Qərbi azərbaycanlı Əkbər ağa İbrahim oğlu Şeyxülislamov

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Bəyanat: Aİ-nin ATƏT-dəki nümayəndəliyi sərhədlərin toxunulmazlığından danışsa da, Dağlıq Qarabağla bağlı prinsipial mövqe nümayiş etdirmir
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak ediblər

Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış xadimlərindən olan Əkbər ağa İbrahim oğlu Şeyxülislamov 1891-ci ildə İrəvan şəhərində anadan olub. Orta təhsilini İrəvandakı Gimnaziyada aldıqdan sonra Ə. Şeyxülislamov Peterburqa gedib, orada Yol Mühəndisliyi İnstitutuna daxil olub. 1917-ci ildə Rusiyada baş verən Fevral-burjua inqilabından sonra yaranmış siyasi vəziyyətlə əlaqədar Ə.Şeyxülislamov təhsilini başa vurmasına baxmayaraq, diplomunu almadan Vətənə qayıtmışdır.

1918-ci ilin əvvəllərindən onun siyasi fəallıq dövrü başlayır. Ə. Şeyxülislamov həmin ilin fevralında Tiflisdə yaradılan Zaqafqaziya Seyminin üzvü olmuşdur. O fevralın 28-də Seym tərəfindən təsdiq olunmuş Müsəlman franksiyasının tərkibindəki “Hümmət” (menşevik) Partiyasına daxil idi. (11). Ə. Şeyxülislamov Zaqafqaziya Seymi tərəfindən Osmanlı Türkiyəsi ilə danışıqlar aparmaq üçün 1918-ci ilin martın 1-də yaradılmış Nümayəndə Heyətinin tərkibinə daxil idi və o, Zaqafqaziya Hökumətində Daxili işlər Nazirinin müavini vəzifəsini icranazirinin müavini vəzifəsini icra edirdi.

1918-ci ilin mayın 28-də Azərbaycan istiqlalı elan edildi və bəyannaməyə imza atanlardan biri də Əkbər ağa Şeyxülislamov oldu.

1918-ci ilin mayın 28-də, istiqlal elanından sonra Milli Şura F.X.Xoyskiyə Azərbaycan Xalq Cümhuriyyətinin Birinci Müvəqqəti Hökumətini təşkil etməyi tapşırır. F.X.Xoyskinin yaratdığı hökümətdə Əkinçilik və Əmək Naziri vəzifəsi Ə. Şeyxülislamova tapşırılır. (12, s. 20).

1918-ci ilin mayın 29-da isə Tiflisdə keçmiş Qafqaz Canişini Sarayında H.Ağayevin sədrliyi ilə Milli Şuranın ikinci iclası keçirilir. İclasda İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəştə gedilməsi müzakirə olunur. Milli Şura üzvü F.X.Xoyski Ermənistanla Azərbaycan arasında sərhəd məsələləri barədə şura üzvlərinin Ermənistan Milli Şura üzvləri ilə keçirdikləri görüş və burada ermənilərin özlərinin siyasi mərkəzlərini yaratmaq üçün Aleksandropolun Türk ordusu tərəfindən tutulmasına görə İrəvanın Ermənistana güzəştə gedilməsinin qaçılmaz olduğunu bildirir.

Bu məsələnin müzakirəsində X.Xasməmmədov, M.Y.Cəfərov və M.Məhərrəmovla yanaşı

Ə. Şeyxülislamov da çıxış edib. İrəvanın Ermənistana güzəştə gedilməsinin tarixi zərurət və bizdən ötrü acı bir həqiqət olduğunu bildirmişdilər. İrəvan məsələsi ərsə qoyulduqda 28 nəfər şura üzvündən 16-sı bu təklifin lehinə səs vermişdi (12, s. 20).

Həmin iclasda ermənilərə konfederasiya yaratmaq məsələsi də müzakirə edilərək səsə qoyulduqdan sonra qəbul olub.

Ə. Şeyxülislamovun Azərbaycan Xalq Cümhuriyyəti dövründə ən mühüm fəaliyyəti də parlamentdəki fəaliyyətini 1919-cu ilin yanvarın 9-na qədər davam etdirmiş, sonra Azərbaycan

Nümayəndə Heyətinin tərkibində Fransaya getmişdir.

1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamenti fəaliyyətə başladı.Parlamentdə təmsil olunanlardan biri Əkbər ağa  Şeyxülislamov idi. O, Parlamentdə sosialist fraksiyasının tərkibinə daxil idi.

Azərbaycan Parlamentinin açılış mərasimi 7 dekabrda gündüz saat 13:25 dəqiqədə oldu.

Parlamentin açılış mərasimində ilk olaraq M.Ə.Rəsulzadə çıxış etdi. Ş.Rüstəmbəyli tərəfindən Ə.M.Topçubaşovun parlamentin sədri, H.Ağayevin sədr müavini olması təklifi irəli sürüldü və təklif qəbul olundu. H.Ağayevin qısa çıxışından sonra söz Nazirlər Şurasının Sədri F.X.Xoyskiyə verildi. F.X.Xoyskinin geniş məruzəsindən sonra M.Ə.Rəsulzadə yeni hökumətin təşkilinə qədər mövcud hökumətin fəaliyyətini davam etdirməsini təklif edir və bu təklif qəbul olunur. H.Ağayevin təklifi üç komissiya – “Etimadnamə” , “Tərtibat və ləvazimat” , “Nizamnamə” komissiyalarının yaradılması razılaşdırılır.

“İttihad” Partiyasının təklifi əsasında formalaşan komissiyalarda Əkbər ağa Şeyxülislamov Nizamnamə komissiyasına üzv seçilir. O, bu münasibətlə çıxış edərək deyir: “Hümmət” firqəsi “İttihad” ın arzu etdiyi təklif qəbul və təbrik edir. Bu məsələni fraksiyada qaldırmaq isdəyirdi. Fəqət bu günkü iclasda müzakirə edilməyəcəyini nəzərə alaraq qaldırmadı. Bu məsələni firqələrin bəyannaməsində oxunmasına təsir etdik… Hər halda əfvi-ümumi və “İttihad”a təşəkkür edirik (1, v. 7 ).

1918-ci ilin dekabrın 10-da parlamentin ikinci iclası keçirilir. İclas Həsən bəy Ağayevin sədrliyi və Rəhim bəy Vəkilovun katibliyi ilə açılır. M.Ə.Rəsulzadə “Türk Ədəmi Mərkəziyyət – Müsavat” Partiyası adından bəyannaməni oxuyur. M.Ə.Rəsulzadədən sonra “Sosialistlər İttifaqı” adından Aslan bəy Səfikürdski çıxış edir.

Söz “Hümmət” fraksiyası təmsilçisi Əkbər ağa Şeyxülislamova verilir. O, çıxışında deyir: “Möhtərəm parlament əzası! Bu gün möhtərəm və səmimi revolyusionerlər üçün böyük gündür. Bu asılan bayraq o inqilabın atəşidir. Biz sosialistlər məramnaməmizin üçüncü maddəsində ümum millətlərin azadəliyi və qardaşlığını yazmış və şüarı bayrağımızda qaldırıb yürütmüşük və yürüdürük. Mən üzümü o, şəxslərə tuturam ki, bizi beynəlmiləlçilikdə mütəhhim və millətə zidd hesab edirlər. Beynəlmiləlçilik ümumi bəşəriyyətin azadə yaşaması və işləməsi deməkdir. (alqışlar). Biz deyiriz ki, millətin yaşaması mədəni və iqtisadi tərəqqi ilə ola bilər. Müsəlman qövmlərini o yerə yetirməliyik ki, başqaları da müsəlmanların varlığı və onun hüququnun olduğunu anlasınlar. İnqilab genişlənir. İnqilab atəşində ruh veriləcək. Və bunun bizə köməkliyi var. Hüququmuzu əlimizdən almaq və bayrağımızı yatırmaq, istənilən müharibə meydanında birinci cərgədə biz sosialistləri görəcəksiniz (alqışlar). Bizim iki düşmənimiz var: biri xarici, biri də daxili.

