Amerikalı həmsədrin Sərsəng su anbarı ilə bağlı təklifi işğalçı Ermənistanın maraqlarına xidmət edir

Azərbaycan dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana təzyiq göstərməyə çağırır
Dağlıq Qarabağa qanunsuz turist səfərinin qarşısı alınıb
Şuşanın işğaldan azad edilməsində beynəlxalq hüququn roluna dair müzakirələr aparılmışdır

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin son günlər səsləndirdiyi fikirlər ictimaiyyət tərəfindən birmənalı qarşılanmamışdır. Amerikalı həmsədrin fikirlərinə münasibətini açıqlayan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanov AZƏRTAC-a bildirmişdir ki, Ceyms Uorlik ATƏT-in Minsk qrupunda ABŞ-dan olan həmsədr təyin edildiyi gündən sosial şəbəkədə özünün “fantastik” və eyni zamanda “original ideyaları” ilə bölüşməklə fərqlənir.

Bu günlərdə Ceyms Uorlik Minsk qrupunun digər həmsədrləri ilə birlikdə regiona səfər etdi. Həmsədrlər Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində oldular, işğalçı dövlətin formalaşdırdığı separatçı rejimin “rəhbəri” ilə görüşdülər. Uorlik bu dəfə də öz həmkarlarından fərqlənməyə üstünlük verdi və sosial şəbəkədə özünün növbəti “ideyası”nı paylaşdı. O, öz səhifəsində Sərsəng su anbarının fotosunu yerləşdirərək yazdı: “Bu, Sərsəng su anbarıdır. Tərəflər su resurslarından birgə istifadə etməyi bacarsaydılar, bu, müsbət addım olardı”. Beləliklə, amerikalı həmsədrin fikirləri tam aydındır – o, işğalçı tərəfi və işğala məruz qalmış Azərbaycanı Sərsəng su anbarından birgə istifadə etməyə çağırır.

Bir daha xatırlatmaq istərdim ki, ölkəmizin Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu daxil olmaqla 20 faiz ərazisi 25 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal edilib. İşğal edilmiş ərazilərdə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bir sıra obyektlər qalıb. Bunlardan biri də Sərsəng su anbarıdır.

Sərsəng su anbarının işğal altında olması səbəbindən texniki qurğular baxımsızlıqla üzləşib və onlara xidmət göstərilməməsi səbəbindən hazırda qəza vəziyyətinə düşüb. Odur ki, bu su anbarının təbii fəlakət, texniki və əvvəlcədən düşünülmüş təxribat xarakterli səbəblər üzündən dağılma ehtimalı böyükdür. Qeyd edilmiş səbəblər nəticəsində Sərsəng su anbarı hazırda Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilib. Belə ki, hər an təxribat, texnogen və ya təbii fəlakət üzündən baş verə biləcək qəza nəticəsində ekoloji böhranla yanaşı, cəbhəyanı rayonlarda yaşayan 400 min mülki əhalinin kütləvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalı artmaqdadır.

Bundan əlavə, işğalçı tərəf suyu Sərsəng su anbarından qışda buraxır və bunun nəticəsində torpaqlar su altında qalır, yollar dağılır, sel baş verir. İnsanların və kənd təsərrüfatının suya çox böyük ehtiyac olduğu yay mövsümündə isə, əksinə, suyun qarşısını kəsir. Bunun nəticəsində cəbhəyanı rayonların kənd təsərrüfatına ciddi ziyan vurulmuş, əkin sahələrinin suvarılmasında problemlər yaranmış, yaşıllıqlar quruyaraq məhv olmuş, torpağın bioloji strukturunda dönməz proseslər baş vermiş, bölgədə ciddi ekoloji gərginlik yaranmış, biomüxtəliflik ciddi təhlükə ilə üzləşmişdir.

Odur ki, AVCİYA 2013-cü ilin may ayından Sərsəng su anbarı ilə bağlı genişmiqyaslı layihə həyata keçirməyə başlamışdır. Sərsəng su anbarının təhlükə mənbəyinə çevrilməsinin və işğalçı tərəfin bu su anbarından təhdid kimi istifadə etməsinin müxtəlif beynəlxalq təşkilatlarda gündəmə gəlməsi istiqamətində ciddi səylər göstərilmişdir. Nəhayət, AŞPA-nın Sosial Məsələlər Komitəsində Sərsəng su anbarı üzrə məruzəçi təyin edildi.

