Azərbaycanda dəmiryolu və avtomobil yollarının tunelləri üçün layihələndirmə normaları təsdiq edilib

Prezident İlham Əliyev DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak edib
Prezident və birinci xanım ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Ürəkləri fəth edən səs

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Dəmiryolu və avtomobil yollarının tunelləri. Layihələndirmə normaları”nı təsdiqləyib.

“Report” xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, normalar rels izi 1 520 mm olan ümumi şəbəkə dəmir yollarında və bütün dərəcəli ümumi istifadədə olan avtomobil yollarında yeni tikilən və yenidən qurulan tunellərin layihələndirilməsinə və tikintisinə şamil olunur. Ancaq, bu normalar dəmir yolunun yüksək sürətli (200 km/saatdan artıq) sərnişin daşımaları xətləri, eləcə də sürətli avtomagistrallar (hesablama hərəkət sürəti 150 km/saatdan artıq) üzərində inşa olunan tunellərə və şəhər nəqliyyatı tunellərinə şamil olunmur.

Tunellərin tektonik qırılma zonalarında, sürüşmə sahələrində, intensiv su yığılması olan yerlərdə, karst təhlükəli ərazilərdə, tunelin portallarının (girişlərinin) və portalətrafı sahələrinin isə qar uçqunlarının, sel axınlarının və daşqopmaların mümkün olduğu yerlərdə yerləşdirilməsinə yol verilməməlidir.

Qəbul olunan texniki həllər, konstruksiya və materiallar tunel geyimlərinin istismar müddətinin 100 ildən az olmamasını təmin etməlidir. Daimi qurğuların inşaat konstruksiyalarının təmirlərarası müddəti azı 50 il təşkil etməlidir.

Tunellərin kameraları və divar oyuqları olmalıdır. Kameralar tunelin hər iki tərəfində 300 m-dən artıq olmamaqla şahmat qaydasında yerləşdirilərək qurulmalıdır. Tunelin uzunluğu 300 m-dən 500 m-dək olduqda tunelin ortasında bir kameranın olması, uzunluq 500 m-dən 700 m-dək olduqda isə – iki tərəfdə aralarında, həmçinin onlarla portallar arasında bərabər məsafə olan iki kameranın olması zəruridir.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə və Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Report