Bakıda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbiri keçirilir

Şamaxıda “Azərbaycanlılara qarşı erməni vandalizmi: 1918-ci il Şamaxı soyqırımı” mövzusunda konfrans keçirilib
Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsinə yardım məqsədilə Ağ evin saytında petisiya açılıb
AVCİYA yeni layihəyə start verdi

Sentyabrın 23-də Bakıda, “Gülüstan” sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş ikigünlük Beynəlxalq bayram tədbiri işə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq tədbirin açılış mərasimində iştirak etmişdir.

Tədbir iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söylədi.

Sonra Azərbaycan haqqında film nümayiş etdirildi.

Filmin nümayişindən sonra AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan SÜLEYMANOV çıxış edərək Prezident İlham Əliyevin bu tədbirdə iştirakının dövlətin ictimai sektora verdiyi dəstəyin nümunəsi olduğunu vurğuladı.

Tədbirin əhəmiyyətindən danışan E.Süleymanov dedi ki, şanlı tarixə malik Azərbaycan Respublikası öz müstəqilliyini 20 il bundan əvvəl bərpa etmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 17 il bundan əvvəl imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın rifah halının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoymuşdur.

Azərbaycanın 20 ildə əldə etdiyi uğurlar sırasında üçüncü sektorun da böyük rolunun olduğunu qeyd edən deputat vətəndaş cəmiyyətinin inkişafına, QHT-lərə göstərdiyi qayğı və diqqətə görə Prezident İlham Əliyevə təşəkkür etdi.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra bu günə qədər keçdiyi inkişaf yolundan danışan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli HƏSƏNOV çıxış edərək ölkəmiz haqqında qonaqlara ətraflı məlumat verdi. Şöbə müdiri bildirdi ki, Azərbaycanı çoxları zəngin neft və qaz yataqlarına malik keçmiş sovet respublikalarından biri kimi tanıyır. Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşən, əlverişli nəqliyyat və digər kommunikasiya imkanlarına malik ölkə kimi də tanınır. Ölkəmizin qeyd edilən üstünlüklərindən savayı çoxlu digər nailiyyətləri də vardır. Məsələn, Şərqdə ilk opera məhz Azərbaycanda yaranmışdır.

Azərbaycanın bütün müsəlman dünyasında ilk demokratik respublikanın qurulduğu bir ölkə kimi də tarixə düşdüyünü qeyd edən Ə.Həsənov vurğulamışdır ki, bir sıra siyasi azadlıqların tətbiqində Azərbaycan nəinki Şərqdə, hətta dünyada ilkin dövlətlərdən biri olmuşdur. Məsələn, qadınlara seçki hüququnun verilməsi məsələsində Azərbaycan ABŞ və bir sıra Avropa ölkələrini qabaqlamışdır.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını qeyd edən Ə.Həsənov dedi ki, cari ilin yanvarında ölkəmiz ilə Avropa İttifaqı arasında “Cənub” qaz dəhlizi haqqında Birgə Bəyannamənin imzalanması “Nabukko”, Türkiyə-Yunanıstan-İtaliya, Transadriatik kimi layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır.

Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən ən qısa nəqliyyat marşrutlarının kəsişməsində əlverişli geostrateji mövqedə yerləşdiyini qeyd edən şöbə müdiri bildirdi ki, nəqliyyat sektorunun inkişafının ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb etdiyini dərindən dərk edən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakıda 9 ölkənin dövlət başçısının, 13 beynəlxalq təşkilat və 32 ölkənin nümayəndə heyətinin iştirakı ilə Böyük İpək Yolunun bərpasına həsr olunmuş Beynəlxalq konfrans keçirilmiş, Avropa İttifaqının TRASEKA Proqramı çərçivəsində “Avropa–Qafqaz–Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə Əsas Çoxtərəfli Saziş” imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdir. TRASEKA Proqramı və Böyük İpək Yolunun bərpa edilməsi XXI əsrin ən böyük proqramlardan biridir.

