Mərkəzi Seçki Komissiyasının sədri referendumun ilkin nəticələrini açıqlayıb

Bakı Bəyannaməsi: Terrorizm, separatizm və zorakı ekstremizmlə mübarizə sahəsində əməkdaşlıq gücləndirilməlidir
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib
AVCİYA Prezident seçkiləri ilə əlaqədar Aralıq Hesabatı təqdim etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 26-da referendumun ilkin nəticələri ilə bağlı “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, M.Pənahov Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər olunması ilə bağlı ümumxalq səsverməsində seçicilərin fəal iştirak etdiklərini bildirib. Ölkə üzrə bütün məntəqələrdə səsvermə səhər 8-də başlayıb və saat 19-da başa çatıb. MSK qanunla nəzərdə tutulmuş qaydada seçki prosesinin təşkilini təmin edib. Gün ərzində məntəqələrdə səsvermənin gedişi barədə məlumatlar beş dəfə – saat 10-da, 12-də, 15-də, 17-də və 19-da Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi şəbəkəsi üzərindən xüsusi proqram təminatı vasitəsilə birbaşa MSK-ya ötürülərək internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunub.
MSK sədri diqqətə çatdırıb ki, referendum 125 seçki dairəsi üzrə 5627 seçki məntəqəsində keçirilib. Ölkə üzrə qeydə alınmış seçicilərin sayı 5 milyon 276 min 111 nəfər olub. Seçki məntəqələrinə 5 milyon 280 min 924 səsvermə bülleteni paylanılıb. Seçki dairələri dairə seçki komissiyalarının hamısı kompyuterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Məntəqələr gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün ultrabənövşəyi lampalar və s. zəruri materiallarla tam təchiz edilib. Ümumxalq səsverməsi ilə əlaqədar 119 seçki dairəsi üzrə min seçki məntəqəsində onlayn rejimdə işləyən veb-kameralar quraşdırılıb.
Bu dəqiqələrədək seçki məntəqələrinin 70,2 faizindən, yəni 3950-sindən məlumatlar MSK-ya daxil olub. Ümumi fəallıq 69,7 faiz olub. Seçicilərin 3 milyon 671 min 707 nəfəri səsvermədə iştirak edib. Səslərin sayılması, hesablanması və MSK-ya çatdırılması müşahidəçilərin, KİV nümayəndələrinin və bütün maraqlanan tərəflərin iştirakı ilə həyata keçirilib. Ümumilikdə referendum bütün məntəqələrdə Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilib. Referendumun baş tutması üçün seçicilərin 25 faizi iştirak etməli idi. İlkin nəticələrə əsasən, seçicilərin 69,7 faizi iştirak etdiyinə görə referendum baş tutmuş sayılır. Otuz dairə tam şəkildə nəticələrini təsdiq edib.
M.Pənahov vurğulayıb ki, referendum günü səsvermənin gedişini Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla 18 beynəlxalq qurumdan 117 beynəlxalq müşahidəçi izləyib. Bunlar 33 ölkənin vətəndaşlarıdır. Səsvermə prosesinin müşahidəsinə öz təşəbbüsləri ilə və siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, referendum üzrə təşviqat qruplarının təşəbbüsü ilə akkreditasiyadan keçmiş 53 min 531 yerli müşahidəçi qatılıb. Ümumxalq səsverməsinin gedişini kifayət qədər çox sayda həm yerli və həm də xarici KİV nümayəndələri ətraflı işıqlandırıblar.
