Oruc Zalov: “İctimai polislə sovet dövrünün “drujinaçılar”ı arasında heç bir oxşarlıq yoxdur”

İran və Azərbaycan əlaqələrin inkişaf etdirilməsində maraqlıdır – yeni səfir
ABŞ səfiri Ann Dersi: “ABŞ Azərbaycanla birgə ekstremist və nifrət daşıyan ideologiyalarla mübarizə aparır”
Azərbaycanda 130 illik neft emalı tarixində ilk dəfə emal dərinliyi 80,4% səviyyəyə çatıb

Azərbaycan daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalovun APA-ya müsahibəsi
– “Polis haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi hansı zərurətdən irəli gəlib?
– Son illər “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair” Dövlət Proqramına və müasir dövrün tələblərinə uyğun olaraq ictimai təhlükəsizliyin, cinayətkarlıqla mübarizənin səviyyəsinin yüksəldilməsi, ictimaiyyətlə, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin hərtərəfli möhkəmləndirilməsi, insanların hüquq və azadlıqlarının təmini məqsədilə Daxili İşlər Nazirliyi sistemində mühüm funksional və struktur dəyişiklikləri aparılıb.
Görülən işlər çərçivəsində polis sahə inspektorlarının fəaliyyətinin də səmərəsinin artırılmasına zərurət yarandığından cinayətkarlıqla mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi işində onların rolunun artırılması məsələsi diqqət mərkəzində saxlanılıb. Bu baxımdan ATƏT-in Bakı ofisinin dəstəyi ilə 2006-cı ildən Mingəçevir şəhərində “İctimai dəstəkli polis” layihəsi həyata keçirilib. 2007-ci ildən isə DİN-in təşəbbüsü ilə Bakının Nərimanov, Binəqədi, respublikanın Gəncə, Mingəçevir, Xaçmaz, Şirvan və Lənkəran şəhər, rayon polis orqanlarında polis sahə inspektorlarının xidməti eksperiment qaydasında “inzibati ərazinin rəisi” statusunda təşkil olunub. Layihənin əsas məqsədi inzibati ərazidə cinayətkarlığın vəziyyətinin dərindən öyrənilməsi, neqativ təmayüllərin səbəb və şəraitinin vaxtında müəyyən edilib aradan qaldırılması, hüquqpozmaların qarşısının alınması üzrə işlərin daha da intensivləşdirilməsi, polis sahə inspektorlarının digər maraqlı xidmətlərlə, ictimaiyyətlə qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi, qanun pozuntularına, münaqişəli vəziyyətlərə əməli və çevik reaksiya verməsi, ictimaiyyət nümayəndələrinin hüquqi maarifləndirmə və tərbiyəvi işə yaxından cəlb edilməsidir. İnzibati ərazi rəislərinə əlavə olaraq vətəndaşların cinayət xarakterli olmayan müraciətlərini və tibb müəssisələrinin məlumatlarını ilkin araşdırmaq, müvafiq qərar qəbul etmək, o cümlədən ailə-məişət xarakterli, qonşular arasında olan mübahisələr ilə bağlı ərizə və şikayətlərə baxmaq, qanunvericiliyin pozulması ilə əlaqədar xidməti ərazidə yerləşən müəssisə və təşkilatlar qarşısında vəsatətlər qaldırmaq, bütövlükdə xidməti ərazinin problemləri ilə məşğul olmaq, Azərbaycan prezidentinin 2000-ci ildə imzaladığı Fərmanda nəzərdə tutulan inzibati, o cümlədən yol-hərəkəti qaydaları əleyhinə olan xətalara görə yerində cərimələr tətbiq etmək səlahiyyətləri verilib. İnzibati ərazi rəislərinin fəaliyyətinin effektivliyinin artırılmasına yönələn normativ hüquqi baza yaradılıb, inzibati ərizələrin, orada fəaliyyət göstərəcək İctimai şuranın vəzifə və funksiyalarının, strukturunun, hüquqi statusunun müəyyənləşdirilməsi məqsədi ilə daxili işlər nazirinin müvafiq əmri ilə “İnzibati ərazi haqqında” və “Hüquq qaydasının təmini üzrə İctimai Şura haqqında” əsasnamələr təsdiq edilib.
