
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları” təsdiq edilib. Qaydalar, Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyasının həyata keçirilməsi çərçivəsində, Prezidentin 2025-ci il 16 yanvar tarixli 287 nömrəli Fərmanının 3.5-ci bəndinin icrası məqsədilə hazırlanıb.
AZƏRTAC-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib ki, yeni qaydalar çərçivəsində dövlət qurumlarında rəqəmsallaşma səviyyəsi üzrə illik diaqnostika aparılacaq, biznes subyektləri üçün isə könüllü diaqnostika sistemi tətbiq olunacaq. Diaqnostika prosesinin yekununda hər bir iştirakçı üçün rəqəmsal yetkinlik səviyyəsi müəyyən ediləcək, inkişaf tədbirləri planı hazırlanacaq.
Qiymətləndirmə nəticələrinə əsasən dövlət qurumları “İlkin”, “İdarə olunan”, “Müəyyən edilmiş” və “Optimallaşdırılan” səviyyələrinə, biznes subyektləri isə “Rəqəmsal həvəskar”, “Rəqəmsal təşəbbüskar”, “Rəqəmsal tətbiqçi” və “Rəqəmsal qalib” səviyyələrinə görə təsnif ediləcək.
Dövlət qurumlarının diaqnostika nəticələri Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə həm dövlət, həm də özəl sektorda rəqəmsallaşmanın sürətləndirilməsi üçün metodiki və əməli dəstək göstərəcək.
Qaydaların qəbul edilməsi rəqəmsal transformasiyanın ölçülə bilən göstəricilər əsasında idarə olunmasını təmin edir və resursların səmərəli bölgüsü baxımından ölkənin rəqəmsal gələcəyinə doğru atılmış önəmli addım hesab olunur.
AZƏRTAC