Ötən ay qeyri-neft sektoru üzrə ixrac 414 milyon dolları ötüb

Azərbaycan, Türkiyə və ABŞ-nin iqtisadi əməkdaşlığının genişləndirilməsi yeni imkanlar yaradır
İran parlamentindən Ermənistana tələb: Araz çayını zəhərləməyin!
“Qərbi Azərbaycan mixiyazılı mənbələrdə” – seminar

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz artaraq 3,6 milyard dollara çatıb.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin noyabr sayına istinadla xəbər verir ki, cari ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixrac ötən ilin oktyabr ayına nisbətən 23 faiz artıb və 414,2 milyon dollar təşkil edib.

Hesabat dövründə yeyinti məhsullarının ixracının dəyəri 115,2 milyon dollar olub. Qeyri-yeyinti məhsulları üzrə ixrac isə 29,9 faiz artımla 280,7 milyon dollara yüksəlib.

Cari ilin yanvar-oktyabr aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə (137,6 faiz), alüminium və ondan hazırlanan məmulatların ixracı 39,2 faiz, qara metallardan hazırlanan məmulatların ixracı 34 faiz, bitki və heyvan mənşəli piylər və yağların ixracı 27,1 faiz, mis və ondan hazırlanan məmulatların ixracı 24,9 faiz, üzvi kimyəvi birləşmələrin ixracı 16,1 faiz, pambığın ixracı 14,2 faiz, tərəvəzlərin ixracı 11,6 faiz, qəhvə və çayın ixracı 10,9 faiz, yeməli meyvələrin ixracı isə 6,7 faiz artıb.

2026-cı ilin yanvar-oktyabr aylarında aqrar məhsullar üzrə ixrac 12,7 faiz artaraq 866,9 milyon dollara, aqrar-sənaye məhsulları üzrə ixrac isə 28,8 faiz artımla 334,9 milyon dollara çatıb. Beləliklə, aqrar və aqrar-sənaye məhsullarının ümumi ixracı 16,7 faiz artaraq 1,2 milyard dollar səviyyəsinə yüksəlib.

AZƏRTAC