AHISKA TÜRKLƏRİMİZ

Bir nəslin xeyriyyəçilik missiyası
Elxan Süleymanov: “Qarabağ dondurulmuş münaqişə statusundan çıxıb”
Balakən və Zaqatalada “Azərbaycan tarixi”nin problemləri ilə bağlı seminarlar keçirilib

Filologiya elmləri doktorları: professor Asif Hacılı və professor İsmayıl Kazımov ilə Ahıska türkləri və onların deportasiyası barədə danışdıq.  

Fuad Babayev: Ahıska türklərinin 14 noyabr 1944-cü ildə deportasiya olunmalarından 75 il, 1989-cu ilin iyununda baş vermiş Fərqanə hadisələrindən isə 30 il keçir. Biz onlara bir qayda olaraq, Məhsəti türkləri deyirik. Ahıska türkləri haqqında nələri bilməliyik?

İsmayıl Kazımov: Çox şeyləri bilməliyik. Ona görə ki, əvvəla, Ahıska türkləri dediyimiz toplumun başına çox müsibətlər gəlib: iki dəfə deportasiyaya məruz qalıblar, vətənlərindən digər yerlərə məcburi surətdə köçürülüblər. Haradan ağıllarına gələ bilərdi ki, 1944-cü ilin soyuq payızında gecə yatdıqları yerdə əsgərlər onları evlərindən zorla çıxardıb, yuxulu-yuxulu heyvanları daşımaq üçün nəzərdə tutulan vaqonlara dolduraraq uzaq Mərkəzi Asiyaya sürgün edəcəklər. Doğrudur, bu qərarı verən SSRİ rəhbəri İ.V.Stalin idi, amma bunu ona kim diktə etmişdi ki, Gürcüstanın Mesxeti və Cavax ərazisində yaşayan Ahıska türklərini bir gecənin içində sürgün etsinlər. Bunun kökünü axtarıb tapmaq lazımdır. Mənə elə gəlir ki, burada mütləq “erməni barmağı” olub. Çünki o regionda gürcülərdən savayı çoxlu sayda ermənilər də yaşayırdı. Eyni zamanda gürcü şovinistlərinin də burada rolu olmamış deyil.

Asif Hacılı: Təəssüf ki, tək bizdə deyil, Türkiyədə də Ahıska türklərinin kim olduğunu indiyə qədər yaxşı bilmirlər. Ahıska türkləri Osmanlı dövləti yaranmamışdan da qabaq müasir Gürcüstan ərazisində yaşayıblar. Bu ərazidə qədimdən, Gürcü çarı IV Davidə və Tamaraya qədər də xeyli sayda qıpçaq türkləri məskunlaşmışdı. Daha sonra IV David qıpçaqlarla qohum olub, çoxlu sayda qıpçaqları Gürcüstan ərazisində yerləşdirib. Maraqlıdır ki, Osmanlı dövləti yaranmazdan qabaq Ahıska türkləri, hətta Ahıska atabəyliyi adında yarımmüstəqil dövlət yaratmışdılar. Bu atabəylərin son nümayəndəsi Osman Sərvər Atabəy olub. Osman bəy XX əsrin əvvəllərində Almaniyada təhsil alıb, varlı olub və zaman milli hərəkata başçılıq edib. Sonradan Türkiyəyə köçərək orada deputat seçilib, bütün sərvətini xalqına sərf edib.

Ahıska türklərinin kökü qıpçaq olan buntürklərdən gəlir. Gürcüstanda qıpçaqların olması barədə çox yazılıb. Yəni bunlar – xristian türklərdir və nəinki Gürcüstan, Ermənistan, həmçinin Azərbaycan ərazisində də yaşayıblar. Ahıskalılar yaşayan ərazi gah Osmanlıların, gah Səfəvilərin əllərinə keçib, nəticədə, XVI əsrdə qəti şəkildə Osmanlı dövlətinin tərkibinə qatılıb. Bundan sonra ərazidə Osmanlı tərkibində bir vilayət – Ahıska paşalığı yaradılıb. Paşalığın bir hissəsi indiki Gürcüstan, digər hissəsi Türkiyə ərazisini əhatə edirdi. O dövrdə bu vilayət çox inkişaf edib, çoxlu mədrəsələr açılıb.