Azərbaycanın bu gün alternativ nəqliyyat, kommunikasiya məkanı kimi tanındığını qeyd edən Ə.Həsənov vurğuladı ki, ölkəmiz həm də zəngin enerji mənbəyidir. Azərbaycan Xəzər dənizində zəngin neft yataqlarına malikdir. Xəzərdə kəşf edilən neft-qaz yataqları Avropanı 100 il enerji ilə təmin etməyə qadirdir. Azərbaycan 1994-1998-ci illərdə beynəlxalq məkana alternativ enerji mənbəyi kimi daxil oldu və bu gün respublikamızın enerji resurslarından bütün dünya ölkələri faydalanır.

Azərbaycanın, həmçinin bir sıra beynəlxalq təşkilatların üzvü olduğunu və onlarla səmərəli əməkdaşlıq etdiyini deyən şöbə müdiri bildirdi ki, respublikamız Cənubi Qafqazda bitərəf təhlükəsizlik mövqeyinə malikdir. Azərbaycan 20 ildə bir dövlət olaraq formalaşıb və tolerant əhalisi olan, demokratik, sivil, mədəni və dünyəvi dəyərlərlə yaşayan bir ölkədir.

Coğrafi mövqeyinə və sürətli inkişafına görə Azərbaycanın Cənubi Qafqazın ən qabaqcıl dövləti olduğunu vurğulayan Ə.Həsənov dedi ki, respublikamız region ölkələri arasında ən zəngin təbii resurslara malikdir. Azərbaycan Cənubi Qafqazda özünün enerji tələbatını tam ödəyən yeganə dövlətdir.

Ölkə əhalisinin təxminən 65 faizinin əmək qabiliyyətli olduğunu qeyd edən şöbə müdiri bildirdi ki, 65 yaşdan yuxarı olanların sayı cəmi 8 faizdir. Əhalinin sayı isə 9 milyon 165 min nəfərdir. Bu da Cənubi Qafqaz əhalisinin 70-75 faizini təşkil edir.

Azərbaycanın vətəndaş cəmiyyətinə əsaslanan siyasət yürütdüyünü vurğulayan Ə.Həsənov dedi ki, ölkəmizdə dövlət qeydiyyatından keçmiş 3600-dən çox QHT vardır. Azərbaycan dövləti QHT-lərə tərəfdaş kimi baxır.

Şöbə müdiri qeyd etdi ki, ölkədə 4500-dək mətbu orqan, 50-dən artıq informasiya agentliyi qeydiyyatdan keçmişdir. Onların fəaliyyəti üçün Avropa standartlarına cavab verən qanunvericilik bazası yaradılmışdır. Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, burada mətbuat və informasiya nazirliyi yoxdur. Ölkədə 40-dək gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr olunur, 80-dək elmi-praktiki, ictimai-siyasi, sosial-iqtisadi məsələləri, uşaq və qadın problemlərini işıqlandıran və əyləncə xarakterli jurnal çıxır, 20-dək informasiya agentliyi ölkədə və dünyada baş verən hadisələrlə bağlı müntəzəm və çeşidli məlumat yayır. 1998-ci ildən sonra Azərbaycanda yeni özəl televiziya və radio kanalları açılmış, son illər kabel televiziyasının miqyası genişlənmişdir. Hazırda Azərbaycanda 9 ümumrespublika, 1 peyk, 14 regional və 14 kabel televiziyası, 14 radio fəaliyyət göstərir.

Ölkəmizin sosial-iqtisadi sahəsindəki nailiyyətlərindən danışan Ə.Həsənov vurğuladı ki, Azərbaycanın maliyyə imkanları davamlı inkişaf tempi ilə artmaqdadır. Respublikamız dünyanın arzuolunan və etibarlı tərəfdaş imicini daim inkişaf etdirən ölkədir.

Azərbaycanın müstəqilliyini bərpa etdiyi vaxtdan ötən 20 il ərzində sivil və demokratik ölkəyə çevrildiyini deyən şöbə müdiri qeyd etdi ki, ölkəmiz bu istiqamətdə uğurla irəliləyir. Azərbaycan heç vaxt demokratik idarəçilik sistemindən imtina etməyəcəkdir.

Beynəlxalq bayram tədbirində iştirak edən xarici qonaqlar da toplantının əhəmiyyətindən danışmış, ölkəmiz haqqında təəssüratlarını bölüşmüşlər.

