ABŞ-ın “News Blaze” nəşri Xocalı soyqırımından yazıb

“The Washington Times”da Azərbaycan səfirinin Kəlbəcərin işğalı ilə əlaqədar məqaləsi dərc edilib
Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub
Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Amerikanın “News Blaze” nəşri jurnalist və publisist Nurit Qrinqerin “XXI əsrdə dünyanın xroniki xəstəliyi” sərlövhəli məqaləsini dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Xocalı soyqırımından, bu kütləvi qətliamın günahkarlarının cəzasız qalmasından, həmçinin Birləşmiş Millətlər Təşkilatının erməni təcavüzünə münasibətdə fəaliyyətsizliyindən bəhs edilir. Müəllif yazır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinə basqın etdilər və fərqinə varmadan günahsız insanları, o cümlədən qadın, uşaq və qocaları güllələdilər. 613 dinc sakin vəhşicəsinə qətlə yetirildi.

Qrinqer qeyd edir ki, Azərbaycanın yaşayış məntəqələrinin işğalı zamanı erməni əsgərləri xüsusi amansızlıq göstəriblər. Belə epizodlardan biri “Human Rights Watch” hüquq müdafiəsi təşkilatının “Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin ən böyük qətliamı” kimi səciyyələndirdiyi dəhşətli Xocalı qırğınıdır. Suriya, Nigeriya, Myanmadakı kütləvi qırğınları sadalayan ekspert dünya ictimaiyyətinin, xüsusən də Birləşmiş Millətlər Təşkilatının fəaliyyətsizliyini pisləyir. O yazır ki, BMT geniş yayılmış bu cinayətlərə görə böyük məsuliyyət daşıyır, çünki bu təşkilat onların qarşısını almaq üçün heç nə etmir.

Məqalədə deyilir ki, suveren Azərbaycanın ərazilərinin 20 faizi Ermənistan tərəfindən zəbt olunub və bu torpaqların işğalı günahsız insanların qətlə yetirilməsi və görünməmiş vəhşiliklə müşayiət edilib. BMT Təhlükəsizlik Şurası erməni təcavüzünü pisləyən, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz yurdlarına qaytarılması üçün şərait yaradılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələrə baxmayaraq, hətta üzərindən 26 il keçsə də, azərbaycanlılar öz ölkəsində qaçqın olaraq qalır və erməni işğalının davam etməsi ucbatından öz evlərinə qayıda bilmirlər. Sonda Qrinqer sual verir ki, əgər bu qətnamələr icra olunmayacaqdısa, onları qəbul etməyin nə mənası vardı?

 

Yusif Babanlı, AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton