəfə doktoru Firudin Qurbanov və Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlidir. Kitabın tərtibçisi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin aparıcı mütəxəssisi Rövşən Ağayev, redaktorları isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin aparıcı mütəxəssisi, Əməkdar müəllim Əhliyyət Adıgözəlovdur.
Nəşr təhsil tariximizlə maraqlananlar, pedaqoqlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
AZƏRTAC