Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan Respublikası Milli Məclis seçkilərinin uzunmüddətli müşahidəsinə dair ARALIQ HESABAT

AVCİYA-nın bölgə müşahidəçilərinin seçki təəssüratları
AVCİYA “Ermənistanın Azərbaycana təcavüzü media gündəmində” müsabiqəsinə yekun vurdu
“Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)

AZƏRBAYCAN RESPUBLİKASI
01 NOYABR  2015-Cİ  İL
MİLLİ MƏCLİSƏ SEÇKİLƏR
Seçkilərin uzunmüddətli müşahidəsinə dair
ARALIQ HESABAT
(01 may – 01  sentyabr 2015-ci il)

İCMAL
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, yəni 1991-ci ilin 18 oktyabrından bu günə kimi ölkə üzrə Milli Məclisə 1995, 2000, 2005, 2010-cu illərdə seçkilər keçirilib. Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq 28 avqust 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkiləri 2015-ci il noyabrın 1-nə təyin edib.
Azərbaycan Respublikasında 1995 və 2000-ci illərdə keçirilmiş parlament seçkiləri qarışıq sistem üzrə  keçirilib. Milli Məclisdə olan 125 yerdən 100-ü  plüralist-majoritar sistem, 25-i isə proporsional nümayəndəlik sistemi üzrə formalaşıb. Lakin 2005 və 2010-cu  illərdə keçirilən  parlament seçkiləri plüralist – majoritar sistemi ilə həyata keçirilib. 2015-ci il seçkiləri də bu sistem ilə keçiriləcək.  Bəzi müxalifət  partiyalar proporsional nümayəndəlik sisteminin bərpa olunması və  parlament seçkilərinin tam bu sistem üzrə keşirilməsi ilə bağlı təkliflər irəli sürürlər. Lakin Milli Məclisdə çoxluq təşkil edən hakim partiya əksinə plüralist-majoritar sistemin Azərbaycan realığına daha çox uyğun gəldiyini, hökümətin əvvəlki illərə nisbətən daha effektiv fəaliyyətinə şərait yaratdığını bildirilər.
Beynəlxalq təcrübədə seçki sistemlərinin müxtəlif kateqoriyaları var ki, bunlar da aşağıdakılardır:
•        Plüralist – majoritar sistemlər
•        Proporsional nümayəndəlik sistemləri
•        Yarıproporsional sistemlər
Azərbaycan Respublikasında tətbiq olunan plüralist-majoritar sistem   Amerika Birləşmiş Ştatları və Böyük Britaniya kimi demokratik ölkələrdə tətbiq olunur.
2010-cu il seçkilərindən sonra 125 dairə üzrə formalaşmış parlamentdə 11 partiya təmsil olunmuşdur. 125 deputatdan 69 nəfəri hakim partiyanı, 12 nəfər isə digər 10 partiyanı təmsil edir. 42 deputat isə heç bir partiyanı təmsil etməyən müstəqil deputatlardır. 5 il müddətində obyektiv və sübyektiv səbəblərdən 5 deputat yeri boşalıb, boş qalan yerlərə seçkilər keçirilməyib.
Parlament və dövlət orqanları qadınların yüksək dövlət vəzifələrinə və seçki adminstrasiyasının yüksək pillələrinə təyin olunmasını təşviq etmək və təmin etmək məqsədilə zəruri şərait yaradıb. Milli Məclis üzvlərinin 2005-ci ildə 10,5 %-ni, 2006-cı ildə 11,2 %-ni  qadınlar  təşkil edirdisə, 2010- cu ildə bu rəqəm  16%  olmuşdu. 2015-ci il seçkilərində bu rəqəmin daha da artacağı etimal olunur.