Xarici düşmən o qədər də qorxulu deyildir. Daxili isə xarici düşməndən daha qüvvətlidir. Bunlar Tomsonun yanına qaranlıq bucaqlardan keçib. Azərbaycanı yıxmaq, milli müqəddəratımızı əlimizdən almaq istəyirdilər. (sürəkli alqışlar). Biz sosialistlər Azərbaycan Cümhuriyyəti yolunda addımları bir daha geri götürməyəcəyiz (alqışlar). Biz demişik ki, idarələrin fəhlə və kəndçilər sinfi iştirakı ilə təşkil edilən millətlər yaşayacaqdı. Camaat hökumətin işindən heç bir zaman kənar və bixəbər qalmamalıdır. İndi hamı millətlər bizim əsasları qəbul etmişlərdir. Almaniya imperatorluğu da yıxılıb dekoratik şəklə düşmüşdür. Və eşitdiyimiz Vilson prinsipləri, Vilsonun deyil, bütün dünya sosialistlərinin prinsipləridir (alqışlar). İnsan bu cərgəyə daxil olmaq üçün bir sinfə malik olmalıdır. İndi bizə nəsil, sənət lazımdır ki, insanlar cərgəsinə daxil olaq. Cümhuriyyət inama daxil olmaq üçün bu yolla çalışdıq, şəxsi mənfəətlərindən ötəri bizləri millətə düşmən edənlər Milli Komitəni dağıtdılar. Onların səhvi məsum olduş Çox təəsüf olsun ki, erməni qoşunlarımız parlamentimizdə iştirak etmirlər. Biz yenə ruhumuzu sındırmamalıyız. Çünki bir millət ruh sağlamlığı sayəsində yaşar. Ən əvvəl əmələ və fəhlələrin hüququ həll olunmalıdır. Bu barədə sağda oturan fiqrəni təbrik edəcəyiz ki, vəzifəmizi yüngülləşdirdiər. Ümidvaram ki, daha sağdan gələnlər təzə proqramları ilə vəzifəmizi daha daha yüngülləşdirəcəklər (soldan alqış). Fəqət bu proqramlar kağız üzərində həyata keçirilməlidir. Biz fəhlələrin hüququnu müdafiə edirik. Zira iqtisadi cəhətdən qüvvətli olan bir millət yaşaya bilər. Millətpərəstlər milətindən ötəri çalışırlar. Böylə isə əmələ və kəndlilərə hamıdan çox kömək verməlidirlər.

Məndən irəli nitq söyləyən arkadaşım unutdu desin ki, bütün millət azad olmalıdır. Millətimizin yarısını təşkil edən qadınlar qul sifətindədirlər. Biz onlara insan sifətində baxmalıyız (sürəkli alqışlar). Millətin yarısı işləyib, yarısı işləməsə, o millət çolaqdır. Üzərinə heç bir xeyir yetirə bilməz. Bu gün qadınlarımız gələcək övladlarımıza tərbiy verməkdədirlər. Əgər onlar azadə olmasalar, dövlət və vətənimizi müdafiə edən azad fikirli övlad dəxi yetirə bilməz, özləri qulvə əsir insanlar yaradırlar (alqışlar).

Torpaq və fəhlə məsələsi burada həll olunmayacaqdır. Biz ancaq seymdə həll olunan müəyyən məsələləri icraya qoymalıyız.Fəhlə məsələsində müştərək müqavilə payidar olmalıdır. Mövcud ali imarətlər tikib, rahatlanmağımıza bais olan fəhlələrə köməklik edib, tezliklə onları aclıqdan qurtarmalıyız. Biz ümumi seçki əsası ilə bu tezliklə Məclisi-Müəsisan çağırılmasını tələb edəcəyik. Özgə millətlər ilə əlaqəyə gəldikdə deyə bilərım ki, “qardaşlıq ilə bir-birini anlamaq” sözləri yazılmış olan beynəlmiləl bayrağı altında gedənlərin məqsədi, rəyi məlumdur. Biz bu yolda durub və məqsədimizə nail olacağımıza da ümidvarız.

Bir neçə söz də sosializm haqqında söyləməliyəm. Deyirlər sosialistlər dövlətliləri və mülkədarları qırmağa (öldürməyə) dəvət edirlər. Mən bu mənbəri-alidən deyirəm ki, bizlər bəylər və dövlətlilər ilə mübarizə etmirik. Torpaqlardan və ziraətdən mənfəətbərdar olmaq üçün mülkədarlıq və heyvandarlıq əsası ilə mübarizə etmişik. Biz tökülmüş mülkədar qanlarının axıdılmasına nifrət və etiraz edirik.

Qadınlar məsələsinə bir şeyi untmuş idim. Gərək elə qanun verilsin ki,o qanun üzrə hər bir kişinin bir nəfərdən artıq arvad almağa ixtiyarı olmasın (gülüş, alqış).

Gələcək hökumətdən tələbimiz bunlardır:

1.Hökumətə daxil olanlar Azərbaycanın istiqlalını müdafiə etməlidir.

2.Hökumət zor ilə deyil, qanun ilə iş görməlidir.

3.Bu hökumət Məclisi-Müəssisan qarşısında məsul olmalıdır.

4.Hökumət əcnəbi siyasi ilə əlaqədar olmamalıdır.

