Azərbaycan Prezidenti və NATO-nun baş katibi mətbuata bəyanatla çıxış ediblər

QDİƏT-in baş katibi: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə qovuşduran ən uğurlu layihədir
Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
Təmas xəttində Azərbaycan hərbçisinin meyitinin aşkarlanması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edilib

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 23-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO-nun baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər.

NATO-nun baş katibi Yens Stoltenberqin 
bəyanatı

-Prezident Əliyev, NATO mənzil-qərargahına yenidən xoş gəlmisiniz. Sizi burada görməyə çox şadam. Çox konstruktiv görüşə görə Sizə təşəkkürümü bildirirəm. Mən, həmçinin Şimal Atlantika Şurası çərçivəsində görüşü də səbirsizliklə gözləyirəm. Siz bu Şurada bütün 29 müttəfiq ölkənin nümayəndələri ilə görüşəcəksiniz.

Bu gün biz aramızda olan uzunmüddətli əməkdaşlığımızı müzakirə etdik. Biz Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına qoşunlar, tranzit imkanları və Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə maliyyə dəstəyi formasında verdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarıq. Həmçinin Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına qoşunların artırılması ilə bağlı qərarınıza görə Sizə təşəkkürümü bildirirəm.

NATO ilə Azərbaycan arasındakı tərəfdaşlığın başlanğıcı uzun illər bundan öncəyə təsadüf edir. Bu tərəfdaşlığın təməli demokratik dəyərlərə və prinsiplərə sadiqlik əsasında qoyulub. Bu gün bizim praktiki əməkdaşlığımız bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər bir çox sahələri əhatə edir və keçmiş sovet ordusundan qalmış partlamamış mina və hərbi sursatların təmizlənməsi üçün etimad fondu çərçivəsində aparılır. Mən, həmçinin Sizə BMT Təhlükəsizlik Şurasının qadınlar, sülh və təhlükəsizlik üzrə 1325 saylı qətnaməsini bizim əməkdaşlıq gündəliyimizə daxil etdiyiniz üçün təşəkkürümü bildirirəm. Bütün bunlar Avratlantik məkanın daha da təhlükəsiz olmasına töhfə verir. Biz seçdiyiniz bütün sahələrdə Sizinlə işimizi davam etdirməyə və əməkdaşlığımızı daha da inkişaf etdirməyə sadiqik. Biz Sizi təhlükəsizlik sahəsində islahatların daha da artırılmasına dəvət edirik və korrupsiya ilə mübarizə sahəsində Sizə dəstək olmaq üçün bizim dürüstlüyün artırılması proqramından tam faydalanmağa çağırırıq.

Bu gün biz, həmçinin Cənubi Qafqazda regional təhlükəsizliyi də müzakirə etdik. Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi narahatlığa səbəb olan məsələdir. Aydındır ki, bu münaqişənin hərbi yolla həll olunması imkanı yoxdur və NATO bu məsələdə birbaşa rola malik deyil. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin işini dəstəkləyirik və Ermənistan prezidenti ilə bərpa etdiyiniz dialoq barədə eşitdiyim xəbər məni ruhlandırdı. Biz münaqişənin həllinin danışıqlar yolunun davam etdirilməsini və vəziyyətin gərginləşməsinə yol verilməməsini dəstəkləyirik.

Beləliklə, Prezident Əliyev, icazə verin, buraya təşrif buyurduğunuz və NATO-nun mənzil-qərargahına baş çəkdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirim. Şimali Atlantika Şurası çərçivəsində görüşünüz əməkdaşlığımızın gələcəkdə necə dərinləşdirilməsinin müzakirə edilməsi nöqteyi-nəzərdən əhəmiyyətli bir fürsət olacaqdır. Bir daha təşəkkür edirəm, buyurun.

Azərbaycan Prezidenti İlham Əliyevin 
bəyanatı

-Çox sağ olun, cənab baş katib. Əvvəlcə dəvətinizə görə təşəkkür edirəm. NATO-nun mənzil-qərargahına bir daha gəlməyimə və əməkdaşlığımıza aid mühüm məsələlərin müzakirəsi üçün imkan əldə etdiyimə görə çox şadam.

Əməkdaşlığımızın artıq yaxşı tarixi var. Azərbaycan NATO-nun bir çox əməliyyatlarında – K-4-də, İSAF-da iştirak etmişdir. İndi isə Azərbaycan Qətiyyətli Dəstək Missiyasına öz töhfəsini verir. Əfqanıstanda təhlükəsizliyi və sülhü təmin etmək üçün 94 hərbi qulluqçumuz NATO hərbçiləri ilə çiyin-çiyinə xidmət edir. Azərbaycan, həmçinin koalisiya qüvvələri üçün multimodal tranzit və ərazimiz üzərindən uçuş imkanlarını təmin edir. Azərbaycan Əfqanıstan ordusunun Milli Etimad Fonduna töhfə verib və cənab baş katib qeyd etdiyi kimi, Əfqanistanda sülh, təhlükəsizlik və sabitliyə daha da artıq töhfə vermək üçün hərbi qulluqçularımızın sayını artıracağıq.

2004-cü ildən bəri Azərbaycan Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına qoşulub və dörd tsikli bitirib. Beşinci tsikl hazırda icra olunmaqdadır. Bu, həmçinin bizim əməkdaşlığımızın vacib elementidir.

Cənab baş katib qeyd etdiyi kimi, biz bu gün regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Regional təhlükəsizlik üçün ən böyük təhlükə Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişədir. Uzun illərdir ki, ərazilərimiz erməni işğalı altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb və əfsuslar olsun ki, vəziyyət dəyişməz olaraq qalır. ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin prezidentlərinin status-kvonun qəbuledilməzliyi və dəyişməli olduğu ilə bağlı bəyanatlarına rəğmən Ermənistan status-kvonu mümkün qədər çox saxlamaq istəyir. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistan iyirmi ildən artıqdır ki, bu qətnamələri icra etmir. Münaqişə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır.

Bu gün biz, həmçinin nəqliyyat təhlükəsizliyi ilə bağlı məsələləri də müzakirə etdik. Mən cənab baş katibə məlumat verdim ki, Azərbaycan öz qonşuları ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun inşasını uğurla tamamlayıb. Bu, Asiya və Avropa arasında ən qısa yoldur və Əfqanıstana təchizat bu marşrut vasitəsilə daha asan və səmərəli olacaqdır.

Bizim NATO ilə əməkdaşlığımızın böyük potensialı var və əməkdaşlığın tarixi bunu nümayiş etdirir. Bu gün mənim NATO-nun mənzil-qərargahına səfərim artıq altıncı səfərdir. Beləliklə, bu, əməkdaşlığımızın çox güclü olduğunu nümayiş etdirir. Biz regionumuzda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün tərəfdaşlığımızı davam etdiririk. Çox sağ olun.