Şuşa XIX əsrin ortalarında

Ermənilər Qafqazda yerli xalq deyil
Xocalı faciəsi üzrə Beynəlxalq Tribunalın təsis edilməsi zərurətinə dair
Ermənistan simasızlıq böhranından necə xilas ola bilər?

1851-ci ildə Tiflisdə, Qafqaz Canişini Dəftərxanasının Tipoqrafiyasında  nəşr olunan “1852-ci il üçün Qafqaz təqvimi” kitabında Şuşa şəhərinin  Konstantinoviç familiyalı şəxs  tərəfindən hazırlənmış    statistik-təsviri verilmişdir (Кавказский календарь на 1852 год изданный от канцелярии наместника Кавказского. Тифлис, в Типографии Канцелярии Наместника Кавказского. 1851, с. 430-435) . Burada  XIX əsrin ortaları üçün Şuşa şəhərinin yaranma tarixi, coğrafiyası, idarəçiliyi, əhalisi, iqtisadiyyatı  haqqında məlumatlar yer almışdır.

Şuşa şəhərinin meydana gəlməsi ilə bağlı məsələyə toxunan Konstantinoviç qeyd edir ki,   “Şamaxı quberniyasının qəza şəhəri, keçmiş Qarabağ xanlığında qala və  paytaxt, Zaqafqaziya vilayətinin müsəlman hissəsində zəngin əyalət olan   Şuşanın əsası  təxminən 1752-ci ildə  Cavanşir mahalı Sarıcalı cəmiyyətinin sakini Pənah Əli bəy tərəfindən  qoyulmuşdur”.

Məlumdur ki, Şimali Azərbaycan Rusiyaya birləşdirildikdən sonra çar hökuməti  İran və Türkiyədən on minlərlə  ermənini  tarixi Azərbaycan torpaqlarına, o cümldən Qarabağa, Şuşaya köçürərək  məskunlaşdırmışdı. Buna baxmayaraq,   “1852-ci il üçün Qafqaz təqvimi” kitabı  nəşr olunan zaman Şuşada azərbaycanlı  əhali  yenə də  sayca ermənilərdən çox idi. Müəllif 1851-ci ildə şəhərdə 12 724 nəfər əhalinin yaşadığını bildirir və onlardan  6369  nəfəri müsəlman,  6355 nəfəri erməni idi.

Şəhər əhalisinin sosial tərkibinə gəldikdə, burada  66 nəfər müsəlman, 1 nəfər pravoslav,  75 nəfər erməni-qriqorian  ruhani,  52 nəfər kilsə xidmətçisi, 28 nəfər məlik, 1522 nəfər bəy və məmur,  18 nəfər mülki məmur, 6111 nəfər  xəzinə kəndlisi, 4833 nəfər  mülkədar kəndlisi vardı.

Şəhərdə 480-dən çox sənətkar sexi, 11 zavod  mövcud idi. Qədim Azərbaycan şəhəri Təbriz və  Rusiyanın ən böyük topdansatış  yarmarkası olan Nijni Novqorod  Şuşanın  ticarət əlaqələrində əsas yer tuturdu.

Qeyd olunan dövrdə Şuşada 9 məscid, 4 erməni kilsəsi, 1 erməni qadın monastrı, 1 pravoslav kilsəsi fəaliyyət göstərirdi.  Şəhərdəki 9 məscidin nəzdində olan məktəblərdə  400 nəfər  şagird təhsil alırdı.   Bundan başqa,  ələvi sektasına məxsus məktəbdə  58 nəfər müsəlman uşağı, qəza məktəbində isə 110 nəfər  təhsil alırdı. Ermənilərə gəldikdə isə, şəhərdə 74 nəfərin təhsil aldığı  bir erməni-qriqorian məktəbi fəaliyyət göstərirdi.

Qeyd olunan rəqəmlərdən göründüyü kimi,  Rusiya carizminin köçürmə, regionda erməniləri məskunlaşdırma  siyasətinə baxmayaraq, Şuşa XIX əsrin ortalarında özünün türk simasını qoruyub  saxlaya bilmişdi.

Aqil Şahmuradov

1905.az

06 iyun 2014-cü il