Ermənistan Azərbaycana qarşı sudan ekoloji silah kimi istifadə edir

Əfqan Nifti: “Ermənistan tərəfinin qəsdən və niyyətli olaraq ərazilərin yaşanılmaz hala gətirilməsi gördük”
“Sərsəng humanitar faciəsinin qarşısının alınması” layihəsi üzrə ictimai hesabatın Bərdə rayonunda təqdimatı
Hikmət Hacıyev: Ermənilərin bu əməlləri Xocalı soyqırımından başlayan və hazırda davam edən müharibə cinayətlərinin tərkib hissəsidir

Dekabrın 10-da Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA), İnsan Hüquqları XXI əsr – Azərbaycan Fondu və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun təşkilatçılığı ilə bir qrup jurnalist və Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Sərsəng su anbarının işğalından ən çox əziyyət çəkən Tərtər rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, Tərtər şəhərindəki Gənclər Mərkəzində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Sərsəng su anbarının Ermənistanın işğalı altında olmasının rayona vurduğu ziyandan danışıb. Bildirib ki, rayonun ərazisi 50 kilometrə yaxın məsafədə cəbhə xəttində yerləşir. Aqrar rayon olan Tərtərin əkin sahələrinin suvarılması müharibədən əvvəl əsasən Sərsəng su anbarı vasitəsilə həyata keçirilirdi. İndi isə rayon əhalisi su anbarından yararlana bilmir. Erməni işğalçıları qışda suyu Sərsəng su anbarından buraxır, nəticədə torpaqlar su altında qalır. Əhalinin və kənd təsərrüfatının suya ehtiyac duyduğu yay mövsümündə isə suyun qarşısını kəsirlər. Nəticədə əkinlərin və həyətyanı sahələrin suvarılmasında problemlər yaranır, kənd təsərrüfatı məhsulları istehsalında məhsuldarlıq aşağı düşür, meşə massivləri quruyur, torpaqlar keyfiyyətini itirir, flora və fauna məhv olur, rayon iqtisadiyyatına xeyli zərər dəyir.

AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov və layihənin əlaqələndiricisi Samir İsayev çıxışlarında Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihə, su anbarının işğalının insan hüquqlarına təsirindən bəhs ediblər. Qeyd olunub ki, bu gün Ermənistan Azərbaycana qarşı sudan ekoloji silah kimi istifadə edir.

Bildirilib ki, Sərsəng su anbarının işğal olunması nəticəsində Dağlıq Qarabağ və ona bitişik ətraf rayonlar ekoloji təhlükə qarşısında qalıblar. 1976-cı ildə inşa edilən Sərsəng su anbarının Ermənistanın işğalı altında olduğu 20 ildən artıq müddətdə texniki qurğuları və avadanlıqları baxımsızlıqla üzləşib, onlara xidmət göstərilməməsi səbəbindən qəza vəziyyətinə düşüb. Odur ki, su anbarının təbii fəlakət və sair səbəblər üzündən dağılma ehtimalı böyükdür. Baş verə biləcək qəza işğal olunmuş ərazilərlə yanaşı, qonşu rayonlarda da ekoloji fəlakətə səbəb ola bilər. Bu isə insanların həyatına, səhhətinə, əmlakına zərər vurulmasına və başqa hüquqlarının pozulmasına, habelə regionda olan digər canlıların məhvinə gətirib çıxara bilər.

Rayon sakinləri Sərsəng su anbarının işğal altında qalması səbəbindən qarşılaşdıqları problemlərdən söz açaraq, beynəlxalq ictimaiyyətdən haqq səslərinin eşidilməsini tələb ediblər.

Tədbirdə xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

Tərtər çayı üzərindəki körpü üzərinə gələn iştirakçılara Sərsəng su anbarının işğalının Tərtər rayonunun su təchizatına təsiri barədə məlumat verilib.

Daha sonra rayonun Evoğlu və İsmayılbəyli kəndlərinə gələn qonaqlar sakinlərlə söhbət edib, susuzluqdan əziyyət çəkən torpaqlara baxıblar.