Azərbaycanda Yaşayan Ahıska Türkləri Yazarlar Birliyi

Metyu Brayza: “Azərbaycanla sərhəddə təxribatlar Ermənistanın müharibədəki məğlubiyyəti qəbul etməməsi ilə bağlıdır”
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 9-cu Beynəlxalq görüşündə iştirak edib
Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclasları keçirilib

1944-cü il sürgünündən sonra folklor və yazılı ədəbiyyat Ahıska türklərinin milli varlığında mühüm rol oynayan amil kimi aktuallaşmış, Vətən, yurd, qürbət anlayışları Ahıska söz sənətinin əsas mövzusuna çevrilmişdir. Son dövrlərdə intensiv inkişaf  edən Ahıska türk ədəbiyyatının bir çox nümayəndələri Azərbaycanda yaşayıb fəaliyyət göstərir. Hazırda Türkiyəyə köçmüş və ya orada ali təhsil almış Ahıskalı elm, təhsil, mədəniyyət nümayəndələrinin bir çoxu da Azərbaycanda yetişmiş və ədəbi yaradıcılığa başlamışlar. Bütövlükdə, ahıskalların 1956-cı ildən Azərbaycana köçü onların milli varlığının, ana dilinin, etnik mədəniyyətinin qorunmasında böyük rol oynamışdır. Ahıska türkləri onların Osmanlı türkünün yerli mənimsəmələrlə zənginləşmiş Şimal-Şərq Anadolu şivəsinə aid olan və Azərbaycan türkcəsinə çox yaxın ana dilini qorunmasına, bu dildə təhsil almalarına və ədəbi yaradıcılıqla məşğul  olmalarına, bədii əsərlərlə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə imkan yaratmışdır.  

Ahıska türklərinin sürgün dövrü yazarları yaradıcılığa məhz vətən mövzusu, sürgün acısı, yurd sevgisi motivləri ilə gəlmişlər. Bu yazarların bir çoxu vətənpərvər mövzuların qələmə alınması ilə yanaşı, həm də xalqın milli mücadiləsində, yurda dönüş hərəkatında fəal iştirak etmiş, milli təşkilatların fəalları, bəzən liderləri olmuşlar. Ahıska türk yazarlarının Azərbaycanda təbii şəkildə, təşkilatlanmadan, həmfikir və qələm yoldaşları kimi birləşməsi, müəyyən müzakirələr keçirməsi artıq keçən əsrin 80-ci illərin axırları – 90-cı illərinin əvvəllərindən izlənib.

Tədricən ictimai tədbirlərdə yazarlar olaraq iştiraka başlamışlar. Geniş ictimaiyyət qarşısında kollektiv çıxışları isə ilk dəfə Ahıska Türkləri „VƏTƏN“ Cəmiyyətinin 1997-ci ilin 2  noyabrında Saatlı rayonunun Varxankənd kəndində Cəmiyyətin sədri Xalid Taştanov və müavini Bəkir Mamoyevun iştitakı ilə keçirilmiş toplantısında baş vermişdir. Növbəti görüş və şairlərin çıxışları isə, 15 noyabr 1997-ci il tarixində Ahıska türklərinin faciəvi sürgününün 53-cü ildönümü mərasiminin keçirildiyi Bakı şəhəri Müəllimləri Təkmilləşdirmə İnstitunun akt salonun toplantıdakı olmuşdur. Hər iki toplantıdakı çıxışları yaddaqalan olmuş və Ahıska türklərinin sürgün poeziyasının yüksək bədii səviyyədə olduğunu göstərmişdir. Sürgünə olunmuş Bakı toplantısında yazarlar adından Respublika Yazıçılar Birliyinin üzvü (1994-cü ildən) Şahismayıl Adıgünlü və Əməkdar Mədəniyyət Xadimi Cabir Xalid, el şairləri Həmdi Yitgün Qomorolu və Mehyar Küskün (Əhmədov) çıxış edərək vətənpərvər ruhlu yeni şeirlərini oxumuşlar, toplantı iştirakçılarının tərəfindən rəğbətlə qarşılanmışlar. Həmdinin çıxışı və oxuduğu İlahi iştirakçılara xüsusi təsir bağışlamışdır. Bu dövrlərdə Ahıska türklərinin mədəni-maarif fəaliyyətləri, özfəaliyyət qruplarının, folklor qruplarının işi də genişlənirdi.