Mətbuat konfransında diqqətə çatdırılıb ki, səsvermə ümumən sakit şəraitdə keçib, seçicilər özlərinin iradələrini sərbəst şəkildə ifadə ediblər. Məntəqə seçki komissiyaları vəzifələrinin öhdəsindən yüksək səviyyədə gəlib və səsvermə prosesində xoşagəlməz hadisələr baş verməyib. Ümumilikdə, gün ərzində MSK-ya qanun pozuntusu ilə əlaqədar heç bir rəsmi müraciət daxil olmayıb. Amma telefon bağlantıları ilə komissiya üzvlərinə ayrı-ayrı yerlərdə olan proseslər barədə məlumatlar verilib, bəzi hallarda müəyyən məsələlərlə bağlı müsbət və ya mənfi fikirlər ifadə olunub. Hesab edirik ki, artıq sabahdan Mərkəzi Seçki Komissiyasına müraciətlər daxil olacaq və biz bu müraciətlərə baxacağıq.
Mən Azərbaycan ictimaiyyətindən, müşahidəçilərdən və ümumiyyətlə, maraqlananlardan xahiş edirəm ki, əgər hansısa narazılıqları varsa, MSK-ya rəsmi müraciət etsinlər. MSK sentyabrın 27-də tam tərkibdə işləyəcək. Əgər hansısa müraciət daxil olsa, biz onu qanunun tələbinə uyğun surətdə araşdıracağıq.
Gün ərzində bəzi KİV təmsilçiləri bizdən referendumun baş tutması məsələsini soruşurdu. Təbii, bu sual artıq ortadan qalxıb.
Mən Referendum Aktı layihəsinin əsasında hazırlanmış bülletendəki 29 hissənin hər biri üzrə seçicilərin münasibətini diqqətə çatdırmaq istəyirəm. Bir məsələni də vurğulamaq lazımdır, referendumda səsverməyə çıxarılan məsələ seçicilərin 50 faiz+1 səsini toplayırsa, qəbul edilmiş sayılır. Ona görə hesab edirəm ki, lehinə və əleyhinə verilmiş, həmçinin etibarsız hesab olunmuş səslərin sayını diqqətə çatdırmaq kifayətdir. Bir daha bildirmək istəyirəm ki, məntəqələrdən protokollar daxil olduqca, bu rəqəmlər dəyişəcək.
Daxil olan protokollar üzrə ilkin nəticələr aşağıdakı kimidir:
Bülletenin 1-ci hissəsi: lehinə 2 milyon 622 min 406 səs – 84,8 faiz. Əleyhinə 228 min 384 səs – 8,6 faiz. Etibarsız 178 min 640 səs – 6,69 faiz.
2-ci hissə: lehinə 2 milyon 267 min 253 səs – 84,9 faiz. Əleyhinə 225 min 892 səs – 8,5 faiz. Etibarsız 176 min 285 səs – 6,6 faiz.
3-cü hissə: lehinə 2 milyon 269 min 527 səs – 85 faiz. Əleyhinə 224 min 362 səs – 8,4 faiz. Etibarsız 175 min 541 səs – 6,6 faiz.
4-cü hissə: lehinə 2 milyon 277 min 80 səs – 85,3 faiz. Əleyhinə 221 min 425 səs – 8,3 faiz. Etibarsız 170 min 925 səs – 6,4 faiz.
5-ci hissə: lehinə 2 milyon 274 min 594 səs – 85,2 faiz. Əleyhinə 218 min 972 səs – 8,2 faiz. Etibarsız 175 min 864 səs – 6,6 faiz.
6-cı hissə: lehinə 2 milyon 277 min 382 səs – 85,3 faiz. Əleyhinə 222 min 427 səs – 8,3 faiz. Etibarsız 169 min 621 səs – 6,4 faiz.
7-ci hissə: lehinə 2 milyon 329 min 108 səs – 87,3 faiz. Əleyhinə 191 min 894 səs – 7,2 faiz. Etibarsız 148 min 428 səs – 5,6 faiz.
8-ci hissə: lehinə 2 milyon 252 min 803 səs – 84,4 faiz. Əleyhinə 232 min 666 səs – 8,7 faiz. Etibarsız 183 min 961 səs – 6,9 faiz.
9-cu hissə: lehinə 2 milyon 326 min 766 səs – 87,2 faiz. Əleyhinə 192 min 151 səs – 7,2 faiz. Etibarsız 150 min 513 səs – 5,6 faiz.
