Avrasiya İqtisadi Birliyi gömrük ittifaqı çətin ki, 2010-cu ilin əvvəlində fəaliyyətə başlasın

Azərbaycan tamaşaçısı daha çox hansı telekanallara və hansı verilişlərə baxır?
Qərb Ermənistana Rusiyadan daha çox təsir etmək istəyir
“Xocalı soyqırımı haqqında” qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub

“Rusiya, Qazaxıstan və Belarus arasında gömrük ittifaqının yaradılmasında müsbət tərəflərin olmasına baxmayaraq çətin ki, ittifaq təşkili ilə bağlı qərar 2010-cu ilin əvvəlində qüvvəyə minsin”, – ekspertlər hesab edir.
“Rusiya, Qazaxıstan və Belarus arasındakı ittifaqın 2010-cu ilin yanvarına kimi reallaşacağına əmin deyiləm. Buna səbəb isə Rusiya və Belarus arasında olan bəzi çətinliklərdir”, – Rusiya üzrə avropalı ekspert Ştefan Mayster hesab edir.
Rusiyanın Baş nazirinin müavini İqor Şuvalov ötən cümə deyib ki, Rusiya, Belarus və Qazaxıstan arasında Avrasiya İqtisadi Birliyi çərçivəsində gömrük ittifaqı 2010-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək. Nazir müavininin sözlərinə əsasən, Qazaxıstanla 12 faiz razılaşdırılmamış məsələ qalıb.
“Sənədlər qəbul edilib, normativ baza var. 27-dən artıq beynəlxalq razılaşmalar fəaliyyətdədir, 20-ni isə razılaşdırmaq lazımdır. Razılaşdırılma məsələsində yolun yarısı qət edilib”, – Şuvalov qeyd edib. Onun sözlərinə əsasən, 2010-cu il yanvarın 1-dən yeni qurumun işə düşməyi üçün heç bir maneə yoxdur.
Lakin ekspertlərin fikrincə yaradılmaqda olan ittifaqda iştirakçı-ölkələr arasında hələ bir sıra problemlər mövcuddur və işə başlayanadək onları həll etmək vacibdir.
Rusiyalı ekspert Vladimir Jarixinin fikrincə, bu tip layihələrin həyata keçirilməsi üçün müəyyən siyasi maneələr var. Çünki gömrük sahələrinə inteqrasiya, həmçinin siyasi inteqrasiyanı nəzərdə tutur.
“Siyasi inteqrasiya çox ağır prosesdir və postsovet ölkələrinin suveren səlahiyyətlərinin birgə istifadəyə verməkdən çəkinmələri başa düşüləndir”, – MDB Ölkələri İnstitutunun direktor müavini Jarixin Moskvadan telefonla Trend News-a deyib.
Bundan əlavə, ekspertlərin fikrincə, sözügedən ölkələr arasında münasibətlərin yaxşı olmasına baxmayaraq, aralarında ciddi fakir ayrılıqları var. Həm Qazaxıstan, həm də Belarus bilavasitə Rusiyanın təsiri altına düşmək istəmirlər.
“Gömrük ittifaqının yaradılması inteqrasiya ilə bağlı heç də bütün problemləri həll etmir. Səbəb isə hər bir ölkənin öz milli marağını üstün tutmasındadır”, – qazax ekspert Dosım Satpayev deyib.
Misal üçün, Belarus Avropa İttifaqının “Şərq tərəfdaşlığı” layihəsində iştirakından mənfəət əldə etdiyi halda rəsmi Minsk gömrük ittifaqına marağını itirmiş olacaq. Bu barədə elektron poçtla Trend News-a Almaniyanın xarici siyasət şurasının eksperti Mayster deyib.
Onun fikrincə, Qazaxıstan Çinlə əməkdaşlığını daha da dərinləşdirir. Amma Qazaxıstan nə Çinin, nə də Rusiyanın həddindən çox daxili siyasətinə təsir etmələrinə razı deyil.
“Bir tərəfdən Qazaxıstan inteqrasiya lehinədir, digər təəfdən isə daxili bazarının qorunması tərəfdarı olduğunu dilə gətirir”, – Astanadan telefonla risklərin dəyərləndirilməsi qrupunun direktoru Satpayev Trend News-a deyib.
Sözügedən ittifaqın yaradılması əsasən Rusiya, Avropa və digər iki ölkədə mövcud qlobal maliyyə böhranı şəraitində olan iqtisadi vəziyyətdən asılıdır.
“Rusiya getdikcə zəifləsə və Aİ möhkəmlənsə Qazaxıstanla Belarus istiqamətlərini Avropaya yönəldəcəklər. Belə olduqda onların Rusiya ilə konstruktiv gömrük ittifaqı yaradacaqları inandırıcı deyil”, – MDB dövlətləri üzrə avropalı ekspert Aleksandr Rar bildirib.
Satpayevin sözlərinə əsasən, gömrük ittifaqının yaradılmasına Rusiyanın ambisiyaları mane ola bilər. Ekspert əlavə edib ki, Moskva ittifaqda lider olmaq istəyini ortaya qoysa və öz şərtlərini digər iki ölkəyə qəbul etdirmək niyyətində olsa Qazaxıstan və Belarus buna mənfi yanaşacaq.
Ekspert Jarixinin fikrincə, ittifaqın 2010-cu ilin əvvəlində işə başlaması üçün mövcud çətinliklərin aradan qaldırılması şərtdir
Bu tip ittifaqların yaradılması kapital yerdəyişməsi, xidmət və işçi qüvvəsi prosedurunu asanlaşdıracaq. Gömrükdə faiz dərəcələri azaldıqda isə ittifaq üzvü olan dövlətlərin qarşılıqlı ticarəti daha səmərəli olacaq.
Avrasiya İqtisadi Birliyi beynəlxalq iqtisadi təşkilatdır və onun funksiyası üzv ölkələrin ümumi xarici gömrük sərhədlərinin, vahid xarici iqtisadi siyasətinin və tariflərin formalaşdırılmasından ibarətdir.
Təşkilata Belarus, Qazaxıstan, Rusiya, Qırğızıstan və Türkmənistan daxildir. Ötən ilin sonunda Özbəkistan təşkilatda iştirakını dayandırdı. /Trend/