Onilliklərlə davam edən qanunsuz və insanlığa zidd deportasiya dövründə Ahıska türklərinin təbii milli özünüqoruma hissi ilə milli ədəbiyyat, musiqi, mətbuat nümunələri yaranmış, el şairlərinin əsərləri dərc olunmuş, folklor, adətlər, mərasimlər, yaşam tərzi, ana dili, dini inanc və türk kimlik şüuru və vətən eşqi qorunmuşdur. Ahıskalıların sürgün həyatında özfəaliyyət qrupları, həvəskar musiqi və rəqs kollektivləri də böyük rol oynayır.

Bu baxımdan istedadlı müğənni Müdir Umarovun Özbəkistanda yaratdığı “Arzu” musiqi qrupunun; Saatlı rayon Şirinbek kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatından dərs demiş, 1985-ci ildən kənd Mədəniyyət Evinin rəhbəri işləmiş, milli mücadilənin liderlərindən olan ünlü şair, Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cabir Xalidin kənddə təşkil etdiyi, 1987-ci ildə II Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı olmuş “Yaylalar” türk-folklor ansamblının; 1980-ci illərin ortalarında istedadlı musiqiçi Faiq Məhəmməd oğlu Mamaxovun Saatlının Ahıska türklərinin kompakt yaşadığı kəndlərdə yaratdığı özfəaliyyət dərnəklərinin və nəhayət, 1989-cu ilin aprelində Faiq bəyin bədii rəhbərliyi və musiqiçi yoldaşlarının iştirakı ilə həmin dövrdə müəllim işlədiyim M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında və ilk mərhələdə burada oxuyan ahıskalı tələbələrimdən, bir qədər sonra isə Bakıdakı digər institutlardan və hətta kəndlərdən gələn ahıskalı tələbə və gənclərlə yaratdığımız “Ümid” mahnı və rəqs ansamblının; Saatlıda istedadlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış mədəniyyət işçisi, Saatlı rayon Şirinbəy Kənd Mədəniyyət Evinin bədii rəhbəri Həmdi Ayvazovun yaradıcısı və rəhbəri olduğu, respublika miqyaslı tədbirlərdə, televiziya kanallarında dəfələrlə çıxış etmiş, müxtəlif mükafatlara layiq görülmüş qızlardan ibarət “Karvan” rəqs qrupunun və onun rəhbərliyi ilə 2006-cı ildə Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşa şəhərində 23 Nisan Uşaq Bayramında uğurla Azərbaycanı təmsil etmiş uşaqlardan ibarət özfəaliyyət qrupunun; eləcə də Azərbaycanın müxtəlif bölgələrində, Ahıska türklərinin kompakt yaşadığı digər ölkələrdə yaradılmış müxtəlif özfəaliyyət kollektivlərinin və nəhayət Ahıska türklərinin sürgün dövründə milli əzm və iradə ilə Özbəkistanda təxminən 20 il əvvəl yaratdıqları peşəkar teatr və həm də kino studiyası olan “Miko – Şou” teatrının fəaliyyətini xüsusi qeyd etmək istərdik.

Elə bu dövrlərdə də Azərbaycanda Ahıska yazarları təşkilatlanmağa başladılar və öncə Azərbaycanın Saatlı rayonunda Cabir Xalidov başda olmaqla Həmdi Yitgün Qomorolu (Ayvazov), Mirzə Misliyev, Güləhməd Şahin, Abamüslim Arifov kimi ziyalılardan ibarət təşəbbüs qrupu, 2001-ci ildə isə Azərbaycanda Yaşayan Ahiska Türkləri Yazarlar Birliyini yaratdılar. Birliyin fəalları İlim Səfili (Şahzadayev) Şahismayıl Adıgünlü (Dursunov), Müzeyfə Qoca Adıgünlü (Poladov), Zeynul Yektay (Fəxriyev), Güləhməd Şahin (Qoçiyev), Təzəgül Cəvdətova, Cabir Xalid, Məhəmməd Paşaliyev, Həmdi Yitgün (Ayvazov), İlyas İdris, Mehyar Küskün (Əhmədov), Xeyransa Mirzəyeva, Şəmşir Şimşəkoğlu (Aytayev), Nurəddin Sasiyev, Sabircan Cəlilov, Əhməd İzzətgil (İzzətov) və başqalarından ibarət oldu.

Birliyin ilk sədri Azərbaycan Yazıçılar Birliyinin ilk Ahıskalı üzvü, şair və nasir Şahismayıl Adıgünlü seçilmiş, ziyalı Abamüslim Arifov isə Birliyin icraçı rəhbəri təyin edilmişdir. Abamüslim Arifov 2002-ci ildə Türkiyəyə köçdükdən sonra, Şahismayıl Adıgünlü də şəxsi istəyi ilə sədrlikdən istefa vermişdir. 2002-ci il 28 sentyabrda Birliyin geniş iclasında Saatlıda Şirinbek köyündə müəllim işləyən ziyalı Fəzli Səddi oğlu Əşrəfov yeni sədr seçilir.  2018-ci ildə Fəzli Əşrəfovun Türkiyəyə köçməsi ilə Birliyə şair, mədəniyyət işçisi və pedaqoq Həmdi Yitgün sədr seçilmiş və sonradan ünlü şair Cabir Xalid ömrünün sonuna kimi bu birliyə rəhbərlik etmişdir.

