
Gürcüstan və Azərbaycan arasında kənd təsərrüfatında əməkdaşlığı gücləndirmək üçün işçi qrupu yaradılacaq.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Davit Sonqulaşvili və Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə razılığa gəliblər.
Görüşdə tərəflər ölkələr arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarını, o cümlədən ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. D. Sonqulaşvili vurğulayıb ki, Azərbaycanın Baş naziri Əli Əsədovun Tbilisi İpək Yolu Forumunda iştirakı və kənd təsərrüfatı nazirinin Gürcüstana səfəri iki ölkə arasında yüksək səviyyəli siyasi münasibətləri bir daha təsdiqləyir.
Görüşdə Gürcüstanın aqrar sektorun inkişafına dəstək verən dövlət proqramları təqdim olunub, kənd təsərrüfatı məhsulları və ərzaq ticarətinin təşviqi məqsədilə imzalanmış memorandumun əhəmiyyəti vurğulanıb. Nazir xüsusilə ixrac potensialı olan Gürcüstan məhsullarına diqqət çəkib.
Həmçinin tərəflər qida təhlükəsizliyi, baytarlıq, fitosanitariya, elmi tədqiqatlar və sahəvi təhsil proqramları sahələrində əməkdaşlığın vacibliyini müzakirə ediblər. Görüşdə, sektorlararası əməkdaşlığın səmərəliliyini artırmaq üçün işçi qruplar formatında fəaliyyət göstərilməsi qərara alınıb.
Nazir Məcnun Məmmədov bildirib ki, iki nazirlik arasında birgə işçi qrupunun yaradılması barədə razılığa gəlinib: “Bu işçi qrupu iki ölkə arasında, xüsusən də kənd təsərrüfatı və qida sektorunda əməkdaşlığı gücləndirəcək. Görüş zamanı kənd təsərrüfatı ticarətinin genişləndirilməsi əsas müzakirə mövzularından biri olub”.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin birinci müavini Nino Tandilaşvili, nazir müavinləri Laşa Dolidze, Laşa Avaliani və nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Report