1828-ci ildə general Paskeviçin komandanlığı altında Rus ordusu Ahıska vilayətini ələ keçirir. Yəni artıq qapılar Anadoluya, Şərqə açılır. Bundan sonra orada iki qəza – Ahıska (gürcülər Axaltsixi deyir) və Axalkələk yaradılır. Bu qəzalarda yaşayan əhalinin böyük hissəsini məcbur edirlər ki, Türkiyəyə köçsünlər. Bu köç təkcə oranı deyil, Qazax-Borçalı ərazisini də əhatə edir. Çünki ruslar o əhalini tərəkəmə, elat hesab edirdilər. Axalkələkdə Paskeviç pul verib bir çox kəndləri türklərdən alır və erməniləri orada pulsuz yerləşdirir. Ahıskanın böyük mədəniyyəti süqut edir.

Ahıska qalasının içində olan mədrəsədə (indi də durur) Şərqin ən zəngin kitabxanalarından biri yerləşirdi. Qalanın mühasirəsində general Muravyov iştirak edib. General Muravyov ərəb, fars, türk və s. dilləri bilirdi, Orta Asiyada casus kimi fəaliyyət göstərib və çox savadlı bir hərbçi olub. Onunla birlikdə tərcüməçi qismində Abbasqulu ağa Bakıxanov da iştirak edib. Bir əfəndini də kömək etmək məqsədi ilə çağırıblar və kitabxananı müsadirə ediblər. 110-116 adda, təxminən 200 cilddən çox kitab Peterburqa aparılıb. Bakıxanov o kitabların dəqiq siyahısını verib.

Fuad Babayev: Kitablar indiyə qədər orada qalır?

Asif Hacılı: Bəli, qalır. Bundan sonra ahıskalıların taleyində yeni dövr başlayır. XX əsrin əvvəllərində erməni terroru, çar hökumətinin repressiyaları fonunda ahıskalılar arasında milli hərəkat başlayır və 1918-ci ildə Ahıska Hökuməti-Müvəqqətəsi yaranır, sonra isə paytaxtı Qars olan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinə birləşir. Həmin ilin oktyabrında Ömər Faiq Nemanzadənin (1872-1937 – Azərbaycanın görkəmli ədibi, ictimai-siyasi xadim, mollanəsrəddinçi, istedadlı publisist, Ahıska türkü – red.) başçılığı ilə Ahıska hökuməti qurulur. O dövrdə Osman Sərvər Atabəy də gəlib bu dövlətin qorunmasında iştirak edir. Nəhayət, bolşeviklər Ahıska hökumətini yıxır.

Sovet dövləti qurulduqdan sonra ahıskalıların Azərbaycan ilə güclü münasibətləri olub. O dövrdə Sovetin bütün cinayətlərinə rəğmən, ahıskalılar üçün çoxlu məktəblər açılıb, Ahıskada, Tiflisdə, Borçalıda Ahıska Türk Pedaqoji texnikumu fəaliyyət göstərib. İbrahim İsfahanlı (1897-1967 – Azərbaycanlı aktyor – red.) və digər aktyorlar 1934-cü ildə Ahıskanın Adıgün rayonunda səyyar Kolxoz və Sovxoz Teatrı yaradıblar. Teatrın əsas personalı Azərbaycandan, Tiflisdən gedən aktyorlar olub. Yerli əhalidən də Qaplanov, Mamaxov və başqa insanlar iştirak ediblər. Bu teatr təkcə Ahıskada fəaliyyət göstərməyib, Tiflisə, Borçalıya, hətta Qazaxa səfərlər edib. Amma 1940-cı illərdə bu teatr ləğv edilib.

Fuad Babayev: Niyə məhz 1944-cü il?

