Gəncədə keçirilən “Zəriflik” Beynəlxalq Musiqi Festivalı əsl mədəniyyət hadisəsinə çevrilib

Haaqada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası təşkil edilib
Almaniyanın “GEO” jurnalı: “Bakı – xəyallar şəhəri”
AVCİYA prezidenti: “Sərsəng məsələsi Azərbaycanın daxili işidir, Prezidentimiz tezliklə bunu da həll edəcək”

Gəncə şəhərində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Zəriflik” Beynəlxalq Musiqi Festivalının sonuncu günü də möhtəşəm əsərlərin ifası ilə yaddaqalan olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalın bağlanış konserti Gəncə Dövlət Filarmoniyasının konsert zalında baş tutub.

Konsertdə bədii rəhbər Xalq Artisti Rafael Bayramovun baş dirijorluğu ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin və “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının ifasında müxtəlif əsərlər səsləndirilib. Konsertdə, həmçinin “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupunun üzvləri də çıxış ediblər.

Zəngin repertuarı ilə diqqət çəkən konsertdə Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyası, “Sənsiz” romansı, Fikrət Əmirovun “Azərbaycan elləri”, Cahangir Cahangirovun “Ala göz”, Aqşin Əlizadənin “Cəngi”, Süleyman Ələsgərovun “Şalaxo”, Səid Rüstəmovun “Həkim qız”, Ələkbər Tağıyevin “Gəncəm”, “Sən gəlməz oldun”, Bəhram Nəsibovun “Xatırla məni”, Ramiz Mirişlinin “Bayram axşamlarında”, Tofiq Quliyevin “Sevgi valsı”, Müslüm Maqomayevin “Nərgiz” operasından Nərgizin ariyası, Emin Sabitoğlunun “Azərbaycan”, Rauf Məmmədovun “Yaşa mənim xalqım” mahnıları, eləcə də Dimitri Şestakoviçin “Vals”, Qardenin “Tanqo” əsərləri ifa edilib və Azərbaycan rəqsləri təqdim olunub.

Əsərləri Xalq Artisti Rafael Bayramovun baş dirijorluğu ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və Xalq Artisti Adil Bayramovunun rəhbərliyi ilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq artistləri Samir Cəfərov (tenor), Sevinc İbrahimova və Şahnaz Haşımova, Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova, Tamira Əliyeva (piano), Elmir Pişnamazzadə (tenor), Seymur Sadıxov (balaban) və ifaçılar Samir Məmmədov, Əli Məmmədov, Rüstəm Cəfərov, Samir Piriyev ifa ediblər.

Böyük tamaşaçı alqışı qazanan hər bir ifa musiqisevərlərdə, eləcə də yerli və xarici qonaqlarda xoş ovqat yaradıb, onları möhtəşəm musiqinin sehrinə salıb.

Beləliklə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Zəriflik” Beynəlxalq Musiqi Festivalı müasir milli mədəniyyətimizdə əsl sənət hadisəsi kimi uğur qazanıb. Dörd gün davam edən festival musiqisevərlərin yaddaşında dərin iz qoyub.