Sual-cavab

Elxan Süleymanov: “Qarabağ dondurulmuş münaqişə statusundan çıxıb”
Elxan Süleymanov: “Sərsəng su anbarındakı vəziyyətlə bağlı Tərtərdə beynəlxalq konfrans keçiriləcək”
ABŞ rəsmiləri AVCİYA – nın Şirvan ofisində olublar

Hörmətli oxucular, AVCİYA-nın təqdim etdiyi seçki səhifəsində seçkilərlə bağlı suallara, sizləri maraqlandıran, narahat edən problemlərə aydınlıq gətirmək istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Rubrikamız vətəndaşlarımızın maarifləndirilməsi məqsədilə hazırlanır. Sizin seçkilərə aid çoxsaylı suallarınızı AVCİYA-nın hüquqşünasları cavablandırır.

– Vəkil edilmiş şəxslər necə təyin olunur və onların səlahiyyəti nədən ibarətdir?
– Qeydə alınmış namizədin, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər də elə namizədi qeydə almış müvafiq seçki komissiyası tərəfindən qeydə alınır. Seçki dairəsi üzrə qeydə alınmış namizədin 10-a qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə namizədin yazılı ərizəsinin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun təqdimatının, habelə vətəndaşın vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən başlayaraq 3 gün müddətində vəkil edilmiş şəxslər qeydə alınırlar. Ərizədə və ya təqdimatda vəkil edilmiş hər bir şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü), yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi göstərilməlidir. Vəkil edilmiş şəxslər müvafiq seçki komissiyasından vəsiqə alırlar. Vəkil edilmiş şəxs qeydə alınmış namizədin seçilməsi ilə bağlı təşviqat aparır və digər bu cür fəaliyyətlə məşğul olur. Vəkil edilmiş şəxslər həmçinin müşahidəçi hüququna malikdirlər.
Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku müvafiq seçki komissiyasını xəbərdar etməklə, vəkil etdikləri şəxsləri istənilən vaxt geri çağıra və onların əvəzinə başqalarını təyin edə bilər. Belə xəbərdarlıq olduqda seçki komissiyası geri çağırılan vəkil edilmiş şəxsin vəsiqəsini ləğv edir. Vəkil edilmiş şəxs qeydə alınmış namizədi, habelə siyasi partiyanı, siyasi partiyaların blokunu xəbərdar etməklə, ona verilmiş vəsiqəni istənilən vaxt öz təşəbbüsü ilə müvafiq seçki komissiyasına qaytararaq öz səlahiyyətlərindən imtina edə bilər.
Vəkil edilmiş şəxslərin səlahiyyətləri müvafiq seçki komissiyasının onları qeydə aldığı gündən başlanır və seçkilərin ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən gec olmayaraq, habelə Seçki Məcəlləsinin pozulması barədə şikayət üzrə məhkəmə araşdırması gedirsə, məhkəmənin yekun qərarının qəbul edilməsi günündən gec olmayaraq başa çatır.

– Qeydə alınmış namizədin namizədlik statusundan imtina etməsi mümkündürmü?
İrəli sürülmüş namizəd müvafiq seçki komissiyasını yazılı şəkildə xəbərdar edərək, namizəd olmağa razılığı barədə ərizəsini istənilən vaxt geri götürə bilər. Lakin əgər namizəd bu cür yazılı xəbərdarlıq edirsə onu bir daha geri götürə bilməz.
Qeydə alınmış namizəd səsvermə gününə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək namizədliyini geri götürə bilər. Yeri gəlmişkən, əgər namizəd fikrini dəyişərsə belə ərizələr geri götürülə bilməz. Daxil olmuş ərizə əsasında müvafiq seçki komissiyası ərizə vermiş namizədin qeydiyyatının ləğvi barədə 1 gün müddətində qərar qəbul edir. Namizədin öz namizədliyini geri götürməsi haqqında məlumat mərkəzi, dairə və məntəqə seçki komissiyalarının məlumat lövhələrində yerləşdirilir.

– Kütləvi tədbirlər yolu ilə seçkiqabağı təşviqat hansı şərtlər daxilində aparılır?
– Dövlət orqanları, bələdiyyə qurumları qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna vətəndaşlarla görüşlər, açıq müzakirələr təşkil edilməsində və keçirilməsində kömək etməlidirlər. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin, onların vəkil edilmiş şəxslərinin seçicilərlə görüşlərinin keçirilməsi üçün yer ayrılması barədə verdikləri ərizələrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikası qanunlarına uyğun olaraq baxılır.
Seçki komissiyalarının sifarişi ilə dövlət və ya bələdiyyə mülkiyyətində olan, seçkiqabağı tədbirlərin keçirilməsi üçün yararlı yer qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, onların vəkil edilmiş şəxslərinin seçki komissiyası ilə razılaşdırdıqları vaxtda seçicilərlə görüşlər üçün istifadəyə mülkiyyətçilər tərəfindən pulsuz verilir. Göstərilən yer qeydə alınmış namizədlərdən birinə, siyasi partiyaya, siyasi partiyaların blokuna seçkiqabağı təşviqatın aparılması üçün verilmişsə, mülkiyyətçi qeydə alınmış digər namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna eyni istifadə şərtləri ilə həmin yeri (otağı, binanı) verməkdən imtina edə bilməz. Seçki komissiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün bərabər şərait yaradırlar.
Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları seçicilərlə görüşlər, yığıncaqlar, digər seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün, mülkiyyət formasından asılı olmayaraq, vətəndaşlara və təşkilatlara məxsus bina və otaqları müqavilə əsasında icarəyə götürmək hüququna malikdirlər.
Hərbi hissələrin, hərbi təşkilatların və idarələrin ərazisində seçkiqabağı təşviqat aparılması qadağandır. Qeydə alınmış namizədlər, siyasi partiya, siyasi partiyaların bloku, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında hərbi qulluqda sayılan seçicilərlə görüşlərini hərbi hissə komandirinin dairə seçki komissiyası ilə birlikdə belə görüşün keçirilməsini təyin etdikləri günə azı 3 gün qalmış müvafiq seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin, namizədləri qeydə alınmış bütün siyasi partiyaların, siyasi partiyalar bloklarının mütləq dəvət edilməsi və ya onlara xəbər verilməsi şərti ilə təşkil edə bilərlər. Bu görüşlərin keçirilməsində yuxarıda göstərilən şəxslərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına bərabər şərait və həmin görüşlərin müşahidə edilməsi üçün müşahidəçilərə imkan yaradılmalıdır.
Qanunvericiliyə uyğun olaraq seçkiqabağı kütləvi tədbirlərin keçirilməsində təhlükəsizliyi və ictima asayişin qorunması təminatını müvafiq icra hakimiyyəti orqanları təmin edirlər.