Dünya ictimaiyyəti Sərsəng su anbarının harayına biganə qalmamalıdır

Rusiya nəşri: Xocalı hadisələrinin təşkilatçıları indiyədək yüksək vəzifə tuturlar
Elxan Süleymanov: “ATƏT-in Minsk qrupunun irəliləyiş əldə etməməsi Ermənistanın maraqlarına xidmət edir”
Prezident İlham Əliyev Sumqayıtda qaçqın və məcburi köçkün ailələri üçün yeni yaşayış binaları kompleksinin açılışında iştirak edib

Yüzilliklərdən ötüb gəlmiş aşağıdakı el bayatısı sanki Sərsəng su anbarının bu günü üçün səslənmişdir. Hazırda baş verə biləcək böyük bir faciə ilə üz-üzə qalmış, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə möhtac Sərsəng su anbarının.

Haray, ellilər, haray,

Atı yellilər, haray!

Dəhnəni su aparır,

Əli bellilər, haray!

Sərsəng su anbarı 1965-1976-cı illərdə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Ağdərə rayonunun ərazisində, Tərtər çayının üzərində, dəniz səviyyəsindən 726 metr hündürlükdə inşa edilmişdir. Bu su anbarı hündürlüyü 125 metr olan bənddən, həcmi 560 milyon kubmetr, sukeçirmə qabiliyyəti saniyədə 900 kubmetr olan hidrotexniki qurğudan ibarətdir. Anbarda gücü 50 min kilovat olan su elektrik stansiyası da mövcuddur.

Bütövlükdə respublikamızın 150 min hektar əkin sahəsinin suvarılması üçün nəzərdə tutulmuş bu su anbarı bir vaxtlar Azərbaycan SSR-in iqtisadi inkişafında, xalqın rifahının yaxşılaşmasında böyük rol oynamışdır. Su anbarı respublikanın 7 rayonunun (Ağdam, Ağdərə, Ağcabədi, Bərdə, Tərtər, Yevlax, Goranboy) 100 min hektardan çox əkin sahəsini suvarma suyu ilə təmin edirdi. Məhz bu anbarın istismarından sonra həm dağlıq, həm də aran Qarabağın kənd təsərrüfatı (pambıqçılıq, taxılçılıq, tütünçülük, baramaçılıq, üzümçülük, heyvandarlıq) və sənayenin bir çox sahəsi (çit istehsalı, ipəkçilik, ət və süd məhsulları, şərabçılıq) sürətlə inkişaf etmişdi.

Təəssüf ki, respublikamız üçün böyük həyati əhəmiyyətə malik olan bu əvəzsiz su anbarı 1992-ci ildən erməni işğalçılarının nəzarəti altındadır və suya möhtac min hektarlarla əkin sahələri onun imkanlarından bəhrələnə bilmir.

Erməni qəsbkarlarının xalqımıza vurduqları maddi və mənəvi zərərlərdən çox deyilmiş, çox yazılmışdır. Torpaqlarımızın işğalından 20 ildən çox ötməsinə baxmayaraq bu zərər həm iqtisadi, həm də ekoloji baxımdan hələ də artmaqda davam edir.

