Bakıda Azərbaycan ədəbi dilinin normalarının mediada düzgün tətbiqi müzakirə olunub – YENİLƏNİB

Elxan Süleymanovdan seçicilərinə və uşaqlara Yeni il hədiyyəsi
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Şuşada əyləncəli bayram tədbiri keçirilib

Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirilib.

“Report” xəbər verir ki, məqsəd media mühitində Azərbaycan dilinin ədəbi normalara uyğun, səlis və düzgün istifadəsini təşviq etmək, dil mədəniyyətini inkişaf etdirmək və mediada nitq standartlarının yüksəldilməsinə töhfə vermək olub.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov konfransın ideyasının noyabrın 3-də Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyanın Rəyasət Heyətinin üzvləri ilə görüşündə səsləndirdiyi çox aktual və önəmli bir mövzu ilə bağlı olduğunu qeyd edərək medianın ədəbi dilin qorunmasında strateji rol oynadığını vurğulayıb.

Azərbaycan dilinin informasiya məkanında təbliği və inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdıran Kamran Həsənov bildirib ki, efir məkanında, çap mediası və rəqəmsal media platformalarında ədəbi dil normalarına əməl olunması milli-mədəni dəyərlərin qorunması və dilin saflığının təmin edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində birinci panel sessiya “Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzusuna həsr olunub. Nitq mədəniyyəti, media nümayəndələrinin peşəkar məsuliyyəti, efir etikasının tələbləri barədə müzakirələr aparılıb.

Diqqətə çatdırılıb ki, audiovizual media məkanında dil keyfiyyəti yalnız media peşəkarlığının göstəricisi deyil, eyni zamanda cəmiyyətin mədəni səviyyəsini və intellektual potensialını formalaşdıran əsas amillərdəndir. Bildirilib ki, efirdə ədəbi dil normalarına riayət olunması və düzgün tələffüz dilin saflığının qorunmasına, həmçinin gənc nəsildə sağlam ünsiyyət mədəniyyətinin təşəkkülünə mühüm təsir göstərir.

Konfransın ikinci panel sessiyası “Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlər və həll yolları” mövzusunda təşkil olunub.

Müzakirələr zamanı vurğulanıb ki, qloballaşma, rəqəmsal kommunikasiya, sosial media trendləri və sürətlə dəyişən informasiya mühiti fonunda Azərbaycan dilinin ədəbi normalarının qorunması strateji əhəmiyyət daşıyır. Bu səbəbdən media nümayəndələrinin müvafiq istiqamətdə məsuliyyətinin artırılması, metodoloji yanaşmaların təkmilləşdirilməsi, dil monitorinq mexanizmlərinin genişləndirilməsi, təlim və maarifləndirmə təşəbbüslərinin gücləndirilməsi olduqca vacibdir.

Report