Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarılması və əhalinin içməli suya tələbatının ödənilməsi məqsədi ilə subartezian quyuları qazılacaq

Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlayıb
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə mətbuata bəyanatda səsləndirdiyi fikirlər bu ölkənin mediasında geniş işıqlandırılıb

Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ağdam və Tərtər rayonlarının əhalisi 25950 nəfər olan 18 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2021-ci il