Lətif Kərimovun anadan olmasının 120 illiyi münasibətilə yeni rəqəmsal platforma yaradılıb

“Azərbaycan Biznesinin İnkişafı Fondu”nun Müşahidə Şurasının tərkibi təsdiqlənib 
Energetika Nazirliyi: OPEC Katibliyi müddətsiz Xartiyanı ratifikasiya üçün Azərbaycana təqdim edib
Rusiya nəşri: Xocalı hadisələrinin təşkilatçıları indiyədək yüksək vəzifə tuturlar

Azərbaycan Milli Xalça Muzeyi qlobal .ART domen reyestrinin dəstəyi ilə Xalq rəssamı Lətif Kərimovun həyat və fəaliyyətinə, çoxşaxəli yaradıcılığına həsr olunmuş rəqəmsal platformanı istifadəyə verib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Xalq rəssamı, dekorativ-tətbiqi sənət ustası və görkəmli pedaqoq Lətif Kərimovun 120 illiyi münasibətilə hazırlanan yeni sayt Lətif Kərimovun irsinin daha geniş auditoriyaya çatdırılmasına, Azərbaycan xalça sənətinin rəqəmsal mühitdə və beynəlxalq miqyasda tanıdılması məqsədilə yaradılıb.

Lətif Kərimovun 120 illiyi münasibətilə Azərbaycan Milli Xalça Muzeyinin kollektivi Fəxri xiyabanı ziyarət edərək sənətkarın məzarı önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.

Yubiley tədbirləri çərçivəsində uşaqlar üçün xüsusi maarifləndirici proqram təşkil edilib. Proqram zamanı uşaqlar muzey ekspozisiyası ilə tanış olub, Lətif Kərimovun həyat və yaradıcılığı haqqında məlumat əldə edib, sənətkara həsr olunmuş “Lətif baba və Əfşan” animasiya filmini izləyiblər. Proqram “Əfşan” xalçasının motivləri əsasında suvenir xalçanın hazırlanmasına dair ustad dərsi ilə yekunlaşıb. Həyata keçirilən tədbirlər Lətif Kərimovun zəngin elmi və yaradıcılıq irsinin təbliği, Azərbaycan xalça sənətinə marağın artırılması, xüsusilə gənc nəslin milli-mədəni dəyərlərimizə bağlılığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Noyabrın 23-24-də Milli Xalça Muzeyində görkəmli xalçaçı-alim, Xalq rəssamı Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Ortaq irs: Türk xalçası” adlı beynəlxalq simpozium keçiriləcək. Noyabrın 25-də Dövlət Rəsm Qalereyasında Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş sərginin rəsmi bağlanış mərasimi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikovanın təqdimatında “Xalçalara toxunan xoşbəxtlik. Lətif Kərimov” adlı mühazirə təşkil olunacaq.

AZƏRTAC