Asif Hacılı: 1944-cü ildə təkcə ahıskalılar deyil, digər xalqlar da sürgün olunub. Bunun niyə baş verdiyini başa düşmək üçün XVIII-XIX əsrdən başlayan Rusiya dövlət siyasətinin kökünə getmək lazımdır. I Pyotrun yazılarını oxuyun; rəsmi sənədlər var ki, rusların hətta Xəzər sahillərinə erməniləri gətirib yerləşdirmək, türkləri sarsıtmaq, onların arasında əlaqəni kəsmək kimi planlar olub.

Bu yaxınlarda (noyabrın 11-də – red.) Ermənistanın hazırda həbsdə olan keçmiş prezidenti Koçaryanın bir məqaləsi çıxıb. Yazır ki, indiki Paşinyan hökuməti dövründə çox qorxulu proseslər gedir, Azərbaycanda artıq türkçülük anlayışı çox inkişaf edib, Azərbaycan Prezidenti Zəngəzurun Azərbaycan ərazisi olduğunu söyləyir. Koçaryan bildirir ki, bu, onların illərdir ruslarla birlikdə apardıqları Türkiyə ilə Azərbaycan arasında birləşməyə yol verməmək kimi mübarizələrinə təhlükəni artırır. Yəni Stalin siyasəti əvvəlki çar Rusiyasının siyasətinin davamıdır. Sovet hökuməti təsadüfi addımlar atmırdı. Stalinin əsas məqsədi Qafqazı türk xalqlarından boşaltmaq, yaxud regionda saylarını azaltmaq idi. Bura azərbaycanlılar da daxil idi. O dövrdə M.C.Bağırov olmasa idi, azərbaycanlıları da sürgün edəcəkdilər. Yəni Krım türkləri, qaraçaylar, balkarlar, çeçenlər, inquşlar, kalmıklar köçürüldü. Amma necə oldu ki, orada türkcə danışan bir laz kəndi var idi, onu da köçürmüşdülər, sonra təcili geri qaytardılar ki, səhv olub, lazlar gürcüdürlər. Çar və Sovet imperiyalarının siyasətinin mahiyyəti antimüsəlmançılıq, antitürkçülük üzərinə qurulmuşdu və Yaxın Şərqi, bütün dünyanı tutmaq, böyük şər imperiyasını yaratmaq məqsədi daşıyırdı. Rusların ən böyük xəyalı Çarqradı (rus millətçilərinin dilində, İstanbul – red.) tutmaq olub. Ona görə də Ahıska türkləri həmin bu imperiya siyasətinun qurbanı oldular.

O dövrdə SSRİ Türkiyəyə müdaxiləyə hazır idi. Hətta Zaqafqaziya Hərbi Dairəsində əsgərlər üçün “pamyatka” (yaddaşça – red.), türklərlə müharibə aparma qaydaları hazırlamışdılar. Məsələn, orada yazılmışdı ki, Türkiyə Almaniya deyil, ona görə də orada qadınlara, qızlara yaxın durmaq olmaz, qocalara, yaşlılara hörmətsizlik etmək, ailələrin evinin içinə özbaşına girmək olmaz və s. Sovet düşünürdü ki, türkləri ayrı cür, tamam başqa siyasət ilə məhv edəcək. O zaman Türkiyə II Dünya müharibəsinə girmədi, Sovetlər də Türkiyə ilə əlaqəni tam qırmaq üçün türkləri Qafqazdan Orta Asiyaya və Qazaxıstana köçürtdülər. Burada təkcə Gürcüstandakı türklər deportasiya olunmadı. Ümumi olaraq müsəlmanlar bu siyasətin qurbanı oldular.

