MUSTAFAYEV Çingiz Fuad oğlu

AĞAYEV Faiq Alış oğlu
NƏSİBOV Kamil Baladə oğlu
MİRZƏYEV Yusif Vəli oğlu

(29.8.1960, Rusiya Federasiyası, Həştərxan vil.-nin, Vladimir r-nunun Kapustin-Yar q. – 13.6.1992, Naxçıvanik k.) – Azərbaycanın Milli Qəhrəmanı (6.11.1992, ölümündən sonra).

Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib (1983). Dəvəçi r-nunda və Bakı ş-də həkim işləyib. İxtisasca həkim olsa da, jurnalistikaya böyük maraq göstərib. 1990 ilin Yanvar hadisələri zamanı Sovet Ordusunun Bakıda törətdiyi qırğını bütün təfsilatı ilə lentə köçürüb. 1991 ildən etibarən həyatını jurnalistika ilə bağlayıb. Azərbaycan dövlət televiziyasında çalışıb, “216 KL” studiyasının yaradıcılarından olub. Döyüş bölgələrindən hazırladığı operativ reportajları ilə geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edib. Xocalı faciəsi zamanı erməni quldurlarının törətdikləri vəhşilikləri əks etdirən çəkilişləri bütün dünyanı sarsıdıb. Bununla da o, informasiya blokadasını yararaq, Azərbaycan həqiqətlərini planetin hər tərəfinə çatdırıb. Evli idi. Bir oğlu var. Bakı ş-də Şəhidlər Xiyabanında dəfn edilib. Bakı ş-də küçə, DİN-in Şüvəlan q-sindəki istirahət guşəsi, Azərbaycan gəmilərindən biri Ç.Mustafayevin adını daşıyır. Yaşadığı binanın önünə barelyefi vurulub, C.Naxçıvanski adına hərbi liseydə yaradılmış xatirə kompleksində büstü qoyulub.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 220

***

Respublika Xatirə Kitabı redaksiyasının böyük redaktoru Kamil İsmayılovun dediklərindən:
“Qəhrəmanların xatirəsi əbədidir. Onlar öz xalqının qəlbində yaşayacaqdır. Çünki onlar müqəddəs amal uğrunda, müqəddəs torpaqlarımızın qorunması uğrunda öz canlarını qurban veriblər. Onlar şəhid oldular ki, Vətən yaşasın. Çingiz Mustafayev bir əlində kamera, bir əlində avtomat, həmişə ön cərgədə olub, döyüşçü yoldaşlarının qəhrəmanlıqla dolu rəşadətini birinci olaraq o lentə alıb. Dəfələrlə ölümlə üz-üzə dayansa da qorxub çəkinməyib. Belə çəklişlərin birində, jurnalist telereportyor Çingiz Mustafayev həlak oldu. Eşq olsun belə oğullara!”

Əd.: “Xocalı yaddaşı”, Bakı, 2017, s. 129