Fuad Babayev: 2009-cu il üçün dəftərçə

Xocalı faciəsi üzrə Beynəlxalq Tribunalın təsis edilməsi zərurətinə dair
Şuşa XIX əsrin ortalarında
621 000 və 1 130 000 (birinci demoqrafiq etüd)
Getdikcə daha çox “ərazi” tələb edən “arxiv”imdə az qala arxeoloji qazıntı zamanı aşkar etdiyim dəftərçəyə baxıram. 2009-cu ilin cib gündəliyidir. Dəftərçəni məşhur  MYRON buraxıb. Və ona başucalığı gətirə biləcək qayğıkeşliklə 2008-ci ilin 22 dekabrından  2010-cu ilin 3 yanvarına qədər bütün həftələri ibrətamiz sayıla biləcək fikirlərlə “təchiz” edib.
Malayziyada çap olunmağına rəğmən əlbəttə ki, amerikalılar üçün nəzərdə tutulmuş dəftərçədə kimlərin fikirlərinə rast gəlmək olar?
Bu sırada elə bizlərə də tanış olan simaların adlarına rast gəlmək olar. Teleaparıcı Opra Uinfrinin, Harri Potterin yaradıcısı Coan Roulinqin, basketbolçu Maykl Cordanın, Barbara Buşun, Mark Tvenin, iricüssəli general Norman Şvarskopfun, kantri ustası Kenni Rocersin, Konfusinin, Məhəmməd Əlinin, Uinston Çörçillin, indi həm də Nobel mükafatı qazanmış musiqiçi Bob Dilanın, aktyor Maykl Cey Foksun, xokkeyçi Ueyn Qretskinin, keçmiş dövlət katibi Kolin Pauellin, Martin Lüter Kinqin, Bill Qeytsin, “Pulitser”li yazıçı German Voukun, boksçu Şuqar Rey Robinsonun, Deyl Karneginin, Teodor Ruzveltin və başqalarının fikirləri bəzəyir dəftərçəni.
Və burada Donald Trampın da fikri yer alıb…
Bəli, 2009-cu ilin 22-28 iyununu əhatə edən həftənin “epiqraf”ı qismində məhz cənab Trampın fikri seçilib. Və bu fikir Azərbaycan dilində təxminən belə səslənir: “Bəzən sizin ən yaxşı sərmayələriniz heç yerə qoymadığınız sərmayələrdir.”
Maraqlı, uğur qazana bilmiş biznesmen tərəfindən səsləndirildiyinə görə həm də  əhəmiyyətli fikirdir.
Bu cib dəftərçəsinə hansısa qeydlərini edən işgüzar amerikalının düşünə bilərdimi ki, o zaman ölkənin 67-ci dövlət katibi olan Hillari Klinton cəmi 7 ildən sonra, 2016-cı ilin 22 iyununda bu maraqlı fikrin müəllifi tərəfindən “dünya miqyaslı yalançı” adlandırılacaq?
Həmin amerikalı bir çox məqamlardan da xəbərsiz olub. Tutaq ki, o cənab Trampın babası Fridrixin vaxtilə Bavariyanın şahzadə-regenti Luitpolda həqiqi hərbi xidməti başa vurmadığına görə deportasiya edilməmək xahişi ilə müraciət etməsini də ağlına gətirə bilməzdi.
Bu barədə məlumatı alman “Bild”i o zaman dərc etməmişdi axı.
Ümumiyyətlə, düşünürəm ki, cib dəftərçələrindən istifadə edən insanlar oradakı müdrik və elə də müdrik olmayan fikirlərə çox böyük əhəmiyyət vermirlər.
Fuad Babayev
http://1905.az/2009-cu-il-uecuen-d%C9%99ft%C9%99rc%C9%99/