Hazırda Azərbaycanda və Türkiyədə yaşayan ahıskalı yazarların böyük əksəriyyəti Saatlı rayonunda yaradılmış Azərbaycanda yaşayan Ahiska Türkləri Yazarlar Birliyində birləşmişdir. Bu Birlik 2001-ci ildə Azərbaycanın Saatlı rayonunda Cabir Xalidov, Həmdi Yitgün Qomorolu (Eyvazov), Mirzə Misliyev, Güləhməd Şahin, Abamüslim Arifov kimi ziyalılardan ibarət təşəbbüs qrupu tərəfindən yaradılmışdır.

Birliyin birinci sədri Azərbaycan Yazıçılar Birliyinin ilk Ahıskalı üzvü, şair və nasir Şahismayıl Adıgünlü seçilmiş, ziyalı Abamüslim Arifov isə Birliyin icraçı rəhbəri təyin edilmişdir. Abamüslim Arifov 2002-ci ildə Türkiyəyə köçdükdən sonra, Şahismayıl Adıgünlü də şəxsi istəyi ilə sədrlikdən istefa vermişdir. 2002-ci il 28 sentyabrda Birliyin geniş iclasında Saatlıda Şirinbek köyündə müəllim işləyən ziyalı Fəzli Səddi oğlu Əşrəfov yeni sədr seçilir.  2018-ci ildə Fəzli Əşrəfovun Türkiyəyə köçməsi ilə Birliyə şair, mədəniyyət işçisi və pedaqoq Həmdi Yitgün sədr seçilir və hazırda da uğurla rəhbərlik etməkdədir.

  Qeyd edim ki, mənim təqdimatım, AYB sədrinin müavini rəhmətlik Arif Əmrahoğlunun və sonradan AYB sədrinin müavini Rəşad Məcidin dəstəyi, AYB sədri, görkəmli ziyalı, yazıçı Anarın xeyir-duası ilə bir neçə ahıskalı yazar AYB-nin üzvü seçilmişdir.

Yarandığı dövrdən ATYB müxtəlif istiqamətlərdə geniş fəaliyyət göstərmiş, Ahıska türkləri “Vətən” cəmiyyətinin fəaliyyətində yaxından iştirak etmişdir, Azərbaycan ədəbi mühiti, ictimai təşkilatları və ziyalıları ilə sıx əməkdaşlıq etmişdir. Ahiska Türkləri Yazarlar Birliyinin Respublika səviyyəsində aparılan fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: Ahıska türk şairlərinin, folklor bilicilərinin yubileylərinin təşkili; yazarların yeni əsərlərinin müzakirəsi və kitablarının təqdimatı; ağsaqqallarla, qaçqın və köçkünlərlə, ziyalılarla, ədiblərlə, məktəb şagirdləri və müəllimləri ilə, universitetlərin tələbələri və müəllimləri ilə görüşlər; Azərbaycanın Ahıska türkləri yaşayan rayonlarına səfərlər və sairə.

Birlik üzvlərinin el ağsaqqalları, folklor biliciləri Zanavlı Molla Əhməd Bayraqdarov, Qomorolu Şahmərdan Mehdioğlu, Xerolu Cəməsəddin Əhmədovla görüşləri, Azərbaycan Universitetində (2018-ci ildə) və Bakı Slavyan Universitetində (2015-ci ildə) universitet əməkdaşları və tələbələrlə keçirdikləri görüşlər, Müzeyfə Qoca Adıgünlünün yubiley tədbiri, Həmdi Yitgünün şeir kitabının təqdimatı xüsusilə yaddaqalan və dəyərli olmuşdur.

Keçən il Ahıskalı yazarların böyük bir qrupu Şamaxıya səfər etmiş, M.Ə.Sabirin, S.Ə.Şirvaninin məzarlarını ziyarət eləmiş, dualar oxumuş, əklillər qoymuşlar. Daha sonra Ahıskalı yazarlar bu dahi şairlər haqqında təəssüratlarını bölüşmüş, şeirlərini səsləndirmişlər,  yaradıcılıqları haqqında müzakirələr aparmışlar.

