“Xocalı Yaddaşı” kitabı işıq üzü görüb

AŞPA məruzəçisi Azərbaycanın cəbhəyanı rayonlarına səfər edəcək
Azərbaycanın Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikası atəş mövqelərinə çıxarılıb
Erməni silahlı bölmələri yanvarda atəşkəsi 3808 dəfə pozub

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “1905.az” saytının “Xocalı Yaddaşı” kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, saytın “1905.az kitabı” seriyasından olan ikinci kitab Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilib və üç bölümdən ibarətdir. Kitab AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanovun ön sözü ilə açılır. Birinci bölümdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, bu bölgəyə ermənilərin köçürülməsinin tarixi, onların azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları ilə bağlı materiallar verilib. Bu bölüm Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin çıxışlarından müvafiq iqtibaslarla müşayiət olunur.

Xocalı soyqırımından bəhs edən ikinci bölümə Xocalı soyqırımı, bu qətliam zamanı itkin düşənlərin, əsir və girov götürülənlərin siyahısı, onlarla bağlı ətraflı məlumat verilib, faciə zamanı müstəsna igidlik göstərən Azərbaycanın Milli qəhrəmanları, qətliamı törədən erməni qruplaşmaları ilə bağlı materiallar daxil edilib. Materiallar xarici medianın Xocalı soyqırımı ilə bağlı yazıları, faciə zamanı əsir düşənlərin dedikləri, eləcə də ermənilərin baş verənlərə münasibətləri ilə müşayiət olunur.

Üçüncü bölümdə Rusiyanın “Memorial” İnsan Hüquqları Mərkəzinin, “Human Rights Watch” təşkilatının Xocalı hadisələri ilə bağlı hesabatı, Xocalı soyqırımına dair rəsmi sənədlər, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bir sıra çıxış və müraciətləri, hadisənin soyqırımı kimi dəyərləndirilməsi, Heydər Əliyev Fondunun Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində gördüyü işlər, “Xocalıya ədalət!” kampaniyası haqqında məlumatlar verilib.

“Xocalı Yaddaşı” kitabının ideya müəllifi və naşiri Elxan Süleymanov, elmi məsləhətçiləri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İlyas Babayev, siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev, iqtisad elmlər doktoru Vurğun Süleymanov, yaradıcı heyətin rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar Jurnalist Fuad Babayevdir.