Belə bir vacib ərəfədə Minsk qrupunun amerikalı həmsədrinin Sərsəng su anbarının birgə istifadə edilməsi barədə fikirləri təsadüfi hesab edilə bilərmi? Hesab edirəm ki, Uorlikin bu fikirləri konkret məqsədlərə xidmət edir və məqsədyönlü şəkildə Sərsəng su anbarı üzrə məruzəçinin araşdırmalarına təsir etmək məqsədi daşıyır. Uorlik məruzəçiyə və AŞPA üzvlərinə bununla mesaj ötürür ki, bu, Amerikanın mövqeyidir, özünüzü yığışdırın. Belə ki, Uorlik diplomat kimi dəqiq bilməlidir ki, beynəlxalq hüququn imperativ prinsiplərinə əsasən heç bir halda digər dövlətin ərazisinin silahlı işğalı qanuni hesab edilə bilməz və işğalçı tərəfin işğal etmiş olduğu ərazilərdəki istənilən fəaliyyəti qeyri-qanunidir. Bu, o deməkdir ki, Ermənistanın və onun formalaşdırdığı separatçı rejimin işğal altında olan Azərbaycan ərazilərində istənilən fəaliyyətinin qeyri-legitim olmasını amerikalı həmsədr bilməmiş deyildir. Bəs onda Uorlikin beynəlxalq hüququn əsas prinsiplərinə zidd olan təkliflə çıxış etməsinin səbəbi nədir?

Maraqlıdır ki, Sərsəng su anbarı ilə bağlı məsələ beynəlxalq müstəvidə müzakirə mövzusuna çevriləndə 2013-cü ilin avqust ayında separatçı rejimin qondarma “baş nazirinin müavini” Artur Aqabekyan eyni təkliflə çıxış etmişdi. Amerikalı həmsədrin və separatçı rejimin “rəsmi”sinin təkliflərinin tamamilə üst-üstə düşməsi təsadüfidir, yoxsa bir mənbədən qaynaqlanır? Hesab edirəm ki, belə üst-üstə düşmək təsadüfi ola bilməz və burada məqsəd, necə deyərlər, bir güllə ilə iki dovşan vurmaqdan, yəni, ikili məqsədə nail olunmasından gedir – Azərbaycanın əməkdaşlıqda maraqlı olmaması iddiasını əsas gətirərək Ermənistanı müdafiə etmək və beynəlxalq sanksiyalardan sığortalamaq.

Əlbəttə, Uorlik və ermənilərin digər havadarları gözəl başa düşürlər ki, işğala son qoyulmayanadək Azərbaycan işğalçı dövlətlə, həmçinin onun formalaşdırdığı separatçı rejimlə heç bir əməkdaşlıq etməyəcəkdir. Belə olan halda düşmən tərəfin və onu müdafiə edən mərkəzlərin işğalın aradan qaldırılması istiqamətində Ermənistanın guya konstruktiv əməkdaşlığa hazır olması barədə fikirlər səsləndirməsi üçün imkan yaranacaqdır. Bununla da onlar dünya ictimaiyyətinə nümayiş etməyə çalışacaqlar ki, Ermənistan əməkdaşlıq etməyə hazırdır, ermənilər sülhsevərdir, lakin Azərbaycan əməkdaşlıq etmir, bölgədə sülhün bərqərar olmasını istəmir. Beləliklə, amerikalı həmsədr Ceyms Uorlikin təklifi, bir tərəfdən, Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq və onun guya qeyri-konstruktiv bir dövlət olması barədə dünya ictimaiyyətində fikir formalaşdırmaq məqsədi güdür, digər tərəfdən isə, beynəlxalq təşkilatlara işğalçı Ermənistanın toxunulmazlıq çətiri altında olması və ona qarşı sanksiyaların tətbiq edilməsinin məqsədəuyğun olmaması barədə mesaj xarakteri daşıyır. Odur ki, bu təklif təsadüfi sayıla bilməz. O, birbaşa Azərbaycana qarşı yönəlib və Ermənistanın işğalçı siyasətinə dəstəkdir.