2027-ci ilin dövlət büdcəsinin müzakirəsi qarşıda duran bu strateji vəzifələrin həyata keçirilməsi üçün zəruri maliyyə imkanlarının qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bunu ombudsman Səbinə Əliyeva parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında deyib.
O bildirib ki, ombudsmana ünvanlanan müraciətlərin təhlili və monitorinqlərin nəticələrinə əsaslanaraq insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə dövlət büdcəsində nəzərə alınmasını məqsədəmüvafiq hesab etdikləri bəzi təkliflər irəli sürüb: “Bunlar tənha, özünəqulluq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan ahıl şəxslərə evdə göstərilən sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, regionlarda səyyar sosial xidmətlərin inkişaf etdirilməsi, habelə uzunmüddətli qulluq xidmətlərinin kadr və maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində bu istiqamətlər üzrə maliyyə təminatının gücləndirilməsi, regionlarda tibbi və sosial reabilitasiya xidmətləri şəbəkəsinin genişləndirilməsi, əlilliyi olan şəxslərin, o cümlədən uşaqların protez-ortopedik məmulatlar, müasir reabilitasiya və digər köməkçi vasitələrlə fərdi ehtiyaclarına uyğun və vaxtında təmin edilməsi məqsədilə müvafiq büdcə ayırmalarının artırılmasıdır”.
Ombudsman, eyni zamanda, regionlarda tibbi infrastrukturun və ixtisaslı kadr təminatının gücləndirilməsini, habelə hemofiliyalı şəxslərin zəruri dərman preparatları ilə vaxtında və fasiləsiz təmin edilməsi məqsədilə həmin preparatların regional tibb müəssisələri vasitəsilə əlçatanlığının artırılması və təcili hallar üçün zəruri ehtiyatların formalaşdırılması istiqamətində maliyyə təminatının gücləndirilməsini təklif edib.
Bununla yanaşı, S.Əliyeva onkoloji xəstələrin müasir müalicə üsullarına və yüksək effektivliyə malik dərman preparatlarına əlçatanlığının artırılması, xüsusilə innovativ şişəleyhinə preparatlarla təminatın genişləndirilməsi, habelə diaqnostika və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə dövlət büdcəsində bu istiqamətlər üzrə maliyyə vəsaitlərinin artırılmasını da zəruri hesab edib.
Ombudsman süni intellektəsaslı diaqnostika və klinik qərarların dəstəklənməsi texnologiyalarının səhiyyə sistemində təhlükəsiz və mərhələli tətbiqi, xüsusilə regionlarda xəstəliklərin erkən aşkarlanması və ixtisaslaşdırılmış tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu istiqamətdə həyata keçiriləcək tədbirlərin maliyyə təminatının dövlət büdcəsində nəzərə alınmasını da təklif edib.
Fotoqraf – Aydın Məmmədov
AZƏRTAC