Qafqaz türklərinin həyatında mətbuat: Ahıska və Borçalı

Türkiyə XİN: Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır
Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın rəsmi qarşılanma mərasimi olub
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Qafqazda 1828-ci ildən dərc olunan ilk rəsmi rus mətbu orqanı “Tiflisskie vedomosti” («Тифлисские ведомости») olmuşdur. Rus, gürcü, fars dilində çıxan bu qəzetin fars buraxılışının redaktoru görkəmli Azərbaycan maarifçisi Abbasqulu Ağa Bakıxanov Qüdsi olmuşdur. 1829-cu ildə qəzetin erməni versiyasının təşkili üçün layihə təklif edilib, lakin qraf İ.F.Paskeviç-Erivanski buna razılıq verməyib. 1831-ci ilin dekabrında baron G.V.Rozen 1832-ci il üçün qəzetin türk (tatar) dilində dərci layihəsini təqdim edib. Qəzetin Azərbaycan türkcəsində dərc olunduğu deyilsə də, bu layihənin gerçəkləşməsi haqqında səhih məlumat qalmayıb. Bundan sonra Gürcüstanda türkcə çıxan «Tiflis əxbarı» (1842), «Ziya» (1879-1880), «Ziyayi Qafqaziyyə» (1880-1884), «Kəşkül» (1883) jurnalı, «Kəşkül» qəzeti (1884-1891), «Şərqi Rus» (1903-1905), «Molla Nəsrəddin» dərgisi (1906-1918) dərc olunub. 1918-1921-də müstəqillik dövründə çıxan «Gələcək», «Al bayraq», «Vətən», «Yeni dünya», sovet dövründə «Kommunist» (1921), «Yeni fikir» (1922-1927), «Yeni kənd» (1927-1938), «İşıqlı yol» (1924), «Dan ulduzu» (1926-1931), «Şərq kolxozçusu» (1931), «Qızıl Şəfəq» (1926-1930), «Yeni qüvvə» (1930-1939), Adıgündə «Adıgün kolxozçusu» (1931), «Qızıl rəncbər» (1933), Ahıskada «Kommunist» (1930), Aspindzada «Bağban» (1933), «Sosializm kəndi» (1940) kimi mətbuat orqanları türklərin ictimai həyatında mütərəqqi rol oynamışdır.
Keçən əsrin 30-cu illərdən başlayaraq Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Borçalı mahalında və Ahısqa bölgəsində azərbaycandilli mətbuat orqanlarının sayı xeyli artmışdı. Belə ki, Tiflisdə nəşr olunan mərkəzi qəzet və jurnallarla yanaşı, azərbaycanlılar yaşayan rayonlarda da bir sıra qəzetlərin nəşrinə icazə verilmişdi. Bu illərdə Sarvanda (indiki Marneuli) “Pambıqçı” (1931), sonra “Stalin yolu”, Lüksemburqda (indiki Bolnisi) “Al bayraq” (1938), Başkeçiddə (İndiki Qardabani) “Stalinçi” (1931), Adıgündə “Qızıl rəncbər” (1933), sonra isə “Adıgün kolxozçusu” (1936), Axalsixdə “Kommunist” (1930), sonra isə “Qızıl bayraq” (1938), Aspininzadə “Bağban” (1933), sonra isə “Sosializm kəndi” (1940) kimi qəzetlər Azərbaycan türkcəsində çap olunmağa başladı.
Haqqında söhbət açdığımız rayon qəzetlərindən üçü – “Adıgün kolxozçusu” (Adıgün rayonu), “Qızıl bayraq” (Axalsixi rayonu), “Sosializm kəndi” (Aspinza rayonu) qəzetlərinin nəşri məlum səbəblərə – Ahıska türklərinin elliklə bu yerlərdən qanunsuz və əsassız olaraq sürgün edilməsindən sonra 1944-cü ilin axırlarında dayandırılmışdır. Sarvanda (Marneuli) çıxan “Stalin yolu” qəzeti “Yeni Marneuli”, Çörük-Qəmərlidə (Bolnisi) çıxan “Al bayraq” qəzeti “Qələbə bayrağı”, Başkeçiddə (Dmanisi) buraxılan “Sosializm maldarlığı” qəzeti “Trialeti”, Qarayazıda (Qardabani) nəşr edilən “Stalinçi” qəzeti “Samqori” adları ilə son vaxtlara qədər yarı azərbaycanca, yarı gürcü dilində nəşr olunurdu.