Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş kitabın təqdimatı keçirilib

Siyasi Sənədlər Arxivində “Müstəqilliyə gedən yol – tarixi həqiqətlər prizmasında” mövzusunda “dəyirmi masa” keçirilib
Şuşada ilk uşaq tədbiri keçirilib
Prezident Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət nazirini qəbul edib

Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabın ideyasının və “Ön söz”ünün müəllifi, elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Nəşr Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Sərəncamına əsasən Cümhuriyyətin yubileyinə töhfə olaraq hazırlanıb.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamasının dövlətçilik tariximizə böyük hörmət olduğunu vurğulayıb. Bildirilib ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövlət səviyyəsində yüksək səviyyədə qeyd olunur.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli kitabda toplanan 98 sənədin Azərbaycan cəmiyyətinə ilk dəfə təqdim edildiyini bildirib. O deyib ki, ilk dəfədir Cümhuriyyət tarixi yazılı mənbələr əsasında auditoriyaya təqdim olunur. Kitabda mühüm məsələlərdən biri də Cümhuriyyətin digər rəhbərlərinin fəaliyyətində yeni səhifələrin üzə çıxmasıdır. Bütün bunlar zəngin faktlardır.

Qeyd olunub ki, “Qafqaz Fövqəladə Komissiyasının sənədləri” adlanan və ilk dəfə ana dilimizdə nəşr olunan diplomatik yazışmalar toplusu 1919-1920-ci illərdə İran ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında siyasi əlaqələrə dair mühüm tarixi mənbələrdən biridir. Topluda həmin dövrdə Bakıda xüsusi diplomatik tapşırıq əsasında Seyid Ziyaəddin Təbatabainin rəhbərliyi ilə fəaliyyət göstərmiş İran nümayəndə heyətinin öz ölkəsinin rəhbərliyinə ünvanladığı məktublar, hesabat və analitik təhlillər əksini tapıb. Ümumilikdə 98 sənədin cəmləşdiyi toplu yalnız Azərbaycan Demokratik Respublikası-İran münasibətlərinin deyil, o dövrdə Qafqaz bölgəsində cərəyan edən siyasi proseslərin tədqiqi baxımından da ciddi əhəmiyyətə malikdir. Sənədlərin böyük əksəriyyətinin uzun müddət məxfi xarakter daşıması və geniş ictimaiyyətdən gizli saxlanılması səbəbindən tədqiqatçıların onlarla tanışlığı ADR-in siyasi tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmağa imkan verir, həmçinin artıq oturuşmuş sayılan bəzi yanaşmaları yenidən, fərqli bucaq altında nəzərdən keçirməyə sövq edir.