10-cu hissə: lehinə 2 milyon 332 min 48 səs – 87,4 faiz. Əleyhinə 191 min 976 səs – 7,2 faiz. Etibarsız 145 min 406 səs – 5,5 faiz.
11-ci hissə: lehinə 2 milyon 329 min 987 səs – 87,3 faiz. Əleyhinə 192 min 574 səs – 7,2 faiz. Etibarsız 146 min 869 səs – 5,5 faiz.
12-ci hissə: lehinə 2 milyon 332 min 214 səs – 87,4 faiz. Əleyhinə 191 min 986 səs – 7,2 faiz. Etibarsız 145 min 230 səs – 5,4 faiz.
13-cü hissə: lehinə 2 milyon 298 min 72 səs – 86,1 faiz. Əleyhinə 205 min 674 səs – 7,7 faiz. Etibarsız 165 min 684 səs – 6,2 faiz.
14-cü hissə: lehinə 2 milyon 228 min 62 səs – 83,5 faiz. Əleyhinə 245 min 574 səs – 9,2 faiz. Etibarsız 195 min 794 səs – 7,3 faiz.
15-ci hissə: lehinə 2 milyon 220 min 977 səs – 83,2 faiz. Əleyhinə 249 min 165 səs – 9,3 faiz. Etibarsız 199 min 288 səs – 7,5 faiz.
16-cı hissə: lehinə 2 milyon 330 min 760 səs – 87,3 faiz. Əleyhinə 190 min 755 səs – 7,2 faiz. Etibarsız 147 min 915 səs – 5,5 faiz.
17-ci hissə: lehinə 2 milyon 355 min 658 səs – 88,3 faiz. Əleyhinə 176 min 171 səs – 6,6 faiz. Etibarsız 137 min 601 səs – 5,2 faiz.
18-ci hissə: lehinə 2 milyon 327 min 314 səs – 87,2 faiz. Əleyhinə 192 min 134 səs – 7,2 faiz. Etibarsız 149 min 982 səs – 5,6 faiz.
19-cu hissə: lehinə 2 milyon 333 min 453 səs – 87,4 faiz. Əleyhinə 189 min 790 səs – 7,1 faiz. Etibarsız 146 min 187 səs – 5,5 faiz.
20-ci hissə: lehinə 2 milyon 430 min 9 səs – 91 faiz. Əleyhinə 128 min 258 səs – 4,8 faiz. Etibarsız 111 min 163 səs – 4,2 faiz.
21-ci hissə: lehinə 2 milyon 434 min 319 səs – 91,2 faiz. Əleyhinə 125 min 16 səs – 4,7 faiz. Etibarsız 110 min 95 səs – 4,5 faiz.
22-ci hissə: lehinə 2 milyon 384 min 446 səs – 89,3 faiz. Əleyhinə 153 min 907 səs – 5,8 faiz. Etibarsız 131 min 77 səs – 4,9 faiz.
23-cü hissə: lehinə 2 milyon 243 min 546 səs – 87,8 faiz. Əleyhinə 181 min 414 səs – 6,8 faiz. Etibarsız 144 min 470 səs – 5,4 faiz.
24-cü hissə: lehinə 2 milyon 343 min 995 səs – 87,8 faiz. Əleyhinə 181 min 686 səs – 6,8 faiz. Etibarsız 143 min 749 səs – 5,4 faiz.
25-ci hissə: lehinə 2 milyon 344 min 105 səs – 87,8 faiz. Əleyhinə 181 min 736 səs – 6,8 faiz. Etibarsız 143 min 589 səs – 5,4 faiz.
26-cı hissə: lehinə 2 milyon 347 min 217 səs – 87,9 faiz. Əleyhinə 179 min 910 səs – 6,7 faiz. Etibarsız 142 min 303 səs – 5,3 faiz.
