M.Fedotov: “Jurnalistikaya etibar yoxdursa istənilən məlumat dezinformasiya adlandırılacaq”. Söz Azadlığını Müdafiə Fondu (SAMF) və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun təşkilatçılığı ilə “Rusiya mediası kontekstində müasir mətbuatın problemləri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada yerli media ekspertləri və Rusiya jurnalistikasının aparıcı simaları, media mütəxəssisləri iştirak edib. SAMF-nun rəhbəri Musa Yaqub tədbiri giriş sözü ilə açaraq bildirib ki, demokratik cəmiyyətlərin yaranması ilə əlaqədar müasir mətbuatın bir sıra problemləri mövcuddur. Bu problemlərin aradan qaldırılması üçün ayrı-ayrı ölkələrin jurnalistlərinin münasibətləri koordinasiya edərək birgə addımlar atması çox təqdirolunası bir haldır. SAMF sədri bu istiqamətdə Rusiya jurnalistikasının artıq müəyyən təcrübələr qazandığını və yeri gələrsə bu təcrübədən yararlanmağın bizim media mənsubları üçün də əhəmiyyətli olacağını vurğulayıb. Rusiya Jurnalistlər Birliyinin (RJB) sədri, SSRİ Dövlət Televiziya və Radio Komitəsində mərkəzi Televiziya Proqramlarının baş direktoru işləmiş Vsevolod Boqdanov bildirib ki, jurnalistika elm, incəsənət kimi həyatın vacib sahələrdən biridir. O, müasir jurnalistikanın problemlərindən birinin qloballaşma və qloballaşma texnologiyaları problemləri olduğunu vurğulayıb: “Müasir qloballaşma insan və cəmiyyət arasında ziddiyyət yaradır. Amma müasir insanlar jurnalistlərə o qədər də inanmır və bu da böyük problemdir. Bununla bərabər jurnalistika ən gözəl peşələrdən biridir. Mən televiziyada Azərbaycan jurnalistlərinin hazırladıqları proqramlara, debatlara baxdım, maraqlıdır. Amma bunlar informativ xarakter daşıyır. Jurnalistika təkcə informasiya deyil, həm də hisslərdir, emosiyalardır”.Rusiya Jurnalistlər Birliyinin katibi, Rusiya Federasiyasının Qəhrəmanı Y.M.Baturin mövzu ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşdü. Bildirdi ki, müasir jurnalistika peşəkarlıqla bərabər universallıq da tələb edir. Media mənsubları bu faktorları bir-birindən ayırmamalıdırlar.
Rusiya Jurnalistlər Birliyinin digər katibi hüquq elmləri doktoru, professor, tanınmış media eksperti, Rusiyanın sabiq Mətbuat və İnformasiya naziri M.A.Fedotov isə “Mətbuatdan şikayətlər” mövzusunda məruzə ilə çıxış etdi. O da müasir insanların jurnalistikaya o qədər inanmadığını qeyd etdi: “Jurnalistikanın əsas funksiyası informasiya və etibardır. Əgər etibar yoxdursa, istənilən məlumat dezinformasiya kimi qəbul ediləcək”. M.Fedotov daha sonra Rusiya mediasından onlara olunan şikayətlər və bu şikayətlərin araşdırılması zamanı ortaya çıxan problemlər barəsində konkret faktlarla məlumat verdi. Tədbirdə mövzu ətrafında yerli media nümayəndələrinin, hüquqşünas və ekspertlərin iştirakı ilə geniş müzakirələr aparıldı. Tanınmış hüquqşünas Adil Minbaşı, media eksperti Azər Həsrət, “Say” qəzetinin baş redaktoru Rafiq Əliyev, İctimai Yayım Şurasının üzvü Altay Zahidov və başqaları müzakirələr zamanı hər iki ölkənin media qurumlarındakı pozitiv və neqativ məqamlardan danışdılar.
SAMF. 15 mart 2010-cu il