Qeyd etdiyimiz kimi, işğaldan əvvəl Sərsəng su anbarından çəkilən kanallar vasitəsilə suvarılan Aran Qarabağın 6 rayonunu əhatə edən məhsuldar torpaqlar 20 ildən artıqdır ki, su anbarının imkanlarından məhrum edilmişdir. Minlərlə azərbaycanlı ailəsinin işığını söndürmüş erməni işğalçıları bəndin üzərindəki su elektrik stansiyasının elektrik enerjisindən bol-bol istifadə etsələr də, mənfur niyyətlərindən əl çəkmirlər. Hər gün düşmənin mövqelərindən atəşkəsin pozulduğu cəbhəyanı kəndlərdə əhali məhz qarşı tərəfin törətdiyi bir çox problemlərlə üz-üzə qalmışdır. Ermənilər torpaqlarımıza və cəbhəyanı rayonların əhalisinə daha artıq zərər vurmaq üçün anbarın suyunu payızın sonu və qış aylarında buraxır, nəticədə torpaqlar su altında qalır, yollar dağılır, kənd təsərrüfatına böyük ziyan dəyir. Suya ehtiyac olan yaz-yay aylarında isə bəndin qarşısı kəsilir. Nəticədə əkin sahələri quruyur, yaşıllıqlar məhv olur, torpağın bioloji strukturu mənfiyə doğru dəyişir. Tarixən münbit və məhsuldar olan torpaqlar yararsızlaşır. Həmçinin əhalinin və torpağın daha artıq zərər çəkməsi üçün su ilə partlayıcı sursatlar, məişət tullantıları, zəhərli maddələr də axıdılır. Sənaye müəssisələrinin çirkab sularının təmizlənmədən Tərtər çayına axıdılması nəticəsində Sərsəng su anbarından gələn suyun tərkibində biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır. Bu da əhalidə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Quraqlıq və çirklənmiş suların axıdılması nəticəsində ərazinin flora və faunasına ciddi ziyan dəyir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanandan bu günədək erməni işğalçıları xalqımıza və ərazimizə qarşı terrorun hər növündən istifadə etmişlər. Təbiətimizə vurulan zərərləri isə haqlı olaraq ekoloji terror adlandırmaq olar. Bütün bunlar Sərsəng su anbarı ilə bağlı real təhlükənin yalnız görünən tərəfləridir.

Təəssüf ki, 560 milyon kubmetr su tutumu olan bu həyat mənbəyi 6 rayonun 400 mindən çox mülki əhali üçün əsl təhlükə mənbəyidir və bu təhlükə zaman keçdikcə daha da çoxalmaqdadır. Ermənistanın işğalı altında qalan su anbarı 20 ildən artıqdır ki, baxımsızlıq və xidmət göstərilməməsi səbəbindən qəza vəziyyətinə düşmüşdür. Məhz erməni xislətinə xas olan təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza bölgədə yaşayan mülki əhalinin kütləvi məhvinə, humanitar fəlakətə, ekoloji və bioloji böhrana səbəb ola bilər.

Təkcə su anbarının yerləşdiyi coğrafi ərazini (dəniz səviyyəsindən 726 metr hündürlükdə) nəzərə alsaq, anbardan aşağıda yerləşən ərazilərin, o cümlədən yaşayış məntəqələrinin aqibətini təsəvvür etmək olar. Əgər fəlakət baş verərsə, təkcə Tərtər rayonunun 20 kəndi tamamilə, 7 kənd, 1 qəsəbəsi isə qismən məhv ola bilər. Son illərdə dövlətimiz tərəfindən yuxarıda adıçəkilən rayonların ərazisində qaçqın və məcburi köçkünlər üçün qəsəbə və şəhərciklər salınmışdır. Əgər fəlakət baş verərsə, artıq bir dəfə yurd-yuvalarını itirmiş bu insanların aqibəti necə olacaqdır?

Təəssüf ki, torpaqlarımızın işğalından uzun müddət keçməsinə baxmayaraq, Sərsəng su anbarının törətdiyi fəsadlar və onun hazırkı durumu diqqətdən kənarda qalmış, bu məsələ beynəlxalq təşkilatlarda gündəmə gətirilməmişdir. Lakin bu istiqamətdə artıq həyəcan təbili çalınmışdır. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) problemə dünya və yerli ictimaiyyətin, beynəlxalq qurumların diqqətinin cəlb edilməsinə yönəlmiş “Sərsəng – humanitar faciənin qarşısının alınması” adlı layihənin icrasına başlamışdır. Layihə çərçivəsində həm ölkə, həm də xarici kütləvi informasiya vasitələrində Sərsəng su anbarı və onun humanitar təhlükəsi barədə müxtəlif dillərdə məlumatlar dərc edilmiş, beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurası, Avropa Parlamenti və Avronest Parlament Assambleyasına qətnamə layihələri təqdim olunmuşdur.

İnanırıq ki, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Sərsəng harayına biganə qalmayacaq, insanlığa qarşı yaranmış təhlükənin qarşısı vaxtında alınacaqdır. Dövlətimizin apardığı məqsədyönlü siyasət nəticəsində haqq-ədalət zəfər çalacaq, Ermənistanın işğalı altında olan bütün torpaqlarımız azad ediləcək, başqa sərvətlərimiz və dəyərlərimiz kimi, Sərsəng su anbarı da öz qanuni sahiblərinə – Azərbaycan xalqına qaytarılacaqdır.