Birliyin əsas nailiyyəti öz ətrafında Ahıska yazarlarını və ədəbiyyatsevərləri bir araya gətirməsi,  Ahıska ədəbi prosesini canlandırmasıdır. Ahıska Türkləri Yazarlar Birliyi öz ətrafında Azərbaycanın müxtəlif bölgələrində yaşayan Cabir Xalid, Şahismayıl Adıgünlü, Nurəddin Sasıyev, Fəzli Əşrəfov, Həmdi Yitgün Qomorolu (Eyvazov), Güləhməd Şahin, Mirzə Misliyev, Şahismayıl Adıgünlü, Zeynul Yektay, Müzeyfə Qoca Adigünlü (Poladov), Şəmşi Şimşəkoğlu, Mirzə Misliyev, İlim Şahzadayev (Səfil), Təzəgül Cövdətqızı (Cavadova), İlyas Xəlil, Mehyar Küskün (Əhmədoğlu), Xeyransa Mirzəyeva, Müsəddin, Sabircan Cəlilov, Əhməd İzzətgil, Məhəmməd Paşaliyev, Adəm Ahıskalı kimi bir çox şair, nasir, ədəbiyyatçı və ziyalıları toplamışdır.

Bu yazarlardan Cabir Xalid, Şahismayıl Adıgünlü, Həmdi Eyvazov, Təzəgül Cövdətqızı, Nurəddin Sasıyev, Şəmşi Şimşəkoğlu, Sabircan Cəlilov, Adəm Ahıskalı həm də Azərbaycan Yazıçılar İttifaqının üzvləridir.

Ahıska Türkləri Yazarlar Birliyinin fəallarından Cabir Xalid, Nurədin Sasıyev, Şahismayıl Adıgünlü, Zeynul Yektay, Həmdi Yitgün, Təzəgül Cavadova (Cövdətqızı), Güləhməd Şahin, Şəmşi Şimşəkoğlu və başqalarının Azərbaycanda və Türkiyədə kitabları nəşr olunmuşdur. Bu kitabların bir çoxunun nəşr edilməsində Birliyin yaradıcılarından və fəal üzvlərindən olan fədakar ziyalı, folklor və ədəbiyyat bilicisi, Vətən mücahidi Mirzə Misliyevin cəfakeş əməyini xüsusi qeyd etməliyik.

Ahıska Türklərinin Yazarlar Birliyində toplanmış bütün bu şair və nasirlər, ziyalılar soydaşlarının istək və duyğularını, milli ideallarını ifadə edir, xalqın milli kimlik şüurunda, mədəniyyətində mühüm rol oynayırlar. Onların yaradıcılığı poetik xüsusiyyətlərinə görə də zəngindir və ənənəvi bədii formalarla yanaşı, roman, hekayə, povest, memuar, publisistika, sərbəst şeir kimi yeni janrları, romantik, realist, modernist üslubları, Ahıska şivəsinin çağdaş özəlliklərini əhatə edir.

Ahıskalı yazarların dünyada yeganə ədəbi birliyi olan Azərbycnda Yaşayan Ahıska Türkləri Yazarlar Birliyinin fəaliyyətinin, bu Birlik üzvlərinin orijinal yaradıcılığının gələcəkdə geniş tədqiq ediləcəyinə, bu barədə məqalə, tez, kitablar yazılacağına ümid edirik.

Keçən il Saatlı rayonunda Fəzli Əşrəfoğlu, Asif Hacılı, Həmdi Yitgün Qomorolu, Rafiq İzzətoğlunun iştirakı ilə Birliyin müzakirələri keçirilmiş, Fəzli Əşrəfoğlu Türkiyə üzrə, Həmdi Yitgün Azərbaycan üzrə sədr seçilmiş, jurnalist Sahib Rzayev və şair Rafiq İzzətoğlu yeni üzvlər seçilmişdir. Asif Hacılı Birliyin genişləndidilərək müxtəlif ölkələr üzrə bölmələrdən ibarət  Dünya Ahıska Türkləri Yazarlar Birliyi yaradılmasını təklif etmişdir və bu Birlik yaradılmış, hazırda da fəaliyyət göstərməkdədir.

 Ahıskalı yazarların dünyada yeganə ədəbi birliyi olan Azərbaycanda Yaşayan Ahıska Türkləri Yazarlar Birliyinin fəaliyyətinin, bu Birlik üzvlərinin orijinal ədəbi yaradıcılığının gələcəkdə geniş tədqiq ediləcəyinə, bu barədə məqalə, tez, kitablar yazılacağına inam yaradır.

ASİF HACILI,
Filologiya elmləri doktoru, professor