
AVCİYA Ahıska türklərinin tarixinə, etnik mədəniyyətinə, folklor və ədəbiyyatına həsr olunmuş layihəyə başlayır. İlk məqalə Ahıska türkləri haqqında ümumi məlumatdan ibarətdir.
Layihənin ideya müəllifi AVCİYA-nın prezidenti Elxan Süleymanov, icraçı və məqalələrin müəllifi AVCİYA-nın vitse-prezidenti, Prof.Dr. Asif Hacılıdır.
Ahıska türkləri qədim zamanlardan Gürcüstanın cənub-qərbində, Mesxet və Cavax bölgələrində yaşamış türk-müsəlman toplumudur. Türkiyə türkcəsinin şərqi Anadolu dialektinin yerli mənimsəmələrlə zənginləşmiş şivəsində danışırlar. Tarixin erkən dövrlərindən müxtəlif dövlətlərin və sülalələrin təsiri altında olan bu ərazilərdə 13-cü əsrdə Samshi Atabəyliyi (Samsxe-Saatabaqo) qurulur, 16-cı əsrdə isə Osmanlı sultanlığının tərkibində Ahıska paşalığı yaradılır.
1828-ci ildə Rusiya və Osmanlı arasında müharibələr nəticəsində Ahıska paşalığı süqut edir və ərazisinin böyük hissəsi Rusiya imperiyasının tərkibinə qatılır. Bundan sonra türklərin tarixi vətənləri geniş miqyasda erməniləşdirilir. Qafqaza gəldikləri lk vaxtlardan başlayaraq ermənilərin türklərə, eləcə də gürcülərə, ruslara qarşı qarşı intriqaları XIX yüzilin bütün dövrlərində davam edir (Bax: Ахалцихская нетерпимость // “Кавказ” (№ 94), 1897 г.). XX əsrin əvvəllərində erməni quldur dəstələrinin dinc müsəlmanlara qarşı terroru şiddətli həddə çatır.
1918-ci ilin axırları – 1919-cu ilin əvvəllərində əndazə bilməyən erməni intriqaları, Böyük Ermənistan xülyaları ermənilərin Gürcüstana təcavüzü və Gürcüstanla müharibəsi ilə nəticələnir.
Müsəlmanlara qarşı erməni terroruna Azərbaycan və gürcü ziyalıları kəskin etiraz bildirir. Vəziyyətin gərginliyi türkləri və gürcüləri hələ 1917-ci ilin yayında Tiflisdə kəndli qurultayında ermənilərə qarşı Gürcü-müsəlman İttifaqı yaratmağa məcbur edir (Гурко-Кряжин В. (1990). Армянский вопрос. Баку: “Коммунист”. – 15 с. – c.13 // V. Qurko-Kryajin. Erməni məsələsi. Bakı: “Kommunist”, 1990, – 15 c. – s. 13).
1919-cu ildə gürcü xristian təşkilatları erməni liderlərini müsəlmanlara qarşı terrora son qoymağa çağırır. Ahıskanın Ude kəndində isə türklər 1919-cu ilin yanvar-martında 180 katolik gürcünü evlərində gizlədib erməni terrorundan xilas edirlər (Л.Бараташвили, К.Бараташвили. Мы – месхи… // Литературная Грузия, 1988).
1921-ci ilin martında Türkiyə və Rusiya arasında bağlanan müqavilə ilə Ahıska və Axılkələk uyezdləri Gürcüstana qatılır. Bu dövrdən Ahıska türklərinin mədəni və iqtisadi dirçəlişi başlayır. Ahıska-Axılkələk obalarında yeni maarif-mədəniyyət ocaqları yaranır, milli kadrlar yetişir. Ahıska türklərinin Azərbaycanla mədəni əlaqəsi güclənir. Bura Azərbaycandan çoxlu müəllim, sənətçi və inzibati işçi gəlir. Onların yardımı ilə texniki məktəblər, müəllim məktəbləri, siyasi kurslar açılır. Adıgündə «Adıgün kolxozçusu» (1931), «Qızıl rəncbər» (1933), Ahıskada «Kommunist» (1930), Aspindzada «Bağban» (1933), «Sosializm kəndi» (1940) kimi mətbuat orqanları çıxır.
Bu obanın mədəni həyatında teatr tamaşaları, o cümlədən Tiflis türk teatrının qastrolları xüsusi yer tutur. 20-30-cu illərdə çoxlu həvəskar teatr dərnəkləri yaranır, nəhayət, Tiflis Azərbaycan Dram Teatrının köməyi ilə 1934-cü ildə böyük sənətkar İbrahim İsfahanlının başçılıq etdiyi Adıgün Səyyar Kolxoz-Sovxoz teatrı fəaliyyətə başlayır (Abbas Hacıyev. Tiflis Azərbaycan teatrı. B., 1984, s.138-141).
Ahıska iqtisadi, demoqrafik cəhətdən də inkişaf edir. Lakin 1944-cü il sürgünü Ahıska türklərinn milli taleyində facəli rol oynayır. Sənədlərdən məlum olur ki, türklərin köçürülməsi planı çoxdan hazırlanırmış. Bu məqsədlə hələ müharibənin əvvəlindən Borjomdan Valeyə 70 kilometrlik dəmir yolu çəkilir. 1944-cü il noyabrın 14-də gecə başlayaraq bir neçə gündə böyük bir ərazidə 220 kənddə yaşayan 116 minə qədər Ahıska türkü, eləcə də 7 min kürd, 3 min həmşin soldat süngüləriylə ocaqlarından qoparılır, maşınlarla Vale stansiyasına, oradan da xüsusi eşelonlarla uzaq Türküstana sürülür. Minlərlə Ahıska türkü bu vaxt sovet ordusu sıralarında cəbhədə döyüşürdü, sürülənlər isə qocalar, uşaqlar və qadınlardı. Yollarda, sürgünün ilk illərində minlərlə insan əzab-əziyyətdən vəfat edir. Ahıskalılar Orta Asiyada 12 il xüsusi komendant rejimində yaşayır.
