«Bu gün bizə verilən beynəlxalq dəstəklər «salfetka» kağızından nazikdir. «Salfetka» ilə əlimizi silirik. Amma BMT-nin, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qətnamələr «salfetka» kağızlarından da zəifdir və heç bir işə yaramır». APA-nın məlumatına görə, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Milli Məclisin deputatı, Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov səsləndirib.
E.Süleymanov bildirib ki, Azərbaycanda bir blogger həbs olunan kimi bütün dünya bəyanat verir, sanksiya tətbiqi üçün çıxış edirlər, amma Ermənistanın işğalçılıq siyasətinə göz yumur, heç bir təzyiq göstərilmir: «Bizdə bir şey olanda onu dərhal sərt bəyanatlarla tənqid edir, aradan qaldırılması üçün təzyiqlər göstərirlər. Ancaq Kəlbəcərin işğalını pisləməklə kifayətlənirlər. Beynəlxalq təşkilatlar minlərlə azərbaycanlının öldürülməsini, ermənilərin əlində əsir olması faktını bir dəfə də qeyd etməyiblər. Onlara görə azərbaycanlı ölə bilər, çünki o müsəlmandır. Azərbaycanda gecə-gündüz nöqsan axtarırlar».
Millət vəkili ATƏT-in Minsk Qrupu fəaliyyətsizlikdə tənqid edib və Ermənistanın xeyrinə çalışdığını vurğulayıb: «Nə üçün Ermənistan, Avropa Şurası Minsk Qrupunu istəyir? Çünki fəaliyyətsizdir. Zamanı Ermənistanın xeyrinə işlədirlər. Çünki zaman keçir, 25 ilin üstünə 25 il gəlir və 50 yaşlı Azərbaycan vətəndaşı Qarabağı unudur».
Millət vəkili deyib ki, Sərsəng su anbarının vəziyyəti ilə bağlı Avronest PA-ya təqdim edilmək üçün hazırladığı sənədə 10 imza lazım olsa da, “Şərq Tərəfdaşlığı” Proqramına daxil olan Gürcüstan, Ukrayna və Moldovadan millət vəkilləri səs vermirlər.