Vəziyyətin öyrənilməsi göstərir ki, inzibati ərazi rəislərinin sakinlərlə daha çox təmasda olması, polis sahə məntəqələrində vətəndaşların gündəlik qəbulu, ərazinin problemləri ilə bağlı görüşlərin keçirilməsi, yerli kütləvi informasiya vasitələri ilə çıxışların edilməsi, məqalələrin dərc olunması və s. bu kimi təbliğat-maarifləndirmə işlərinin aparılması ictimaiyyət arasında polisə olan inam və etibarı daha da artırıb. Ərazinin sosial, kommunal problemləri ilə bağlı aidiyyəti təşkilatlar qarşısında vəsatətlər qaldırmaq, onların icrasını təmin etmək kimi səlahiyyətlər və təcrübədə bu imkanlardan istifadə edilməsi inzibati ərazi rəislərinin də nüfuzunu gücləndirir.
Eksperimentin tam həcmdə həyata keçirildiyi Mingəçevir və Xaçmaz şəhər, rayon polis orqanlarının inzibati ərazi rəisləri tərəfindən daxili işlər nazirinin müvafiq əmrinin tələblərinə uyğun olaraq 2007-2008-ci illər və cari ilin birinci rübündə tibb müəssisələrindən daxil olmuş 699 məlumat (Mingəçevir – 263, Xaçmaz – 436) araşdırılaraq müvafiq qərarlar qəbul edilib. Qeyd olunan səlahiyyətlərin polis sahə inspektorlarına həvalə edilməsi onların sakinlərlə daha sıx münasibət saxlamalarına zəmin yaratmaqla bərabər, təhqiqat aparatının iş yükünün azalması ilə müşayiət olunub. Belə ki, ötən ilin birinci rübü ilə müqayisədə təkcə Xaçmaz rayon Polis Şöbəsinin təhqiqatçıları tərəfindən baxılan cinayət xarakterli məlumatların sayı 52 faiz, o cümlədən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qəbul olunan qərarlar 39,3 faiz azalıb.
Polisin sosial funksiyalarını genişləndirən yeni iş metodlarının tətbiqi, beynəlxalq təcrübəyə uyğun aparılan islahatlar, ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi sadə vətəndaşlar arasında da rəğbətlə qarşılanmışdır.
Eksperimentlərlə bağlı Bakının Nərimanov, Binəqədi, respublikanın Gəncə, Mingəçevir, Lənkəran, Şirvan və Xaçmaz şəhər və rayonlarının hər birində 200 nəfər, ümumilikdə 1400 respondent arasında keçirilən sorğuda rəyi soruşulanların böyük əksəriyyəti müsbət fikirlər söyləyib. Məhz bu baxımdan “Polis haqqında” qanuna əlavə və dəyişiklik üçün zərurət yarandı. Bu işin daha səmərəli həyata keçirilməsi məqsədi ilə İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edildi.
İnzibati ərazi rəislərinin hüquq və vəzifələrinin qanunvericiliklə təsbit olunması məqsədilə dövlət başçısı qarşısında vəsatət qaldırılıb və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan şəxslərin Siyahısı”na əlavə edilməsi haqqında” Azərbaycan prezidentinin 12 may 2009-cu il tarixli fərmanı ilə polis sahə rəislərinə İnzibati Xətalar Məcəlləsinin 28 müxtəlif maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti verilib.
– Başqa hansı ölkələrdə ictimai dəstəkli polis var? Hansı ölkələrin təcrübəsindən istifadə etmisiniz?
