AVCİYA Qaxda 45 məntəqəni müşahidə edib

Bədii qiraət müsabiqəsi yekunlaşır
Deputatların sayını iki dəfə artırmaq mümkündür
AVCİYA Milli Məclisə növbədənkənar seçkilərlə bağlı Aralıq hesabatı təqdim etdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahı noyağrın 7-də Milli Məclisə keçirilən seçkilərdə müşahidə missiyasını həyata keçirib. Assosiasiyanın Qax rayonu üzrə kooordinatoru Atəş Babayevlə seçki günündən əvvəl aparılan hazırlıq işləri və seçki günü proseslərin müşahidəsi ilə bağlı söhbət etdik. Söhbətimizi qısa ixtisarla oxucuların diqqətinə çatdırırıq.
– Atəş müəllim, koordinatoru olduğunuz rayonda parlament seçkiləri öncəsi hazırlıq işləri necə həyata keçirilib?
– 7 noyabr parlament seçkiləri ilə əlaqədar müşahidəçilik sahəsində Qax rayonunda geniş şəkildə işlər həyata keçirilib. Belə ki, hələ parlament seçkilərindən əvvəl Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən ciddi hazırlıq işlərinə başlanıldı. Qax rayonu üzrə müşahidə missiyasını həyata keçirmək üçün insanlar toplandı. Bu insanlar arasında seçim assosiasiya tərəfindən bizə tövsiyə olunmuş qaydalara uyğun aparıldı. Bundan əlavə həmin müşahidəçilər təlimlərdə iştirak etdi. Onlara müşahidəçilik missiyası ilə bağlı yerli və beynəlxalq təcrübədən irəli gələn məsələlər barədə məlumat verildi. Növbəti mərhələdə isə tərəfimizdən həmin müşahidəçilərin sənədləri toplanaraq Dairə Seçki Komissiyasına təqdim edildi. 45 məntəqə üzrə seçkiləri müşahidə edəcək müşahidəçilərimiz DSK-da qeydiyyata alındı. İşləri müvafiq qanunvericiliyə uyğun təşkil etdiyimizdən qeydiyyat məsələsində heç bir problemimiz olmadı. Bundan sonra isə yenidən müşahidəçilər üçün seminar təşkil edildi və bir sıra sual doğuran məqamlara aydınlıq gətirildi. Eyni zamanda onların hər birinə assosiasiya tərəfindən müşahidəçilər üçün çap edilmiş «Yaddaş Kitabçası» da təqdim edildi.
– Seçki günü müşahidəçilərlə bağlı hər hansı problem yaranmadı?
– Xeyr, elə bir ciddi problemimiz olmadı. 45 məntəqə üzrə müəyyən olunmuş müşahidəçilərin hər biri qaydalara müvafiq olaraq hərəkət edib. Belə ki, AVCİYA Seçki Qərargahı tərəfindən telefon vasitəsilə onların müşahidə apardığı məntəqələrdə hər hansı problemin olub-olmaması, həmçinin seçici fəallığı ilə bağlı məlumatlar mütamadi şəkildə qəbul edilib. Eyni zamanda həmin rayon üzrə koordinator olduğum üçün gün ərzində məntəqələri gəzdim və assosiasiyanı təmsil edən müşahidəçilərimizin fəaliyyəti ilə yaxından maraqlandım. Apardığım müşahidələrə əsasən deyə bilərəm ki, Azərbaycanda 7 noyabrda palamentə keçirilən seçkilər demokratik şəraitdə keçdi, əvvəlki seçkilərdən fərqil olaraq namizədliyini irəli sürən insanlar arasında heç bir qarşıdurma olmadı.
– Qax rayonu üzrə seçici fəallığı neçə faiz oldu?
– Seçici faizləri ilə bağlı Seçki Qərargahı tərəfindən mütəmadi şəkildə müvafiq vaxtlarda məlumatlar qəbul edilirdi. Bütövlükdə rayonumuz üzrə seçici fəallığı 48,2 faiz oldu. Bundan əlavə qeyd etməliyəm ki, müşahidəçilər tərəfindən seçki günü ciddi qanun pozuntusu qeydə alınmayıb. Bir neçə məntəqəmizdə müşahidə missiyasını ilk dəfə həyata keçirən insanlar var idi. Onlar da bu işi çox uğurla başa çatdırdılar.
– Yekun protokolların əldə olunması problem yaratmadı ki?
– Hər bir məntəqə üzrə yekun protokolların surəti müşahidəçilər tərəfindən əldə olunub. Bu məsələdə hər hansı problemlər yaşanmayıb. Artıq əldə olunmuş protokolların surəti də assosiasiyaya təqdim edilib.
– Sizcə, seçki günü müşahidəçilər öz işlərinin öhdəsindən gələ bildilərmi?
– Bu dəfə təşkil edilmiş müşahidə missiyasında daha çox gənclərə üstünlük verildi. Onlar seçki günü apardıqları müşahidə zamanı sual yarandığı anda telefonla mənə müraciət edirdilər. Mən də öz növbəmdə bu sualları cavablandırmağa çalışırdım. Gənclərin müşahidə missiyasına cəlb edilməsinin əsas məqsədi onların bu sahədə təcrübəsinin artırılmasına istiqamətlənib.