(19.4.1954, Xocalı ş. – 26.2.1992, Xocalı ş.) – Azərbaycanın Milli Qəhrəmanı (7.7.1992, ölümündən sonra).
Ağdam Kənd Təsərrüfatı Texnikumunun mexanizasiya fakültəsini bitirib. Qazaxıstanda hərbi xidmətdə olub (1974-1976). Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi kimi çalışıb, kapitan rütbəsinə yüksəlib. 1991 ildə yaradılan Xocalı ərazi özünümüdafiə batalyonunun təşkilatçılarından biri və komandiri olub. Meşəli uğrunda gedən döyüşlərdə onun batalyonu onlarla erməni yaraqlısını məhv edib. Ermənilərin Xocalını top atəşinə tutduqları Naraguğ kəndindəki top-batareya nöqtəsini susdurub, Mehdikənddəki erməni artilleriyasını və “Alazan” qurğusunu sıradan çıxarıb, on erməni yaraqlısını əsir götürüb. Bu əməliyyata görə T.Hüseynova mayor rütbəsi verilib. Ermənilərin və 366-cı alayın Xocalıya kütləvi hücumu zamanı batalyon əhalinin təhlükəsiz yerə köçürülməsinə çalışıb, düşmənlə qeyri-bərabər döyüşdə rəşadətlə vuruşub. T.Hüseynov son gülləsinə kimi döyüşdükdən sonra, qumbaranı sinəsinə sıxıb, həlak olsa da ona yaxın ermənini də məhv edib. Ailəli idi. Üç övladı var. Bakı ş-də Şəhidlər Xiyabanında dəfn edilib.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları”, Bakı, Respublika Xatirə Kitabı Redaksiyası, 2005. s. 67