Bu barədə indiki hökumətdən biz narazıyıq ki, indiyə qədər Avropa ilə münasibət peyda etməmişdir.

İstiqlalımıza inanmayanlar hər firqədən olsalar da, hökumətimizə daxil olmamalıdır.

Yaşasın Azərbaycan Cümhuriyyəti, Gürcüstan, Ermənistan cümhuriyyətləri, Şimali Qafqasiya cümhuriyyətləri və millətlərin qardaşlığı!.. (alqışlar) (2, v. 12-21)”.

1918-ci ilin dekabrın 15-də Azərbaycan Parlamentinin üçüncü iclası keçirilir. Müzakirə edilən əsas məsələlərdən biri “Tərtibat və ləvazimat” komissiyası tərəfindən hazırlanmış məruzədir. Məruzəni həmin komissiyanın sədri A.Kazımzadə edir. A.Kazımzadə parlamentin birillik büdcəsinin üzvlərə təqdim edildiyini süyləyir. O, qeyd edir ki, smeta xərclərində parlamentin dəfdərxana müdirinə ayda 2500, şöbə müdirinə 2000, sədr katibinə 2000, tərcüməçiliyə 1400, xidmətçi və telefonçuya 550 rubl verilməsi nəzərdə tutulub. Bundan əlavə, o, qeyd edir ki, parlament üzvlərinin maaşı üçün dörd milyon altı yüz əlli altı min rubl maaş, yüz min rubl ezamiyyət və sessiyalarda iştiraka görə  yol xərcləri üçün də on iki min rubl, parlament sədrinə otuz min, sədrin iki müavininə otuz altı min rubl ayrılmalıdır.

Müzakirədə iştirak edən Ə.Şeyxülislamov təqdim olunan bu məqama etiraz edərək deyir: “Həmin məvacib məsələsi müzakirə olunduğu zaman hansı əsaslar nəzərə alındığını bilmirəm, hökumət 550 rublə məvacib təyin edibsə də, yenə də azdır. Belə bir zamanda, belə bir az məvacib ilə dolanmaq olmaz. Hərgah ərzaq işlərində bir qanun olsa idi, bəlkə də dolanmaq imkanı var idi. Lakin elə bir qanunsuz halda yaşayırıq ki, möhtəkirlər geniş bir sürətdə müamilədə (istifadə və borc olaraq verilən pul, faiz) olurlar. Zəhmətkeşlər əziyyət çəkib müşkülat içərisində yaşayırlar. Əmələ və xadimlərin mənfəətini nəzərə alıb, onların yarım insanca dolanması üçün hər halda məvaciblərini artırmalıyıq. Təkrar edirəm ki, ərzaq qanunu yoxdur. Xidmətçilərin məvacibini  680 rublədək əskik olmamaq şərtilə təyin edilməsini təklif edirəm. Onun üçün bu qanuna ya bu saat bu gün burada baxılsın, ya komissiya özü dübarə bu məsələni müzakirə etsin” (4, s. 88).

Qeyd edək ki, bu məsələnin müzakirəsində M.Ə.Rəsulzadə  ilə Ə.Şeyxülislamov arasında fikir müxtəlifliyi yaranmışdı.

1918-ci ilin dekabrın 20-də parlamentin dördüncü fövqaladə iclası keçirilir. İclasın açılışında çıxış edən H.Ağayev bildirir ki, parlamentin fövqaladə iclas keçirməsinə səbəb iki başlıca hadisədir: birincisi, gürcü-erməni millətləri arasında qeyri-rəsmi müharibənin aparılması və ermənilərin Gəncə qəzasında, Ağdamda, Şuşada, Cəbrayıl, və Zəngilanda vəhşiliklər törətməsidir.

Bu məsələlərin geniş müzakirəsində ilk çıxış Nazirlər Şurasının sədri F.X.Xoyski edir. F.X.Xoyskidən sonra Ə.Cövdət (Pepinov), M.Mahmudov, sonra Ə. Şeyxülislamov məsələlərə münasibət bildirir. O, deyir: “Möhtərəm Məclis üzvləri! Bizim sosialistlər mənə bir ağır vəzifə vermişlər. Bu vəzifə bir millətin təqsirləndirilib, o birini müdafiə etmək deyil, borcum deməkdir ki, həqiqəti ayaqlayırlar. Qafqaziya millətləri Rusiya inqilabından sonra öz muxtariyyətlərini əllərinə aldıqda bir yerə toplanıb, öz müqədəratlarını qüvvətli bir əsas üzərində tikib gözəl surətdə qurmalı idilər. Fəqət, bu olmadı. Qafqaziya millətləri içində milli şovinizm baş qaldırır. Yenə də qanlar çay kimi axıdıldı. Biz sosialistlər bu qiyamətləri qoparana qarşı öz etirazımızı buradan bəyan edirik. Əgər bunların qabağı alınmaz isə Qafqaziya qitəsi Balkan yarımadası kimi qan dəryasına dönə bilər” (3, v. 38-48).

