Milli Məclisə seçkilərə hazırlıq prosesinə nəzarət etmək üçün Azərbaycana gələn Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Pol Villenin rəhbərlik etdiyi, T. İvinski, Q. Vaksdal, J. Laakso, D. Gastel və V. Dronovdan ibarət nümayəndə heyəti Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı ilə görüşüb. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, seçkiqabağı mühit, QHT-lərin seçkilərin müşahidəsinin təşkili, imzatoplama və namizədlərin qeydiyyatdan keçmə mərhələsində mövcud olan problemlər müzakirə olunub. M. Zülfüqarlıdan aldığımız məlumata görə, qonaqlara AVCİYA-nın seçkilərlə bağlı fəaliyyət proqramı, seçkiqabağı dövr üçün hazırlanan aralıq hesabatı, seçki günü 4400 məntəqədə müşahidənin təşkil ediləcəyi, əvvəlki seçkilərdən fərqli olaraq “exit-poll” tədqiqatı aparmayacağı, müşahidəçilər üçün 5000 tirajla yaddaş kitabçasının nəşr olunaraq paylandığı, seminarlar aparmaq üçün AVCİYA-nın 43 təlimçisinin hazırlandığı barədə məlumat verilib. Bundan başqa Seçki Qərargahının rəhbəri bu günə qədər regionlarda və Bakı şəhərində müşahidəçilər üçün 47 seminarın keçirildiyi və bu prosesin oktyabrın axırlarına kimi başa çatacağı haqda qonaqlara məlumat verilib. Həmçinin bildirilib ki, seçkidən dərhal sonra AVCİYA-nın seçkilərin nəticələri ilə bağlı mövqeyi açıqlanacaq və yekun hesabat elan olunacaq. Görüşün sonunda əməkdaşlığın gələcəkdə də davam edirilməsi barədə razılıq əldə olunub.
Older Post
Sual-cavab