HÜSEYNOV Əfqan Qaraxan oğlu

İSGƏNDƏROV Əlabbas Qara oğlu
RƏHİMOV Koroğlu İsmayıl oğlu
KOVALYOV Yuri Petroviç

(24.2.1963, Bakı ş. – 1.11.1992, Qubadlı r.) – Azərbaycanın Milli Qəhrəmanı (15.1.1995, ölümündən sonra).

24 fevral 1963-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. 1970-ci ildə 109 saylı orta məktəbə getmiş və 1978-ci ildə səkkizinci sinfi bitirib C.Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. Liseydə təhsilini başa vurduqdan sonra, Bakı Ümumqoşun Komandirlər məktəbinə qəbul olunmuşdur. 1984-cü ildə bacarıqlı zabit kimi təyinatla Simferopol şəhərinə göndərilir. 1985-ci ildən 1987-ci ilə qədər Əfqanıstanda gedən döyüşlərdə iştirak edir, bir neçə dəfə ağır yaralanır. Göstərdiyi şücaətlərə görə orden və medallarla təltif edilir. Əfqanıstandan qayıdandan sonra xidmətini Zaqafqaziya Hərbi Dairəsində davam etdirmişdir. Ə.Hüseynov 1988-ci ildə Bakıya qayıtmış və vaxtilə oxuduğu C. Naxçıvanski adına Hərbi Liseydə birinci rotanın komandiri təyin edilmişdir. 1991-92-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində işləmişdir. Elə həmin ilin yanvar ayında Milli Qvardiyada xidmətə başlamışdır. O, Milli Qvardiyanın tərkibində alay komandiri kimi, fasiləsiz olaraqdöyüş əməliyyatlarına başçılıq etmişdir. Cəsur komandirin başçılığı ilə düşmənin xeyli qüvvəsi məhv edilmiş, silah-sursat ələ keçirilmişdir.
1992-ci ilin noyabrın 1-i… Əfqan Hüseynovun son döyüşü… Qubadlı rayonunun Səfiyan və Quşçular kəndlərinin müdafiəsi zamanı o, qəhrəmancasına həlak oldu.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Hüseynov Əfqan Qaraxan oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
C.Naxçıvanski adına Liseydə və Milli Qvardiya Qərargahında büstü qoyulmuşdur. Xətai rayon Gənclər Təşkilatı onun adına əlaçı təqaüdü təsis etmişdir.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 123