ABŞ-ın Pitsburq şəhərində 28 may Azərbaycan Günü elan edilib

18 yaşdan yuxarı tələbələrin hamısının vaksinasiyadan keçməsi nəzərdə tutulub, əks halda…
İşğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçuların aylıq vəzifə maaşları artırıldı
Bolqarıstandan olan müşahidə missiyası prezident seçkiləri ilə bağlı fəaliyyətə başlayıb

Amerikanın tarixi və tanınmış Pitsburq şəhərinin meri Uilyam Peduto Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar rəsmi bəyanat verib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, bəyanatda 1918-ci il 28 may tarixində müsəlman şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.

Eyni zamanda sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Sənəddə qeyd edilir ki, Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirmiş və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Bəyanatda, bu il, 28 may tarixində Pitsburqda və dünyanın digər yerlərində yaşayan azərbaycanlılar tərəfindən Milli Gün olaraq Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinin qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı qeyd edilir.

Sonda şəhərin meri Uilyam Peduto imzaladığı bəyanatda 2018-ci il 28 may tarixini Pitsburqda Azərbaycan Günü elan edir və bütün Pitsburq sakinlərini Azərbaycan xalqının çoxsaylı töhfələrini qeyd etməyə çağırır.