Azərbaycan Respublikasında seçkilәrin əsaslandığı ilkin qanunvericilik sәnәdlәri Konstitusiya və Seçki Mәcәllәsidir. Konstitusiyaya 1995, 2009-cu illərdə,  Seçki Məcələsinə isə 2003, 2010, 2015-ci illərdə  düzəlişlər edilib.
Seçki Məcəlləsinin hazırlanması ilə bağlı ilk növbədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq edilmişdir.
Avropa Parlamentinin nümayəndə heyəti 2013-cü ildə 7, ATƏT/DTIHB 2008-ci ildə 27, 2010-cu ildə 17,  2013-cü ildə 20, 2015-ci ilin avqustunda əsasən əvvəlkilərin təkrarı olan 40, Avropa Şurası Parlament Assambleyası isə 2008-ci ilin yay sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabatla bağlı 4 tövsiyə irəli sürüb. Bunlar təhlil edildikdə məlum olur ki, bu tövsiyələrin bir çoxu 2003-2008-ci illərdə Avropa Şurasının Venesiya Komissiyasının Seçki Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı tövsiyələrinə istinad edilərək hazırlanıb və yeni tövsiyələrin əksəriyyəti əvvəlki tövsiyələrin təkrarından ibarətdir. Avropa Şurası Venesiya Komissiyası (VK) 2013-cü il prezident seçkiləri ərəfəsində əvvəlki illərdə irəli sürdüyü, lakin komissiya üzvlərinin fikrincə həllini tapmadığı təkliflərin həyata keçirilməsini tövsiyə etmişdir. Venesiya Komissiyası yerli özünüidarə məsələləri ilə məşğul olmadığına görə 2014-cü il bələdiyyə seçkilərində Azərbaycan Respublikası ilə əməkdaşlıq etməmişdir. 2015-ci ilin noyabrında keçiriləcək Milli Məclisə seçkilər ərəfəsi bu qurumla əməkdaşlıqla bağlı hər hansı rəsmi  məlumat yoxdur. Venesiya Komissiyası Azərbaycan Respublikası ilə əməkdaşlığı dövründə əsasən 16 tövsiyə irəli sürüb. ATƏT/DTİHB Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiyanın 31 avqust 2015-ci ildə tərtib etdiyi Hesabatda (12-14 avqust 2015-ci il) yeni tövsiyələr irəli sürüb. Azərbaycan Respublikasının Milli Məclisi AŞ Venesiya Komissiyası və bir sıra yerli və beynəlxaq təşkilatlar tərəfindən verilən tövsiyələri də nəzərə almaqla 2 iyun 2008-ci il tarixdə Azərbaycan Respublikası “Seçki Məcəlləsi”nin 145 maddəsinə ümumilikdə 91 əlavə və dəyişikliklər etmişdir. Ümumiyyətlə 2003-2015-ci illərdə  Seçki Məcəlləsinin maddələrinə 200-dək əlavə, dəyişiklik və ya düzəliş edilmiş, yaxud bütünlüklə maddə Məcəllədən çıxarılmışdır.

ÜMUMİ MƏLUMAT
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2003-cü ildə 10 QHT-nin təşəbbüsü ilə yaradılan Milli Qeyri Hökümət Təşkilatıdır. AVCİYA-nın yaradılmasında əsas məqsəd Assosiasiyaya daxil olan qeyri-hökümət təşkilatlarının və üçüncü sektorun digər nümayəndələrinin fəaliyyətinin əlaqələndirilməsi vasitəsilə ölkədə vətəndaş cəmiyyətinin yaradılması prosesinə yardım göstərməkdir.
Assosiasiyanın məqsədlərindən biri də vətəndaş cəmiyyətinin bütün iştirakçıları (hökumət, cəmiyyət, üçüncü sektor və s.) arasında dialoqun yaradılmasına kömək etməkdir.
Fəaliyyətin əsas istiqamətləri
– İctimai təşkilatlar, mərkəzi və yerli icra hakimiyyətləri, yerli idarəetmə orqanları arasında konstruktiv, birgə fəaliyyətin təşkili;
– Vətəndaş cəmiyyətinin formalaşması üçün lazımi normativ-hüquqi bazanın yaradılmasında aktiv iştirak;
– QHT-lər və müstəqil KİV-lər arasında qarşılıqlı faydalı əməkdaşlığın təşkili;
– Sosial-humanitar məsələlərin həllinə özəl sektorun cəlb olunması;
– Vətəndaş təşəbbüsünə dəstək, əhalinin, vətəndaş cəmiyyətinin əsaslarının formalaşmasında aktiv iştiraka cəlb olunması, volonter hərəkatın formalaşması;
– QHT-lərin fəaliyyəti üçün maliyyə-kredit, vergi, gömrük və digər məsələlərdə əlverişli mühitin yaradılmasına kömək;
– Fəaliyyətdə olan və yeni yaranan QHT-lərə hüquqi, təşkilati, informasiya dəstəyinin göstərilməsi;
– QHT sektorunda fəaliyyət göstərən kadrların hazırlanması sisteminin təşkil olunması;
Fəaliyyətin prioritet istiqamətləri:
– Seçkilərin azad və ədalətli keçməsinə yardım göstərmək məqsədilə
monitorinqin təşkili;
– vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi;
– korrupsiya halları ilə mübarizə üçün sosial əməkdaşlığın yaradılması;
– regionların və yerli idarəçiliyin sosial-ictimai inkişafına dəstək;
– islah əmək müəssisələri sisteminin təkmilləşdirilməsi;
– miqrant, qaçqın, məcburi köçkünlərin problemlərinin həllinə yardım;
– ekoloji maarifləndirmə
AVCİYA Vətəndaş Cəmiyyətinin quruculuğunda ədalətli və şəffaf seçkilərin mühüm əhəmiyyət daşıdığını nəzərə alaraq yarandığı gündən seçki prosesində iştirak edir.
Assosiasiya 2003-cü ildən bu günə qədər keçirilmiş bütün seçkilərin, referendumun müşahidəsini ölkə üzrə təşkil edib.
Assosiasiya nümayəndələri Bolqarıstan, Gürcüstan, Belarus, Moldovada keçirilən seçkilərdə müxtəlif missiya tərkiblərində seçkiləri müşahidə etmişlər. AVCİYA seçkilərin şəfaf keçirilməsinə yardım etmək  məqsədilə 2004–cü ildən bu günə kimi bir sıra metodik vəsait və 13 kitabça nəşr etdirib. Assosiasiyanın hazırladığı sənədlər, Aralıq, Yekun hesabatlar və kitabların elektron variantları www.avciya.az  saytında yerləşdirilib.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçkilərlə bağlı nəşr etdirdiyi kitablar:

1.     2008-ci il prezident seçkilərinin monitorinqi. Yaddaş kitabçası. Qanun. Bakı 2008;
2.     Azərbaycan Respublikası Prezidentinin seçkiləri sənədlərdə (15 oktyabr 2008 – ci il). Bakı 2008;
3.      Demokratik seçkilər və  vətəndaş fəallığı. Bakı 2008;
4.      Referendum ( 18 mart 2009). Bakı 2009;
5.      18 mart referendumuna aid sənədlər. Bakı 2009;
6.     2009–cu il bələdiyyə seçkilərinin monitorinqi. Yaddaş kitabçası. Bakı 2009;
7.      Seçki sistemləri və seçki komissiyalarının təşkili: yerli və beynəlxalq təcrübə. Bakı 2010 (azərbaycan və ingilis dillərində);
8.      2010 – cu il Milli Məclisə seçkilərin monitorinqi. Yaddaş kitabçası. Bakı 2010;
9.      Azərbaycan Respublikasi milli məclisinə seçkilər 07 noyabr 2010-cu il seçkilərin nəticələri ilə bağli yerli və beynəlxalq təşkilatlarin mövqeyi. Bakı 2010;
10.                        Media və seçki prosesi: qanunvericilik və qabaqcıl təcrübə. Bakı 2010;
11.                        Seçici hüquqlarının qorunması. Bakı 2011

Azərbaycan Respublikasında keçiriləcək növbəti parlament seçkilərinin şəffaf, azad və demokratik keçirilməsinə yardım göstərilməsi, seçkilərin Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə və demokratik seçkilər sahəsində beynəlxalq standartlara, AR Seçki Məcəlləsinin tələblərinə uyğunluğunun qiymətləndirməsi məqsədilə AVCİYA  Azərbaycan Respublikası Milli Məclisinə 2015-ci il 01 noyabr seçkiləri ərəfəsinin uzunmüddətli müşahidəsini həyata keçirib.
Aralıq Hesabat  01 may –  01 sentyabr 2015-ci il dövrünü əhatə edir.
AVCİYA Seçki Qərargahı Azərbaycan Respublikası Milli Məclisinə 2015-ci ilin noyabrın 1-də keçiriləcək seçkilərlə bağlı geniş fəaliyyət həyata keçirir. Bu fəaliyyətə aşağıdakılar daxildir:
·        Seçki öncəsi vəziyyətin monitorinqinin təşkili
·        Seçki Admistrasiyasının fəaliyyətinin monitorinqinin təşkili
·        KİV-in monitorinqinin təşkili
·        Seçki qabağı monitorinqlə bağlı aralıq hesabatın hazırlanması və təqdimatı
·        Regionlarda  seçki fəallığının artırılması üçün seminarların və müşahidəçilər üçün treniqlərin keçirilməsi
·        MSK – da müşahidəçilərin qeydiyyatdan keçirilməsi
·        Regionlarda  müşahidəçilərin sənədlərinin toplanması və  DSK–lardan qeydiyyatdan keçirilməsi
·        Seçki qərərgahının fəaliyyətini və  seçki kampaniyasının gedişatını əks etdirən məlumatların press-relizlər şəklində ölkə daxilində və beynəlxalq aləmdə yayılması
·        Seçkilərin monitorinqini təşkil edən digər QHT-lərlə fəaliyyətin əlaqələndirilməsi
·        Broşura və bülletenlərin hazırlanması
·        ATƏT, Avropa Şurası və seçkilərlə məşğul olan digər beynəlxalq təşkilatların  Bakı ofisləri ilə əlaqələrinin yaradılması və əməkdaşlığın təşkili
·        Seçkilərin monitorinqi ilə məşğul olan digər ölkələrin QHT-ləri ilə əməkdaşlığın genişləndirilməsi
·        Seçkinin gedişi ilə bağlı KİV-ə mütəmadi məlumatlar vermək
·        Seçkilərin nəticələri ilə əlaqədar ilkin hesabatın Mətbuat Konfransında elan olunması
·        Seçkilərin nəticələri ilə bağlı hazırlanmış hesabatın yerli və beynəlxalq təşkilatlara göndərilməsi
·        Seçki kampaniyasının müsbət və mənfi tərəflərinin təhlili
·        Milli Məclisə seçkilərlə bağlı Yekun Hesabatın hazırlanması və elan edilməsi

Seçkiqabağı siyasi mühit
Seçkilər Azərbaycan Respublikasının siyasi həyatında olduqca mühüm amil, vətəndaş cəmiyyətinin inkişafının, demokratiyanın göstəricisi olduğundan daim diqqət mərkəzindədir. Əvvəlki seçkilərdə olduğu kimi, bu ilki seçkilər ərəfəsi də ölkədə ictimai-siyasi vəziyyətin sabit olması ən mühüm amillərdən biridir. Azərbaycanda demokratik seçkilərin keçirilməsi ilə bağlı başlıca beynəlxalq və regional konvensiyalara qoşulmuşdur.
Hazırda dünyanın bir sıra regionlarında, o cümlədən Azərbaycan Respublikasına yaxın olan regionlarda vəziyyətin mürəkkəb olması, özü də bu vəziyyətin çox zaman dövlətlərə və xalqlara qarşı demokratiya və insan haqları pərdəsi altında həyata keçirilən siyasətin nəticəsində olması təəssüf doğurur. Dünya səviyyəsində böyük güclərin arasında ziddiyyətlərin artdığı gərgin beynəlxalq şəraitin höküm sürdüyü bir vaxtda Azərbaycanda seçki qabağı siyasi mühitin sabit, stabil olması uzun müddət aparılan daxili və xarici siyasətin nəticəsində mümkün olmuşdur. Hazırda Azərbaycanda seçkiqabağı ictimai-siyasi sabitlik, mükəmməl seçki sisteminin mövcud olması dövlət müstəqiliyinin bərpasından sonra əldə edilmiş ən böyük uğurlardandır.
Azərbaycan ictimai-siyasi həyatında mühüm amil olan iqtidarla QHT-lər arasında 1999-cu ildən mövcud olan dialoqdan sonra, siyasi partiyalar arasında dialoqun əldə olunması müsbət qiymətləndirilməlidir. Seçki ərəfəsi siyasi partiyalar arasında bir neçə görüşün keçirilməsi siyasi sabitlik üçün ən mühüm amillərdən biri olmuşdur. Seçki ərəfəsi iqtidar və müxalifəti təmsil edən 17 siyasi partiyanın rəhbəri ilə iqtidar rəsmilərinin üç saatlıq görüşü və məsləhətləşmələrin davam etdirilməsi, onların formatının genişləndirilməsi ilə bağlı razılığın əldə olunması seçki qabağı siyasi mühitin sabitliyinə öz töhfəsini vermişdir.
Siyasi partiyaların fəaliyyəti, seçkiyə hazırlıq tədbirlərinin həyata keçirilməsi, sərbəst toplaşmaq, söz və mətbuat azadlığı hüququndan istifadə etməsi, öz fikir və baxışlarını sərbəst şəkildə yayması ilə bağlı hər hansı problem və məhdudlaşdırıcı addım, təşəbbüs qeydə alınmamışdır.
Azərbaycanda dövlət qeydiyyatından keçmiş 55 siyasi partiya fəaliyyət göstərir. 2010-ci ildə keçirilən son parlament seçkilərinin nəticələrinə görə, 11 siyasi partiya Milli Məclisdə (parlamentdə) təmsil olunur: Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Sosial Rifah Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Ümid Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Birliyi Partiyası, Böyük Quruluş Partiyası,  Milli Dirçəliş Hərəkatı Partiyası, Ədalət Partiyası.
“Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən parlamentdə təmsil olunan siyasi partiyalar dövlət büdcəsi tərəfindən maliyyələşdirilir. Dövlət büdcəsindən siyasi partiyalara maliyyə vəsaitinin  ayrılması əvvəlki illərə nisbətən siyasi partiyaların fəaliyyət  imkanlarını daha da genişləndirmişdir.
Ölkədə seçki öncəsi ictimai-siyasi mühitə müsbət təsir göstərən vətəndaş cəmiyyəti institutudur. Hazırda ölkədə dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının sayı 4000-i ötüb. QHT-lərin seçki öncəsi regionlarda aparılan maarifçilik işlərində fəal iştirakı seçki qabağı ictimai-siyasi mühitə müsbət təsir göstərmişdir. QHT-lərin paytaxt və regionlarda öz proqram tədbirlərinin təşkili ilə bağlı diqqətçəkən problemlər və əngəllər müşahidə edilməyib.
AVCİYA hesab edir ki, 2015-ci ilin iyununda keçirilmiş I Avropa oyunları kimi möhtəşəm beynəxalq tədbirə ölkədə vətəndşlarının, siyasi təşkilatların, QHT və KİV-lərin diqqəti cəmləndiyindən seçkilərlə bağlı məsələlərə diqqət əvvəlki aylara nisbətən zəif olmuşdur. Respublikada Milli Məclisə seçkilərə diqqət 2015-ci ilin iyul ayından artmağa başlamışdır. Parlament seçkiləri ərəfəsində ölkədəki əlverişli ictimai-siyasi mühit, siyasi təşkilatlar arasında keçirilən dialoq, vətəndaş cəmiyyəti institutlarının əvvəlki illərdən fərqli olaraq daha da inkişaf etməsi, söz və mətbuat azadlığı sahəsində vəziyyət beynəlxalq standartlara uyğun şəfaf, demokratik seçkilərin keçirilməsi üçün əlverişli zəmin yaradır.

Söz və mətbuat azadlığı   
Hazırda Azərbaycanda 47 tele-kanal fəaliyyət göstərir. Bunlardan 6-sı dövlət (AzTV, İctimai Televiziya, İdman Azərbaycan, Mədəniyyət , Naxçıvan, Kanal 35) 20-si özəl, (ANS, Space TV, Lider TV, ATV, Xəzər TV, Region T, Kəpəz TV (Gəncə), Alternativ TV (Gəncə), Qütb TV (Quba), Mingəçevir TV, Xəyal TV (Quba), Dünya TV (Sumqayıt), Regional TV (Xaçmaz), Cənub TV (Lənkəran), Kanal- S (Şəki), El TV-(Yevlax), Türkel TV, TTV, Günəş, AMMC),   20-si  Peyk, İnternet kabel (AFFA TV, APA TV, Aypara TV, Azad TV, Azadlıq radiosu, Bakılı TV, CBC, CBC Sport,Chat Box, Dəyərlər TV, FC Baku TV, Inter FC TV, İrəli TV, Kanal 13, Muz TV, Qlobal TV, Səs TV, Şahin TV, Vision TV  XL TV) tele kanallarıdır. Bundan başqa xarici dövlətlərdən 10 tele-kanal da yayımlanır. Bunlar  Səhər TV (İran), Türkmeneli TV (İraq), Günaz TV (ABŞ), AzCan TV (Kanada), İnterAz (Rusiya), Amerikanın Səsi (ABŞ), CanAz TV (Türkiyə), Azərbaycan-e Gharbi TV (İran), Hadi TV 3 (Pakistan), Meydan TV (Almaniya) kanallarıdır. Ölkədə fəaliyyət göstərən mətbu nəşrlərin sayı isə 5 minə çatıb.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiq edilib. 2009-cu il mart ayında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri (bundan sonra – layihələr) və digər tədbirləri maliyyələşdirməkdir. Fond müsabiqə əsasında qəzet və jurnalların, juranlistika sahəsində fəaliyyət göstərən QHT-lərin təqdim etdikləri layihələri maliyyələşdirir.
Fond yarandığı gündən demək olar ki, tənqidçi və müxalif mövqedən çıxış edən bütün qəzetlərin layihələrini maliyyələşdirmişdir. Bu zaman Fond yalnız donor kimi çıxış etmiş və benefisiarların redaksiya siyasətinə heç bir təsir göstərməmişdir.
Dövlət tərəfindən çap mediasının layihələrinin maliyyələşdirilməsi və dövlət büdcəsindən onların fəaliyyətinin dəstəklənməsi üçün maliyyə ayrılması qəzet və jurnalların daha səmərəli fəaliyyətinə şərait yaratmışdır.
22 iyul 2015-ci il tarixdə, Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün tikilmiş 2 blokdan və 17 mərtəbədən ibarət, ümumi yaşayış sahəsi 17 min 600 kvadratmetr olan binanın jurnalistlərin ixtiyarına verilməsi, 181 jurnalistin müxtəlif dövlət mükafatları ilə mükafatlandırılması iqtidar ilə KİV mənsublar arasında konstruktiv mühitin olduğunu sübut edir.
Seçkiqabağı ərəfədə yazılı və elektron medianın parlament seçkilərinə bir qədər az diqqət ayırdığı müşahidə olunur. Bunun da əsas səbəbi seçkiyə hazırlıqla bağlı tədbirlərin, kütləvi aksiyaların, müzakirələrin nisbətən az aparılmasındadır.
Əvvəlki seçkilərlə müqayisədə mətbuatın parlament seçkiləri ərəfəsi seçkilərə az diqqət ayırması nəticəsində əvvəlki seçki ərəfəsi siyasi partiyaların bir-birinə qarşı apardıqları əks təbliğata aid yazılara da az rast gəlinib.
İnternet medianın parlament seçkiləri ilə bağlı məsələlərin işıqlandırılmasında son seçkilərə nisbətən daha geniş rol oynadığı müşahidə edilir. Son illər internet media demək olar ki, vətəndaşların əsas məlumat aldığı mənbələrdən biridir.
İnternet medianın verdiyi yeni imkanlar seçki ilə bağlı baş verən proseslər, hadisələr barədə dərhal geniş kütələlərin məlumat almasına imkan verir. Azərbaycan internet mediası bu imkanlardan maksimum istifadə etməyə çalışır. Hesabat dövründəki araşdırmalar sübut edir ki, parlament seçkiləri ərəfəsi ölkədə söz və mətbuat azadlığı sahəsində elə bir ciddi problemlər yoxdur.

Sərbəst toplaşmaq azadlığı   
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyətinin inkişafı sahəsində mühüm irəliləyişlər əldə edib. 1998-ci ilin 13 noyabrında qəbul edilmiş “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu və digər hüquqi sənədlər vətəndaşların sərbəst toplaşmaq azadlığına hüquqi təminat verir. Bu qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq qəbul edilib. Qanun həmçinin Avropa Şurası Venesiya Komissiyasının müsbət rəyini də alıb. Kütləvi aksiyaların keçirilməsi üçün xəbərdarlıq prosedurları, yerin müəyyənləşdirilməsi, toplantıların məhdudlaşdırılması və ya dayandırılması əsasları qanunda dəqiq təsbit edilmişdir. İctimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması, ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və ya cinayətlərin baş verməməsi, əhalinin sağlamlığının mühafizəsi, əxlaq normalarının və mənəviyyatın mühafizəsi, habelə başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Toplantıların keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanından icazə alınmaması qanunun əsas xarakterik cəhətidir. Lakin toplantı keçirmək istəyən hər hansı bir qurum onun təhlükəsisliyinin təmini üçün qabaqcadan müvafiq dövlət qurumlarına xəbər verməsi qanunda nəzərdə tutulub.
“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq paytaxt və bölgələrdə kütləvi aksiyaların keçirilməsi üçün müvafiq yerlər ayrılıb. 9 oktyabr 2015-ci ildə başlayacaq təşviqat kampaniyası ərəfəsi rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetində hər bir rayon və şəhər üçün ayrılmış yerlərin siyahısı dərc ediləcək. Namizədlərin təşviqat kampaniyasının monitorinqi Assosiasiya tərəfindən aparılaraq növbəti hesabatda öz əksini tapacaq.

KİV-in monitorinqinin nəticələri göstərir ki, ümumiyyətlə götürüldükdə bütün qəzetlər 01 may-01 sentyabr 2015-ci il dövründə 2010-cu ilin eyni dövrünə nisbətən seçki mövzusunda az yer ayırmışdır. Fikrimizcə bunun əsas səbəblərindən biri bu ilin iyun ayında Azərbaycanda I Avropa oyunları kimi möhtəşəm bir tədbirin keçirilməsi olmuşdur. Buna görə də qəzetlər əsasən iyul ayından başlayaraq seçki mövzusuna tədricən daha çox yer ayırmağa başlamışlar.Tədqiqat dövründə iqtidar qəzetləri daha çox (39,40%) seçki mövzusuna yer ayırmışdır. Müxalifət qəzetləri bir qədər az (33,00%), müstəqil qəzetlər isə daha az (27,60%) yer ayırmışdır. Ayrıca götürdükdə seçki mövzusuna yer ayrıma göstəricisinə görə iqtidar qəzeti olan “Azərbaycan qəzeti” birinci (98 yazı), müstəqil qəzet olan “Bakı xəbər” qəzeti ikinci (80 yazı) və müxalifət qəzeti olan “Yeni müsvat” qəzeti (77 yazı) üçüncü nəticə göstərmişdir.

SEÇİCİ SİYAHILARI
Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2015-ci il yanvar ayının əvvəllərindən başlayaraq ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesi həyata keçirilib. Qanunvericilikdə nəzərdə tutulduğu kimi, seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib. Dairə seçki komissiyaları isə öz növbəsində seçki dairələri üzrə seçici siyahılarını dəqiqləşdirib, əlaqədar qurumlardan daxil olmuş məlumatlar əsasında bir daha təhlil edərək aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim ediblər. Növbəti mərhələdə MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayaraq orada olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram təminatı vasitəsilə bir daha dürüstləşdirib və artıq bu əhatəli və irimiqyaslı prosesə yekun vurulub. 2015-ci il may ayının 27-də MSK üzvləri və kütləvi informasiya vasitələri nümayəndələrinin də iştirakı ilə Katibliyin İnformasiya Mərkəzində ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantı ilə tanışlıq olub. Son dürüstləşdirmə işləri aparılaraq DSK-lara qaytarılmış seçici siyahılarının çap prosesi, saxlanma şəraiti və digər aidiyyəti məsələlərlə tanış olan Komissiya üzvləri və KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, vahid seçicilər siyahısının tərtib edilməsi, yoxlanılması və dəqiqləşdirilməsi fasiləsiz on-line rejimdə işləyən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib. MSK-nı fiber-optik xətlər üzərindən 125 seçki dairəsinin dairə seçki komissiyaları ilə birləşdirən lokal şəbəkənin yaratdığı sürətli, interaktiv və təhlükəsiz informasiya mübadiləsi seçici siyahılarının ümumiləşdirilməsi prosesini intensivləşdirərək seçici məlumatlarının keyfiyyətli təhlilini təmin edib. Belə ki, seçicilər haqqında ətraflı məlumatların toplanması, siyahıların orfoqrafik və qrammatik baxımdan yoxlanılması, oxşar və təkrar seçici məlumatlarının təhlil edilməsi, həmçinin siyahıların keyfiyyətli hazırlanması və çap olunması üçün dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlardan istifadə edilib.
Seçicilər öz məlumatlarının yoxlanması və məlumatlarında aşkar etdikləri yanlışlıqların aradan qaldırılması ilə bağlı 115 nömrəli qaynar xəttə zəng vura, yaxud internet səhifəsindəki müvafiq “on-line” ərizə formasını dolduraraq MSK-ya ünvanlaya bilərlər ki, bu məlumatlar da bir daha nəzərdən keçirilir və müvafiq araşdırma aparıldıqdan sonra lazımi düzəlişlər edilir. Qeyd etmək lazımdır ki, seçici siyahılarının dəqiqləşdirilməsi təkcə seçki ili və məhdud müddət ərzində deyil, ümumilikdə il boyu müvafiq qurumlarla əməkdaşlıq şəraitində gündəlik əsaslarla davam etdirilir və seçicilərin hərəkət dinamikası barədə müvafiq məlumatlar operativ şəkildə dairə seçki komissiyaları tərəfindən toplanaraq siyahılarda nəzərə alınır. Seçicilərin yenilənmiş siyahısına 5,093,289 seçici daxildir və bunların 51,7%-ni qadınlar təşkil edir.
“Seçki komissiyalarının seçici siyahıları ilә iş qaydaları haqqında” təlimatın 6-cı bəndində “Seçici siyahılarının düzgün tәrtib edilmәmәsinә görә” aşağıdakı mәsuliyyәt nəzərdə tutulur:
6.1. Seçicilәr haqqında mәlumatları tәqdim edәn icra orqanlarının rәhbәrlәri müvafiq mәlumatların düzgünlüyünә, tamlığına vә vaxtında verilmәsinә görә qanunvericiliklә müәyyәnlәşdirilmiş mәsuliyyәt daşıyırlar.
6.2. Seçicinin bilәrәkdәn birdәn çox seçici siyahısına daxil edilmәsinә görә tәqsirkar şәxslәr Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinә uyğun olaraq inzibati mәsuliyyәtә cәlb oluna bilәrlәr.
Seçki Məcəlləsinin tələbləri və MSK tərəfindən 29 avqust 2015-ci il tarixdə qəbul edilmiş ” BEŞİNCİ ÇAĞIRIŞ AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ SEÇKİLƏRİN HAZIRLANIB KEÇİRİLMƏSİ ÜZRƏ ƏSAS HƏRƏKƏT VƏ TƏDBİRLƏRİN T Ə Q V İ M P L A N I”-na müvafiq olaraq seçkilərin günü haqda qərarın dərcindən sonra seçici qrupları, siyasi partiyalar, siyasi partiya blokları tərəfindən namizədlərin irəli sürülməsinə başlanılıb. Aktiv siyasi fəaliyyətlə məşğul olan əksər partiyalar irəli sürdükləri namizədlərin adlarını KİV vasitəsilə ictimaiyyətin diqqətinə çatdırıb. Namizədlərin irəli sürülməsi, imzatoplama kampaniyası barədə AVCİYA-nın oktyabr ayının sonlarında açıqlayacağı hesabatda geniş məlumat veriləcək.
SEÇKİ ADMİNSTRASİYASININ FƏALİYYƏTİ

Hesabat dövründə Mərkəzi Seçki Komissiyasının Milli Məclisə seçkilərlə bağlı fəaliyyəti əvvəlki seçkilərdə olduğu kimi qanuna müvafiq olaraq mərhələli şəkildə aparılmışdır. MSK bu dövrdə 31 qərar qəbul etmişdir ki, bunlar da əsasən deputatlığa namizədin irəli sürülməsi, imza vərəqələrinin verilməsi qaydaları haqqında təlimata dəyişiklik edilməsi, seçkilərdə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakları barədə məlumatların təqdim edilməsi qaydalarının, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması qaydalarının, “Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi, dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi və s. məsələləri əhatə edir. Bundan başqa MSK hesabat dövründə 11 təlimat hazırlamışdır ki, bu da seçki prosesinin normal keçirilməsinə xidmət edir. Həmçinin MSK səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair 5250000 (beş milyon iki yüz əlli min) bildirişin mətbəə üsulu ilə hazırlanması barədə qərar qəbul edib.
Mərkəzi Seçki Komissiyasının qərarı ilə MSK nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec olmayaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına həvalə edilib.
2015-ci il avqustun 14-də Bakı şəhərində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində namizədlərin qeydiyyatı prosedurunun daha da gücləndirilməsi ilə əlaqədar genişmiqyaslı maarifləndirmə tədbirləri keçirilib.
Avqustun 21-də Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihənin birinci mərhələsi çərçivəsində MSK-nın inzibati binasında geniş müşavirə keçirib.
24-26 avqust tarixlərində regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib. Kurslar çərçivəsində MSK təmsilçiləri, dairə seçki komissiyalarının sədrləri, rayonların yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanlarının rəhbər şəxsləri tərəfindən mühazirələr oxunub, təqdimatlar aparılıb ki, bu da aşağı seçki komissiyaları üzvlərinin seçkilərlə bağlı hərtərəfli məlumatlandırılmasına və onların iş təcrübələrinin daha da artırılmasına kömək edib.
Milli Məclisə seçkilərə hazırlıq məqsədilə 2015-ci il avqustun 28-də dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminar keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi”nin təkmilləşdirilmiş yeni imkanları barədə praktiki məlumat vermək, əyani formada istifadə qaydalarını öyrətməkdir. Aparılan müşahidələr göstərir ki, seçki administrasiyası qanuna müvafiq olaraq öz üzərinə düşən işləri vaxtında və dəqiq həyata keçirir.

YERLİ VƏ BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR, SEÇKİLƏRİN MONİTORİNQİ

Seçkilərin ədalətli və şəffaf keçirilməsində müşahidənin mühüm əhəmiyyəti var. Seçkiləri Avropa Şurası, ATƏT, MDB və digər beynəlxalq qurumların müşahidəçilərinin izləyəcəyi gözlənilir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda noyabrın 1-də keçiriləcək seçki prosesini izləmək üçün 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi göndərmək istəyini bildirib. Qısamüddətli müşahidəçilər seçki gününü, seçki prosesini, səsverməni, səslərin sayılmasını izləyəcək. Uzunmüddətli missiyalar isə namizədlərin irəli sürülməsi, onların qeydiyyatı, təşviqat kompaniyasını, seçki komissiyalarının fəaliyyətini və digər işləri müşahidə edəcəklər.
Beynəlxalq qurumlarla yanaşı seçkiləri siyasi partiyaların, QHT-lərin, KİV nümayəndələrinin, hər bir namizədin müşahidəçiləri və digər yerli müşahidəçilərin də izləyəcəyi gözlənilir. Seçkilərin müşahidəsi ilə bağlı daha geniş məlumat növbəti hesabatda təqdim ediləcək.

Nəticələr və tövsiyələr
·        Seçki ərəfəsindəki vəziyyət bir daha sübüt edir ki, regionlarda mərkəzə nisbətən seçki fəallığı aşağı səviyyədədir. Buna görə regionlarda seçki  maarifçilik işinin daha da genişləndirilməsinə ciddi ehtiyac var;
·        Şikayətlərə daha operativ baxılmasını təmin etmək üçün “Seçki Məcəlləsi”ndə şikayətlərin verilməsi ilə bağlı müəyyən olunmuş 3 gün müddətinin qısaldılması və ərizələrin tərtibinin sadələşdirilməsi tövsiyə olunur;
·        Bu il iqtidar və müxalifət siyasi partiyalar arasında dialoqun baş tutması seçki öncəsi Azərbaycan ictimai-siyasi həyatında mühüm hadisədir. Ölkədə siyasi mühitin daha da demokratikləşdirilməsi üçün iqtidar və müxalifət siyasi partiyalar arasında dialoqun davam etdirilməsi konstruktiv seçki mühitinin inkişafına kömək edə bilər;
·         Milli Məclisdə təmsil olunan partiyalarla yanaşı, parlamentdə təmsil olunmayan, lakin ölkə üzrə geniş fəaliyyəti və strukturları olan partiyalara da dövlət büdcəsindən maliyyə vəsaitinin  ayrılması ölkədə vətəndaş sülhünün daha möhkəm olmasına zəmanət verə bilər;
·        Gender bərabəliyinin təmin olunması üçün səylərin artırılması, namizədlər sırasında əvvəlki seçkilərə nisbətən daha çox qadın namizədlərin olması sahəsində təbliğatın genişləndirilməsi arzu olunandır;
·        QHT-lərin regionlarda fəallığını artırmaq məqsədilə onlar üçün daha münbit şəraitin yaradılmasına ehtiyac var;
·        QHT-lərin qeydiyyatdan keçmə prosedurunun sadələşdirilməsi, QHT-iqtidar əməkdaşlığının daha da genişləndirilməsi vətəndaş cəmiyyəti institutlarının inkişafına müsbət təsir göstərə bilər və s.

AVCİYA Seçki qərargahının rəhbəri:            M.P. Zülfüqarlı