– Biz bu layihəni həyata keçirəndə əməkdaşlarımızı ilk olaraq ATƏT-in Bakı ofisinin dəstəyi ilə İngiltərəyə, London şəhərinə ezam etdik. Daha sonra bir sıra ərazi polis orqanlarının rəhbər vəzifəli əməkdaşlarının Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfərləri təşkil edildi. Dünyanın əksər dövlətində polislə ictimaiyyət arasında qarşılıqlı inam, etimad, polisin insanlarla sağlam və işgüzar əlaqələrinin təşkili istiqamətində müvafiq tədbirlər görülüb. Təcrübə göstərir ki, ictimaiyyətin gücündən düzgün və səmərəli istifadə edə bilən, əhali ilə körpü yaradan polis orqanlarının həm cəmiyyətdə nüfuzu yüksək olur, həm də cinayətkarlığa qarşı mübarizədə, hüquq pozuntularının qarşısının alınmasında yüksək göstəricilər əldə edilir. İsraildə ötən əsrin 80-ci illərindən başlayaraq ictimai polis peşəkar polislə birgə fəaliyyət göstərir və bu qurum üzvlərinin sayı peşəkar polisin sayından təxminən 3 dəfə çoxdur. Orada rütbələr, vəzifələr, hətta səlahiyyətlər də peşəkar polisdə olduğu kimidir. Sadəcə, onlar öz işləri üçün pul almırlar. Dövlətə və xalqa təmənnasız xidmət göstərirlər. Türkiyənin ən böyük şəhərlərində – İstanbulda, Ankarada, Antalyada “ictimai polis” layihəsi həyata keçirilib. Məhz beynəlxalq təcrübəni nəzərə alaraq, Azərbaycanın Daxili İşlər Nazirliyində müvafiq normativ baza yaradılıb, ictimai şuralar haqqında əsasnamə hazırlanıb.
– “İctimai dəstəkli polis”lə bağlı məsələ ortaya çıxandan, “Polis haqqında” qanuna dəyişikliklər ediləndən sonra bir çoxları ictimai polisləri sovet dövründə mövcud olan “drujinaçılar”la müqayisə edirlər. Sizcə, burada bir oxşarlıq varmı?
– Heç bir oxşarlıqdan söhbət gedə bilməz. “İctimai dəstəkli polis” layihəsi keçmişə qayıdış deyil. ATƏT-in tövsiyələrini, beynəlxalq təcrübəni nəzərə alaraq atılan addımların keçmiş təcrübə ilə müqayisə edilməsi yersizdir. Dünya kontekstində aparılan bu mütərəqqi prosesin mahiyyətini düzgün dərk etməyən, hər cür yeniliyi, müasirliyi inkarçı mövqedən qarşılayan, bildiyini və bilmədiyini danışan bəzi dırnaqarası ekspertlər daim öz dövlətinə, xalqına sədaqətlə xidmət etmiş Azərbaycan polisinin ictimaiyyətlə sağlam, işgüzar əlaqələrini, cinayətkarlığa qarşı mübarizədə insanların könüllü olaraq polisə yardım cəhdlərini, polis və ictimaiyyət arasında möhkəmlənən qarşılıqlı inam və etimadın, işgüzar əlaqələrin cəmiyyətə ancaq töhfə verəcəyini nə üçün qəbul etmək istəmirlər? Bəzi ekspertlər iddia edirlər ki, guya ictimai polisin yaradılması ilə müxalifətin aksiyalarının qarşısının alınmasında istifadə olunacaq. Tamamilə yersiz fikirdir. Məgər polis buna ehtiyac duyur? Azərbaycanın müasir tələblərə cavab verən güclü polisi var. Azərbaycan polisi istənilən hüquqazidd əməllərin qarşısını vaxtında almağa qadirdir. Qanuna dəyişiklik yalnız və yalnız mütərəqqi əhəmiyyət kəsb edir. Bu fikirləri söyləyən şəxslər təklif edirəm ki, “İctimai dəstəkli polis” layihəsinin ilkin olaraq həyata keçirildiyi rayonlara, şəhərlərə getsinlər. İşin təşkili ilə yaxından tanış olsunlar. Əminəm ki, onlar vəziyyətlə tanış olandan sonra fikirlərini dəyişəcəklər. Hər kəs dərk etməlidir ki, ictimai şuraların yaradılması hüquqazidd, cəmiyyətə qarşı hörmətsiz davranışların qarşısının alınması məqsədilə maarifləndirmə, təbliğat işinin aparılması, narkomaniyanın, alkoqolizmin, hüquq pozuntularının profilaktikası, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, araşdırılması üçündür. Hələ cinayət etməyən, lakin onun bir addımlığında olan ayrı-ayrı gəncləri, yeniyetmələri sağlam həyata qaytarmaq hər birimizin borcudur. Məhz bu məqsədlə yaradılacaq Şuralar ictimai və mənəvi baxımdan təhlükəsiz “bina”, “küçə”, “məhəllə”, “qəsəbə”, “kənd” və “şəhər” üçün könüllü xidmət göstərəcəklər.