 Ə.Şeyxülislamov baş vermiş hadisələrin öz-özündən, yaxud təsadüfən olmadığı, bu hərəkətin hazırlanmış bir layihə daşnaklar tərəfindən hazırlanıb və indi icra edilməkdədir. Ə.Şeyxülislamov
Azərbaycan torpaqlarının onların proqramı ilə Ermənistana verilməsinin qəbuledilməzliyini, qan tökülmədən, sülh yolu ilə hüdud məsələsinin həllini vacib sayıb.

Ə.Şeyxülislamov qeyd edib ki, Azərbaycan Hökuməti çalışıb, orayasəfir göndərməklə yanaşı, buraya da onların bir diplomatik elçisinin getməsi təmin olunmalıdır. O, çıxışında vurğulayırdı: “Biz sosialistlər müharibəyə zidd olduğumuz ilə bərabər, rəsmi bir müharibəyə şükr etməliyik.

Çünki, orada dinc əhalinin hüququnu mühafizə edici qanun vardır. Burada isə müharibə deyil, qoca, qarı, uşaq qırılır. Dinc əhalinin xanimanları dağılıb, özləri çöllərə buraxılır. Bizim Parlamana qəti təklifimiz budur ki, hökumət ermənilər ilə əlaqəsini aşkar edib, sülh üzrə bu məsələni həll edib qurtarsın” (3, v. 38-48).

Parlamentin 1919-ci ilin dekabrın 26-da keçirilən beşinci iclasında isə Ə.Şeyxülislamov namizədliyi sosial-demokrat fəhlə firqəsi “Hümmət” raksiyasında Maliyyə və Məclisi-Müəssisan hazırlığı komissiylarında irəli sürülür və qəbul olunur.

Azərbaycan Parlamentinin 1919-cu ilin yanvarın 8-də keçirilən toplantısında isə 4-cü məsələ olaraq İrəvan quberniyası müsəlmanlarının vəziyyəti haqqında ərizə-müraciət oxunur. Həmin sənəd belə adlanır: “Azərbaycan Parlamenti rəisinin hüzuruna. İrəvan quberniyası müsəlmanların  nümayəndəliyindən ərizə”. Bu sənəd 1919-cu ilin yanvarın 4-də hazırlanıb və aşağıdakı şəxslər tərəfindən imzalanıb: parlament üzvü Teymur bəy Makinski, Parlament üzvü Məhərrəmov, parlament üzvü Əkbər ağa Şeyxüilslamov, Rəşid bəy İsmayılov, Ə.Makinski, Yusif Tahirov, A.Sultanov, Paşa bəy.

 Ə.Şeyxüilslamovun da imzaladığı bu sənəddə 1917-ci ilin dekabrında 1918-ci ilin iyununa qədər olan dövrdə İrəvan quberniyası dairəsində erməni silahlılarının iki yüzdən çox müsəlman kəndlərini dağıtması, əhalinin isə dağlara qaçıb məhv olması göstərilir. Qeyd olunur ki, erməni silahlıları Sürməli qəzasını, İrəvan, Şərur və Eçmiədzin qəzalarının müsəlmanlar ilə məskun mahalını işğal edib Naxçıvan tərəfə hücum edirlər. Bu Hücumlarda yerli müsəlman əhalini məhv edir, kəndlərindən çıxarıb İrana getməyə məcbur edirlər. Erməni silahlıları müsəlmanlardan təmizlədikləri bölgələrə Osmanlı Ermənistanından erməniləri köçürürlər.

Sənədin sonunda bu məsələnin Sülh konfransında həlli vacibliyi xüsusi qeyd edilir.

Bu ərizə müraciət oxunduqdan sonra rus icmasının nümayəndəsi Vinoqradov çıxış edir və yaranmış vəziyyətdən narahatlığını bildirir. O, deyir: “Hər dövlətin xətti-hüdudunu təyin etmək ixtiyarına malik olan konfransıdır.

Nəsiman Yaqublu

tarix elmləri doktoru, professor
QƏRBİ AZƏRBAYCANLILAR: UNUDULMUŞ İRS