Qərbi Azərbaycan İcmasının 2026-cı il hədəfləri müzakirə ediləcək

MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
Astanada “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edilib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Dekabrın 20-də Qərbi Azərbaycan İcmasının növbəti iclası olacaq.

Bu barədə İcmanın mətbuat katibi, Qərbi Azərbaycan Televiziyasının əməkdaşı Lamiyə Rövşənqızı Modern.az-a məlumat verib.

Yığıncaqda icmanın 2026-cı ilə aid planlarının müzakirəsi gözlənilir.  

L.Rövşənqızı qeyd edib ki, təşkilat Ermənistan ərazisindəki qədim tikililərin təbliği işində nəşrləri davam etdirəcək: “Bu istiqamətdə nəşr edilmiş “Qərbi Azərbaycan irsi” kitabı indiki Ermənistanda yaşamış Qərbi Azərbaycanlıların dağıdılmış məzarlıqlarının monitorinqini əks etdirir. 

Kitab fərqli üslublarla əldə edilib. Nəşr süni peyk vasitəsi ilə müşahidələrin nəticəsində ərsəyə gəlib. Məsafədən tədqiqat hər bir kənd üzərində aparılıb. Avropa ərazisindən aparılan peyk müşahidəsi sübut edir ki, yüzlərlə azərbaycanlı qəbiristanlığı məhv edilib, üzərində yanacaqdoldurma məntəqəsi tikilməsi, yol çəkilməsi faktları sübuta yetirilib”.

Tədqiqat zamanı 1890-1991-ci illərdə Rusiya imperiyası və daha sonra Sovet İttifaqının Baş Qərargahı tərəfindən tərtib və nəşr edilən, uzun müddət məxfilik statusunda saxlanılan müxtəlif ölçülü 250-dən çox topoqrafik xəritədən, ötən əsrə və müasir dövrə aid Amerika Birləşmiş Ştatlarının kəşfiyyat peyklərinin təsvirlərindən, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycan arxivlərində saxlanılan sənədlərdən, Almaniya, ABŞ, Rusiya kitabxanalarındakı mənbələrdən, foto-video materiallardan, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların xatirələrindən istifadə edilib.

Kitabın birinci cildi Prezident Kitabxanasının fonduna daxil edilib:

“Qərbi Azərbaycan İcmasının fəaliyyətində siyasi yük yoxdur. Bu, mənəvi gerçəkliyimizdir. Mədəni irsimizin əlçatan olması, torpaqlarımızla təmasda ola bilməyimiz beynəlxalq hüquqa əsaslanan haqqımızdır. Ermənistan hökuməti “Qərbi Azərbaycan” ifadəsindən qorxmamalıdır. Hər bir dövlət ərazisindəki istənilən tarixi izi qorumağa borcludur”.

Qeyd edək ki, Qərbi Azərbaycan İcması 1989-cu il dekabrın 28-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” adı ilə təsis edilən, 14.02.1992-ci il tarixdə həmin adla dövlət qeydiyyatına alınan, 05.09.2014-cü ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi” adı ilə təkrar dövlət qeydiyyatına götürülən təşkilatın hüquqi varisidir. 2022-ci il avqustun 3-də İctimai Birliyin Ümumi yığıncağında təşkilatın adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib.

İcma 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1987-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur.

Modern.az