– İctimai polisdə, İctimai Şuralarda təmsil olunan şəxslərin sayı ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulubmu?
– Bilirsiniz, şəhərlərdə əhalinin sıxlığı, məhəllə (şəxsi evlər), kənd rayonlarında isə kəndlərin sayı, coğrafi baxımdan yerləşməsi və sözsüz ki, əhalinin sayı nəzərə alınaraq yerli bələdiyyə orqanları ilə birlikdə qarşılıqlı işgüzar şəraitdə yaradılacaq ictimai şuraların sayına məhdudiyyət qoyulmayacaq. Şura üzvləri ərazi polis rəisləri ilə birlikdə bir sıra hüquqazidd əməllərin, insanlara qarşı hörmətsizliyin, inzibati xətaların və bəzi yerli sosial problemlərin həllini elə həmin ərazidə mərkəzə müraciət etmədən, rayon və ya şəhər polis orqanlarına gəlmədən həll edib insanların qayğısına qalacaq və onların rəğbətini qazanacaqlar. Prezident İlham Əliyevin qanunlara dəyişiklik etməsi yalnız və yalnız insanların hüquqlarının qorunması, onların problemlərinin tez və yerində həll edilməsi, onların hüquq və təhlükəsizliklərinin dərhal təmin olunması məqsədi daşıyır ki, bu da ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
– Şuranın tərkibini kim seçir?
– Həmin ərazidə yaşayan insanlar. İnzibati ərazi rəisi struktur kimi yaradılır. Artıq iyunun 1-dən etibarən bu strukturların yaradılmasına başlanılıb. Daha sonra həmin ərazidə yaşayan insanlar ictimai şuraların tərkibini özləri müəyyənləşdirə bilərlər. Sözsüz ki, bələdiyyələr, icra strukturları da bu işin təşkilində ərazi polisləri ilə birlikdə maraqlı olacaqlar. Çünki hər bir bələdiyyə öz ərazisinin nümunəvi olmasında və təhlükəsizliyində maraqlıdır.
– İndiyə kimi hansı bölgələrdə ictimai şuralar yaradılıb?
– Qeyd etdiyim kimi, ATƏT-lə birgə “Cəmiyyət dəstəkli polis” layihəsi həyata keçirilən zaman ilkin olaraq Mingəçevir şəhərində, daha sonra Şirvanda, onun ardınca Bakının Nərimanov rayonunda, Gəncə, Yevlax, Quba, Qazax, Dəvəçi və Tərtərdə ictimai şuralar yaradılıb.
– İctimai Şuralarda kimlər təmsil oluna bilməzlər?
– Təbii ki, burada müəyyən məhdudiyyətlər var. Qanunda qeyd olunub ki, ictimai asayişin və təhlükəsizliyin təmin olunması üzrə könüllü ictimai fəaliyyətə cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş nüfuzsuz və əxlaqi keyfiyyətləri aşağı olan şəxslər cəlb edilə bilməzlər.
– İctimai Şura üzvlərinin xüsusi geyim forması olacaq?
– Xeyr. Bu nəzərdə tutulmayıb. İctimai polis vətəndaşlara daha yaxın olmalıdır. Bir daha qeyd etmək istəyirəm ki, həyata keçirilən bu islahatlar ictimai qaydaların qorunmasına, cəmiyyətimizin təhlükəsiz, sabit inkişafına və xalqımızın əmin-amanlıq şəraitində yaşayıb-işləməsinə, oxuyub-öyrənməsinə və istədiyi kimi istirahət edib dincəlməsinə təminatı daha da artıracaq. İnanıram ki, ictimaiyyət özü bu islahatlarda iştirak etməkdə daha maraqlı olacaq./APA/