Əzablı sürgün illəri türklərin milli ruhunu əzə bilmir. Elə ilk günlərdən türk vətənpərvərləri Vətən uğrunda mübarizəyə başlayırlar. 1956-cı ildə SSRİ Ali Sovetinin Rəyasət heyətinin fərmanı ilə Ahıska türkləri komendant rejimindən və yerlərini dəyişməklə bağlı məhdudiyyətlərdən azad edilir. Lakin bu fərmanda ahıskalıların Gürcüstana köçməsi yasaqlanır, onlara dəymiş maddi zərərin ödənməsi, ümumən bəraət nəzərdə tutulmur. Ahıska türkləri sovet hakimiyyəti dövründə vətənə dönüş haqqını ala bilmir və təəssüf ki, indiyədək də ala bilməyiblər.
Ahıskalıların ilk kiçik dəstəsi Azərbaycana 1958-ci ildə gəlir və Saatlı, Xaçmaz rayonlarında yerləşdirilir. Ahıska türklərinin Azərbaycanda yerləşdirilməsi bu xalqın taleyində müsbət rol oynayır. Onlar milli mədəniyyətlərini qorumaq və inkişaf etdirmək, ictimai həyatda iştirak, sülh şəraitində yaşamaq imkanı əldə edirlər. 1989-cu il Fərqanə hadisələrindən sonra da xeyli sayda Ahıska türkü Azərbaycana köçür.
1969-cu ildən Azərbaycana rəhbərlik edən Ümummilli lider Heydər Əliyev Ahıska türklərinin problemləri ilə yaxından maraqlanaraq, onların nümayəndələri ilə görüşür, sovet rejiminin imkanları daxilində ahıskalılara hər cür qayğı göstərir. 1973-cü ildə Saatlının Varxan kəndində Heydər Əliyev ahıskalılarla görüşdən sonra onların xahişi ilə Ahıska türkləri gənclərinin ali məktəblərə müstəsna hal kimi imtahansız qəbul edilmələri barədə sərəncam verir və bu, ahıskalıların maariflənməsində, sosial-mədəni tərəqqisində misilsiz tarixi rol oynayır. Ahıskalıların ali savadlı gəncləri yetşir, onlar seçkili orqanlarda, inzibati vəzifələrdə, elm və təhsil müəssisələrində təmsil olunmağa başlayır.
Bu gün də Azərbaycan rəhbərliyi, hökuməti, ictimaiyyət ahıskalıların mənəvi tələblərinin ödənilməsinə, sosial rifahına, mədəni inkişafına daim qayğı göstərir.
Hazırda Azərbaycanda 50 minə qədər Ahıska türkü yaşayır. Ahıskalılar Azərbaycanda milli folklor mühitini, ədəbiyyatlarını qoruyub saxlayır və inkişaf etdirirlər. Qədim vaxtlardan zəngin söz sənəti yaratmış, türk mədəniyyətinə zəngm folklor örnəkləri, Xəstə Hasan, Aşıq Öməri, Aşıq Nuru, Aşıq Şenlik, Üzeyir Fəqiri, Topçioğli, Zülali, Şavqi, Məhəmməd Səfili kimi ustad sənətkarlar bəxş etmiş Ahıska türklərinin sürgündən sonrakı həyatlarında milli folklor və el şairlərinin əsərləri müstəsna rol oynayır. Milli mətbuat, məktəb, ərazi birliyindən məhrum olan Ahıska elinin qəriblik həyatında folklor milli varlığı, etnik yaddaşı qoruyan ən önəmli qüvvədir. Ahıska türklərinin bizim çağda, qəriblikdə yaranmış anonim folklor mətnləri və el şairlərinin əsərləri də çoxdur. Bu çağdaş nümunələrin əsas mövzusu sürgün acısı, Vətən həsrəti, sönməz yurd sevgisidir. Qəriblik ovqatı çağdaş türkülərdən birində belə ifadə olunur:
Nerdə kaldi o Zediban dərəsi,
Eşidilməz suların şərşərəsi.
Yeşil, gözəl Azqurumun meşəsi,
Gəl dönəlim o yerlərə, arkadaş!..
Təəssüf ki, 1989-cu ildə Ahıska türklərinin sürgün folkloru, mədəniyyəti haqqında tarixdə ilk olan məqaləmin başlığına çıxardığım “Gəl dönəlim o yerlərə, arkadaş!..” çağırışı bu günümüzdə, 36 il sonra da həm milli şüurda, həm də Ahıska yazarlarının yaradıcılığında aktual olaraq qalmaqdadır. Ahıskalı yazarlar bu gün də vətən həsrəti ilə yazmaqda, sürgün ədəbiyyatı yaratmaqdadırlar.
Müxtəlif ölkələrə səpələnmiş Ahıska türklərinin müasir ədiblərinin əsas hissəsi Azərbaycanda cəmləşmiş və Saatlıda fəaliyyət göstərən Ahıska Türkləri Yazarlar Birliyi ətrafında toplaşmışdır.
Asif Hacılı



