MƏMMƏDOV Səfəralı Qurban oğlu

MƏMMƏDOV Xanoğlan Sadıq oğlu
MEHDİYEV Fazil Umud oğlu
HÜSEYNOV Vüqar Tofiq oğlu

MƏMMƏDOV Səfəralı Qurban oğlu (16.10.1963, Masallı r-nunun Sərçuvar  k.– 16.2.1992, Xocavənd r-nunun Qaradağlı k.) – Azərbaycanın Milli Qəhrəmanı (6.6.1992, ölümündən sonra).

16 oktyabr 1963-cü ildə Masallı rayonunun Sərçuvar kəndində dünyaya göz açmışdır. 1981-ci ildə doğma kənddə orta məktəbi bitirmişdir. Həmin il hərbi xidmətə çağırılmışdır. O, iki il Minsk şəhərində qulluq etdikdən sonra, 1983-cü ildə ordudan tərxis olunur və Krasnodar şəhərinə gedir. Burada həmyerlilərinin köməyi ilə milis sistemində işə düzəlir. O, müəssisədənkənar mühafizə şöbəsində milis nəfəri kimi fəaliyyətə başlayır və az müddətdə xüsusi bacarığı ilə ad-san qazanır. Təsadüfi deyil ki o, xidmətinin ilk ilində iki dəfə mükafatlandırılır. 1988-ci ildə səmərəli xidmətini nəzərə alaraq, onu Bakı Xüsusi Orta Milis Məktəbinin (indiki Polis Akademiyası – red.) qiyabi şöbəsində təhsil almağa göndərirlər. 1990-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirərək, leytenant rütbəsi alır. Bundan sonra xidmətini davam etdirmək üçün Vətənə qayıdır. Ona Bakı aeroportunda işləməyi təklif edirlər. O, inadla Qarabağın ən qaynar döyüş nöqtələrinə göndərilməsini təkid edir. Ağdam RDIŞ-ndə post-patrul xidmətində vzvod komandiri təyin edilən S.Məmmədov, ilk gündən döyüş meydanına atılır. Səfəralının əməliyyatları uğurla keçirdi. Sarışın olması, rus dilini səlis bilməsi onun təkbaşına ermənilərin arasına getməsinə şərait yaradırdı. O, Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində neçə-neçə ermənini girov götürmüşdü.

1992-ci il fevral ayının 16-ı… Səfəralının son döyüşü… Azğınlaşmış ermənilər Xocavənd rayonunun Qaradağlı kəndində görünməmiş vəhşiliklər törədəndə, Səfəralının başçılıq etdiyi dəstə düşmənə sarsıdıcı zərbələr endirərək irəliləyirdi. Əsas mövqelər ermənilərin əlində idi. Onlar hər an ölümlə üz-üzə gələ bilərdilər. Səfəralının idarə etdiyi zirehli maşın qumbaraatanla vuruldu. Qəlpələr kəmərindəki əl qumbarasına dəydi. Səfəralı qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Məmmədov Səfəralı Qurban oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Subay idi.

Masallı rayonunun Sərçuvar kəndində dəfn edilmişdir.

Masallı şəhərindəki küçələrdən biri və vaxtilə təhsil aldığı Sərçuvar kənd orta məktəbi onun adını daşıyır.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 207