AVCİYA Seçki Qərargahının rəhbəri AŞPA müşahidəçiləri ilə görüşüb

Bələdiyyə və KİV münasibətləri: inkişaf və problemlər müstəvisində
“Orta ümumtəhsil məktəblərində hüquq tərbiyəsinin təbliği məqsədi ilə tədbirlərin keçirilməsi”
AVCİYA regionlarda seçki maarifçiliyini davam etdirir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı parlament seçkiləri ilə bağlı Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) seçki missiyasının üzvləri ilə görüşüb.

Təşkilatdan APA-ya verilən məlumata görə, M. Zülfüqarlı assosiasiyanın parlament seçkiləri ilə bağlı gördüyü işlər barədə məlumat verib. O, qeyd edib ki, AVCİYA seçkilərlə bağlı “Aralıq Hesabat (01 may – 01 sentyabr 2015-ci il)”, “Azərbaycanda 2015-ci il 1 noyabr parlament seçkiləri ilə bağlı ATƏT/DTİHB-in Ehtiyacların Qiymətləndirilməsi Missiyasının hesabatına dair analitik təhlil”, “AVCİYA-nın  Azərbaycan Respublikasında 01 noyabr 2015-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar uzunmüddətli müşahidənin Hesabatı” və digər sənədləri hazırlayaraq ictimaiyyətə təqdim edib.

M. Zülfüqarlı qeyd edib ki, seçici fəallığını artırmaq məqsədi ilə Seçki Qərargahı regionlarda sentyabrın 12-də regionların, oktyabrın 26-dan isə Bakı, Sumqayıt və Abşeron rayonun müşahidəçiləri üçün seminarlar keçirib. Bundan əlavə, assosiasiya “Müşahidəçilər üçün yaddaş” kitabçası da nəşr edərək müşahidəçilərə təqdim edib.

Görüşdə seçki öncəsi ictimai-siyasi vəziyyət, Azərbaycanda insan haqlarının vəziyyəti və başqa məsələlər müzakirə edilib.