Berlində Zəfər Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib

Gürcüstan Prezidenti Dağlıq Qarabağ separatçılarının Abxaziya və Cənubi Osetiyaya səfərlərinə etirazını bildirib
Prezident İlham Əliyev Bakı neft emalı zavodunda bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılışında iştirak edib
AVCİYA yeni layihənin icrasına başlayır-Ahıska türkləri Azərbaycanda

Azərbaycanın Almaniyadakı səfirliyi Vətən müharibəsində şanlı Zəfərin 5-ci ildönümü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Sülh və birgəyaşayış” adlı tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə 400-dək qonaq, o cümlədən Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, hərbi attaşelər, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra 8 Noyabr – Zəfər Gününə və Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan filmlər nümayiş etdirilib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, Azərbaycan tarixinin və mədəniyyətinin iki mühüm hadisəsinin qeyd olunduğunu bildirib.

Vətən müharibəsində Azərbaycan xalqının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sarsılmaz həmrəylik və qətiyyət nümayiş etdirdiyini deyən səfir bu çətin dövrdə dost dövlətlərin, xüsusilə qardaş Türkiyənin fəal siyasi və mənəvi dəstəyini xüsusi vurğulayıb. Diplomat bir neçə gün əvvəl Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçinin şəhid olmasının xalqımız tərəfindən dərin hüznlə qarşılandığını qeyd edib.

Səfir Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində nailiyyətlərin əldə olunduğunu diqqətə çatdıraraq, bölgəmizin sabitlik və əməkdaşlıq dövrünə qədəm qoyduğunu deyib. Bu baxımdan Azərbaycanın Ermənistana göndərilən mallara tətbiq olunan tranzit məhdudiyyətlərini ləğv etməsinin, Rusiya və Qazaxıstandan tonlarla buğdanın Azərbaycan ərazisindən Ermənistana çatdırılmasının sülhün praktik təzahürü və qarşılıqlı etimadın inkişaf edə biləcəyinin bariz göstəricisi olduğu bildirilib. “Sülh yalnız hər iki ölkəyə fayda vermir, həm də dünyaya güclü mesaj göndərərək ən çətin münaqişələrin belə dialoq, cəsarət və kompromis yolu ilə həll oluna biləcəyini sübut edir”, – deyə Nəsimi Ağayev bildirib.

Çıxışında Üzeyir Hacıbəylinin 140 illik yubileyinin Azərbaycanda və ölkəmizdən kənarda silsilə tədbirlərlə qeyd olunduğunu vurğulayan səfir diqqətə çatdırıb ki, Üzeyir Hacıbəyli bütün müsəlman dünyasında ilk operanın yaradıcısıdır. Diplomat Üzeyir Hacıbəylinin doğma şəhəri Şuşanın öz azadlığına qovuşmasının bu gün dərin rəmzi məna daşıdığını qeyd edib. Bildirib ki, 8 Noyabr xalqımızın cəsarətini, qəhrəmanlığını və sarsılmaz qətiyyətini, Üzeyir Hacıbəylinin adı isə musiqinin qəlbləri fəth edən və xalqları birləşdirən ecazkar gücünü ifadə edir.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxışında Zəfər Gününün Azərbaycan xalqının tarixində suverenliyin və ərazi bütövlüyünün bərpası günü, eləcə də milli birliyin rəmzi kimi xüsusi yer tutduğunu vurğulayıb. Professor milli bəstəkarlıq məktəbinin formalaşması və inkişafında, eləcə də Azərbaycan musiqişünaslarının fəaliyyətində Üzeyir Hacıbəylinin yaradıcılığının müstəsna rol oynadığını qeyd edib.

Çıxışlardan sonra konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə Əməkdar artistlər Ramil Qasımov və İnarə Babayeva, tarzən Səxavət Məmmədov Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun və klassik Avropa bəstəkarlarının əsərlərini ifa ediblər. Musiqiçilərimizi tanınmış Berlin Filarmonik Kamera Orkestri müşayiət edib. Maraqlı konsert proqramı Müslüm Maqomayevin “Azərbaycan” mahnısının ifası ilə başa çatıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin