Şamaxıda Prezident yanında Bilik Fondu və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “XX əsrdə azərbaycanlıların soyqırımı: Şamaxı və Xocalı” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Xocalı soyqırımını əks etdirən sənədli film göstərilib.
Şamaxı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Babəli Qədirov “dəyirmi masa”da çıxış edərək 26 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən dəhşətli qətliamın Azərbaycan tarixinin qanla yazılmış səhifələrindən olduğunu söyləyib. Diqqəti Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına cəlb edən natiq bu Sərəncamın erməni daşnakları tərəfindən zaman-zaman azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə siyasətinin, soyqırımların əsl mahiyyətinin açılmasında, həqiqətlərin araşdırılaraq üzə çıxarılmasında və dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. B.Qədirov Prezident İlham Əliyevin, eləcə də birinci xanım Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Xocalı soyqırımı həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətində gördükləri işlərdən danışıb.
Baş məsləhətçisi Bilik Fondu ilə birlikdə həyata keçirilən bu cür maariflənmə tədbirlərinin əhəmiyyətini də vurğulayıb.
“Dəyirmi masa”da Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Kitabxanasının direktoru, tarix elmləri namizədi Əliağa Cəfərov “Xocalı qırğını: səbəblər, nəticələr” mövzusunda çıxış edərək bildirib ki, həmin gecə keçmiş SSRİ-nin Xankəndidəki 366-cı motoatıcı alayının zirehli texnikasının köməyi ilə erməni silahlı quldur dəstələri Xocalını mühasirəyə alaraq hər tərəfdən atəşə tutub, şəhəri dağıdaraq sakinləri insanlıq adına ləkə olan xüsusi amansızlıqla məhv ediblər.
Ə.Cəfərov bu günlərdə işıq üzü görən “Qırğın” kitabını Heydər Əliyev Mərkəzinə təqdim edərək vurğulayıb ki, kitabın hər səhifəsində Xocalı qırğınında şəhid olan həmvətənlərimizin ruhu yaşayır, o qanlı gecənin dəhşətlərini yaşayan insanların acı xatirələri dil açıb danışır.
Xocalıda törədilən faciənin 1918-ci ildə Şamaxıda da yaşandığını diqqətə çatdıran Bilik Fondunun sektor müdiri Hacı Abdulla yüz il bundan əvvəl ermənilərin həyata keçirdikləri qətliamlardan danışaraq deyib ki, əslində Azərbaycan xalqının bütün faciələri XIX əsrin əvvəllərində çar Rusiyasının Qafqazı işğalı, erməni əhalisinin torpaqlarımıza köçürülmələri ilə başlanıb. 1918-ci il aprelin 10-da Bakı qırğınlarında ağlasığmaz vəhşilikləri ilə məşhur olan Stepan Lalayev və Tatevos Əmirovun başçılığı ilə top və pulemyotlarla silahlandırılan erməni-daşnak qoşunları hazırlıqsız, silahsız şamaxılıları gülə-boran ediblər. Müsəlmanların təhlükə zamanı məscidlərə – Allahın evinə sığınmaq adətini yaxşı bilən şamaxılı S.Lalayevin əmri ilə erməni əsgərlər şəhərin bütün məscidlərini mühasirəyə alıb, bir çox hallarda özləri şəhər sakinlərini – qadın, uşaq və qocaları məscidlərə yığıb, sonra od vurublar. Məscidlərdən çıxmağa və xilas olmağa çalışanlar güllələniblər. Bu məscidlərdə 2000-ə qədər Şamaxı sakini diri-diri yandırılıb. Ümumilikdə isə Şamaxıda iki dəfə törədilən azərbaycanlı qırğınları zamanı şəhərin 21127 nəfər müsəlman əhalisindən 10 minə yaxını qətlə yetirilib. Şamaxı qırğınları yalnız şəhəri deyil, qəzanın kəndlərini də əhatə edib və 1918-ci ilin iyul ayının ortalarınadək, bu ərazilər türk-Azərbaycan qoşunları tərəfindən azad olunana qədər davam edib. Həmin dövrdə Şamaxı qəzasının 106 kəndi yandırılıb və dağıdılıb. 110 kəndin sakinləri isə erməni quldur dəstələrinin hücumundan zərər çəkiblər.
“Dəyirmi masa”da Şamaxı Regional Dövlət Kollecinin müəllimləri Vaqif Eyyubov, Təranə Mütəllibova, Sabir adına qəsəbə tam orta məktəbin müəllimi Vəfa Vahidova və başqalarının çıxışlarında azərbaycanlıların soyqırım tarixinin sistemli şəkildə öyrənilməsi, tədqiqi, təbliği, tədrisinin vacibliyi qeyd edilib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.