Estoniyanın sabiq Prezidenti Arnold Rütel, Türkiyənin Ədalət və İnkişaf partiyasının baş katibi, Türkiyə Böyük Millət Məclisinin deputatı Haluk İpək, Avropa Parlamentinin deputatı, müdafiə və təhlükəsizlik alt komitəsinin vitse-prezidenti xanım Norika Nikolai, “AECOM” şirkətinin rəhbəri Fred Verner, Fransanın nəqliyyat üzrə dövlət katibi Tierri Mariani, Hindistan parlamentinin deputatı Jesudas Seelam və başqaları respublikamızın dövlət müstəqilliyinin iyirminci ildönümü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik etdilər.

Natiqlər ölkəmizin müstəqillik illərində nail olduğu yüksək inkişafda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğuladılar.

Qonaqlar ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatları yüksək qiymətləndirdilər. Onlar Azərbaycanın yaxın bir neçə ildə dünyanın ən qabaqcıl ölkələrindən birinə çevriləcəyinə əminliklərini vurğuladılar.

Sonra Milli Məclis sədrinin birinci müavini Ziyafət ƏSGƏROV Azərbaycan parlamentinin 20 ildə keçdiyi inkişaf yolu, tarixi və fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verdi. Bildirdi ki, müstəqillik bərpa olunduqdan sonra Milli Məclisdə 3200-dən çox qanun və qərarlar qəbul edilmişdir. Bununla yanaşı, hazırda Milli Məclis 75 ölkənin parlamentləri ilə dostluq əlaqələri yaradaraq əməkdaşlıq edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Z.Əsgərov qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələri bütövlükdə Cənubi Qafqazın inkişafı və Avropaya inteqrasiyası yolunda ən böyük maneədir. Münaqişənin həlli məsələsində Azərbaycanın mövqeyinin hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslandığını vurğulayan Z.Əsgərov dedi: “Təəssüf ki, beynəlxalq təşkilatların müvafiq qərarlarının həyata keçirilməsi indiyədək təmin edilməmişdir”.

Müasir dünyada parlament diplomatiyasının əhəmiyyətinin və rolunun getdikcə artdığını deyən Z.Əsgərov beynəlxalq siyasətlə bağlı bir sıra məsələlərdə onun ənənəvi diplomatiya üsullarını uğurla tamamladığını bildirdi. Qeyd etdi ki, parlament diplomatiyası dövlətlərin qarşılaşdıqları problemlərin həllinə, sivilizasiyalararası dialoq üçün maneələrin aradan qaldırılmasına sanballı töhfə verir. Məhz buna görə də Milli Məclis ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirir.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli HƏSƏNOV da çıxış edərək bildirdi ki, müstəqilliyini yenidən bərpa etdiyi 20 il ərzində Azərbaycan çox böyük çətinliklərlə üzləşmişdir. Ölkəmiz Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış, etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. Bununla yanaşı, müstəqilliyin ilk illərində daxildə hökm sürən xaos və anarxiya Azərbaycanın vəziyyətini daha da ağırlaşdırmış, nəticədə ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra bu problemlərin aradan qaldırılması istiqamətində işlər görülməyə başlanmışdır.

Əli Həsənov vurğuladı ki, bu gün Prezident İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirir və Azərbaycanın hazırkı inkişaf səviyyəsi göz qabağındadır.

Baş nazirin müavini qeyd etdi ki, artıq 20 ildir BMT və ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışsa da heç bir nəticə yoxdur.

Bugünkü Ermənistanın paytaxtı Yerevanın Azərbaycanın tarixi şəhəri olduğunu qonaqların diqqətinə çatdıran Ə.Həsənov dedi ki, Ermənistan öz dövlətini Azərbaycanın tarixi torpaqları üzərində qurmuşdur. Bu azmış kimi, ötən əsrin əvvəllərindən başlayaraq azərbaycanlılar tarixi torpaqlarından müxtəlif vaxtlarda deportasiya edilmişdir.

Qeyd edək ki, Beynəlxalq bayram tədbirində dünyanın 58 ölkəsindən 300-dən artıq tanınmış ictimai-siyasi xadim, o cümlədən Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT, Avronest, Avropa ölkələri parlamentlərinin deputatları, dövlət xadimləri, Nobel mükafatı laureatları, ABŞ-ın regional şirkətlərin nümayəndələri, keçmiş konqresmen və senatorlar, alim və biznesmenlər iştirak edirlər.

Beynəlxalq tədbir sentyabrın 24-də işini davam etdirəcəkdir.