27-ci hissə: lehinə 2 milyon 349 min 362 səs – 88 faiz. Əleyhinə 177 min 640 səs – 6,7 faiz. Etibarsız 142 min 428 səs – 5,3 faiz.
28-ci hissə: lehinə 2 milyon 246 min 343 səs – 84,2 faiz. Əleyhinə 238 min 597 səs – 8,9 faiz. Etibarsız 184 min 490 səs – 6,9 faiz.
29-cu hissə: lehinə 2 milyon 253 min 866 səs – 84,4 faiz. Əleyhinə 235 min 718 səs – 8,8 faiz. Etibarsız 179 min 846 səs – 6,7 faiz.
M.Pənahov deyib: “Hesab edirəm ki, yaxın saatlarda bütün məntəqələrdən daxil olan nəticələr bizim internet səhifəmizdə yerləşdiriləcək. Lehinə verilmiş səslərin kifayət qədər çox olduğunu nəzərə alaraq, deyə bilərəm ki, referenduma çıxarılmış 29 hissənin hamısı Azərbaycan seçiciləri tərəfindən rəğbətlə qarşılanıb və bunların hamısı artıq qəbul olunmuş hesab edilə bilər”.
Protokolların hələ də daxil olduğunu vurğulayan MSK sədri bildirib ki, yəqin nəticələrlə bağlı heç kəsdə şübhə yoxdur. Bir daha təkrar edirəm ki, biz bütövlükdə ilkin nəticələri sentyabrın 27-də günün birinci yarısında rəsmi şəkildə ictimaiyyətə çatdıracağıq. İlkin nəticələr hələ rəsmi nəticələr demək deyil. Lakin Mərkəzi Seçki Komissiyası rəsmi orqan olduğu üçün biz bunu elan edirik. Bir qayda olaraq, indiyə qədər olan seçkilərimizdə ilkin nəticələrlə rəsmi nəticələr arasında müəyyən fərqlər olsa belə, ümumi beynəlxalq praktikada qəbul edilmiş həddi keçmirdi. Hesab edirəm ki, indi də hər hansı bir qeyri-adi hadisə baş verməyəcək.
MSK bundan sonra öz işini daxil olacaq müraciətlərin baxılmasına həsr edəcək. Çünki biz referendumun nəticələrini ümumiləşdirir və elan edirik. Bu prosesi 20 günə başa çatdırmalıyıq. Ümumiyyətlə, nəticələrin dərc olunması ilə birlikdə bu proses 25 günü keçməməlidir.
Məzahir Pənahov bildirib ki, səsvermə çox rahat, sakit keçib, yüksək seçici fəallığı müşahidə edilib. Bütün beynəlxalq və yerli müşahidəçilər seçicilərin fəallığını xüsusi vurğulayıblar. Gün ərzində müşahidəçilərin kütləvi informasiya vasitələrinə verdikləri müsahibələr bir daha təsdiq edir ki, Azərbaycan seçiciləri ümumxalq səsverməsinə çıxarılan Referendum Aktına çox ciddi yanaşıb və səs vermək üçün məntəqələrə axışıblar.
Diqqətə çatdırılıb ki, gün ərzində Mərkəzi Seçki Komissiyasının internet saytına 118 min 158 müraciət olub. Bu, hələ ilkin rəqəmdir.
“Hesab edirəm ki, MSK referendumun hazırlanıb keçirilməsi üçün öz vəzifəsinin öhdəsindən gələ bildi. Aşağı seçki komissiyaları yüksək peşəkarlıq nümayiş etdirdi. Bu, müşahidəçilər tərəfindən də bir qayda olaraq vurğulanıb. Mən bir daha Azərbaycan seçicilərinə, referendumu izləyən yerli və xarici müşahidəçilərə, KİV nümayəndələrinə öz minnətdarlığımı bildirirəm”, – deyə Məzahir Pənahov qeyd edib.
Sonda MSK sədri jurnalistlərin suallarına cavab verib.