KƏRİMOV Kərim Məhəmməd oğlu

MAKEYEV İqor Vladimiroviç
ASLANOV Şikar Davud oğlu
İSMAYILOV Etibar Bəylər oğlu

KƏRİMOV Kərim Məhəmməd oğlu (2.7.1971, Naxçıvan MR, Şərur r-nunun Qarahəsənli k. – 5.5.1992, Goranboy r.) – Azərbaycanın Milli Qəhrəmanı (11.9.1992, ölümündən sonra).

2 iyul 1971-ci ildə Şərur rayonunun Qarahəsənli kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Tümenə getmiş və Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinə qəbul olunmuşdur. Siyasi və hərbi hazırlıq əlaçısı idi. Ürəyi hər zaman Vətən eşqi ilə döyünürdü.

Qarabağda hadisələr şiddətlənəndə onunla təhsil alan 15 nəfər azərbaycanlı kursantı ətrafına toplayıb deyir: “Uşaqlar, bu gün Vətənimizin ağır günüdür. Ölkənin hərbi mütəxəssislərə böyük ehtiyacı var. Əgər biz günahsız insanların Qarabağda axıdılan qanına biganə qalsaq, onda torpaq bizi bağışlamaz”. Beləliklə, Tümen Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinin son kursunda təhsil alan tələbələr Azərbaycana qayıdıb, təhsillərini Bakı Ali Birləşmiş Komandirlər Məktəbində davam etdirirlər. Onlar Biləcəridə təlim keçdikdən sonra, aprelin 15-də Goranboy rayonuna yola düşürlər. İlk gündən “Tümendən gələn zabit” kimi tanınan 21 yaşlı K. Kərimov istehkamçılar bölməsinə komandir təyin olundu. O, verilən bütün tapşırıqları itki vermədən, layiqincə yerinə yetirirdi.

1992-ci il mayın 1-də Tap Qaraqoyunlu kəndi ətrafında minalanmış sahələrin zərərsizləşdirilməsi əməliyyatı başlanmışdı. Əməliyyat zamanı bir nəfər əsgərimiz yaralanmışdı. Döyüşçüyə birinci qrup qan lazım olanda ilk dəfə Kərim özü qan verir. Mayın 5-də Kərim bir neçə döyüş yoldaşı ilə birlikdə quldurlar yuvası Talış təpəsinə qalxır. Onların döyüş hünəri sayəsində 40 nəfərə yaxın erməni qulduru məhv edilir. Bölmə döyüşə-döyüşə yüksəkliyi ələ keçirir. Səhər saat 5 radələrində Talış kəndindən baş qaldıran düşmən güclü hərbi texnikanın köməyilə onları mühasirəyə salır. Şiddətli döyüş başlanır. Kərim öz avtomatını yoldaşına verib, qumbaraatanla hücuma keçir. Düşmənin bir döyüş maşını vurulur. İkinci maşına atəş açılanda artıq Kərim yaralanmışdı. O, əsir düşməmək üçün odlu siqnal fışəngini sinəsinə sıxır. Erməni quldurları Kərimin və onun bir neçə döyüş yoldaşının cəsədlərini götürüb aradan çıxırlar.

İyunun 12-də kəndlərin erməni silahlı quldur dəstələrindən təmizlənməsi əməliyyatı başlanır. Qısa müddət ərzində 14 kənd geri alınır. Ayın 16-da səhər saat 12-də Talış kəndinin azad olunması barədə əmr veriləndə Kərimin atası və əmisi də döyüşlərə qoşulurlar. Milli Ordumuzun tutduğu iki erməninin köməyi nəticəsində Kərimin fermanın yanında basdırılmış cəsədi tapılır. Onun cəsədi Gəncə aeroportuna gətirilib Naxçıvana yola salınır.

1992-ci il mayın 5-də Goranboy döyüşlərində qəhrəmancasına şəhid olmuş Kərim Kərimov iyunun 17-də doğma kəndi Qarahəsənlidə torpağa tapşırılır.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 1992-ci il tarixli 193 saylı fərmanı ilə Kərimov Kərim Məhəmməd oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Qarahəsənli kəndində onun büstü qoyulmuşdur. Goranboy və Şərur rayonlarında adına məktəb və küçə var.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 152-153