Fərqanə hadisələri bəs nə ilə bağlı idi? Məsələ guya bazarda çiyələk üstündə mübahisədən başlayıb. Amma əsas səbəb o idi ki, Gürcüstan xalqı ayağa qalxmışdı, orada çox güclü azadlıq hərəkatı mövcud idi, Orta Asiyada da azadlıq hərəkatı artırdı, Ahıska türkləri də siyasi cəhətdən çox fəal idilər. O dövrdə ahıskalılar Soçidə, hətta dinc yürüş etmişdilər. Soçidə Gürcüstanın sabiq prezidenti Zviad Qamsaxurdiyanın adamları gəlib ahıskalıların böyüklərinə yalvardılar ki, Gürcüstana girməyin, biz əvvəlcə müstəqillik qazanaq, hakimiyyətə gələn kimi sizi Gürcüstana qaytaracağıq. Ahıska türkləri də inandılar. Amma Qamsaxurdiya hakimiyyətə gələn kimi onlara düşmən oldu. Fərqanə hadisələri ilk növbədə, Gürcüstandakı azadlıq hərəkatını sarsıtmaq üçün yaradılmışdı. İkinci səbəb də odur ki, sovetlər türklər arasında çaxnaşma salmaq istəyirdi. Türkiyə Orta Asiyaya nüfuz etməyə başlamışdı və Fərqanə hadisələri də bunun qarşısını almağa hesablanmışdı.

Fuad Babayev: Yəni Ahıska türklərinin Gürcüstana qayıtması Sovet siyasətinin tərkib hissəsi idi.

Asif Hacılı: Bəli, tərkib hissəsi idi. Amma necə qayıtmaq… Qanla, dava ilə.

Bəs Məhsəti sözü necə yarandı. Türklər ahıskalılara “mesx” deyirdilər. Mesx qədim gürcü xalqıdır. Şota Rustaveli də mesx olub. Gürcülər də onlara “mesx” deyirdilər. Mesxeti sırf gürcü sözüdür, yəni Ahıska türkləri yaşamış o ərazi Mesxetiya və Cavaxetiya adlanır. Mesxetiya dağlıq silsilədir. O vaxt ahıskalıların Gürcüstana qayıtması haqqında müzakirələr başlayanda, bizim nümayəndələr onları türk adlandırırdılar, gürcülər isə “türk” sözünü qəti surətdə yaxına qoymurdular, ona görə danışıqlar da alınmırdı. Bizim nümayəndələr təklif etdilər ki, o zaman onları Mesxeti türkləri adlandıraq. Gürcü də, hamı da razılaşdı. Ancaq “Mesxeti türkü” sözü düzgün deyil. Çünki onlar Osmanlı türküdürlər, Osmanlı türkcəsinin şimal-şərq ləhcəsində danışırlar. İsmayıl müəllim ahıskalıların ləhcəsini araşdırıb, bu mövzuda doktorluq işi də yazıb.

Mehman İbrahimov: Onların ləhcəsi yəqin ki, lazlara da yaxındır.

Asif Hacılı: Ləhcələri həmçinin Qaradəniz sahilindəki xalqlara yaxındır. Onlar da qaradənizlilər kimi “gədiğum”, “gediğum”, “oxudiğum” və s. deyirlər.

Mehman İbrahimov: Onda belə bir versiyaya nə deyirsiniz, gürcülər onları türkləşmiş gürcü hesab edirlər.

Asif Hacılı: Onları istər gürcü, yəhudi, istər nə bilim nə hesab etsələr də, ahıskalılar özlərini türk hesab edir, milli kimlikləri, dili də türkdür.

Fuad Babayev: Bəs necə oldu ki, xeyli sayda Ahıska türkü Azərbaycana gəldi?

İsmayıl Kazımov: Fərqanə hadisələrindən sonra bir çox ahıskalı ölkəmizə pənah gətirdi. Azərbaycanın Saatlı, Sabirabad, Xaçmaz, Beyləqan, Quba rayonlarında məskunlaşdılar. Hətta yaşadığı kəndlərə özünəməxsus adlar da verdilər. Məsələn, Adıgün kəndi…

Asif Hacılı: Amma ahıskalıların qayıtmağı birinci dəfə 1956-cı ildə bəraət aldıqdan sonra başlayıb və ahıskalılardan ilk qrup Mövlud Bayraqdarovun başçılığı ilə 1958-ci ildə Saatlıya gəlib.

İsmayıl Kazımov: Mən sonradan gələnləri qeyd edirdim. Bu haqda Sevil Piriyevanın da kitabı var: “Ahısqa Türkləri Azərbaycanda-Tarixi-Sosial-Mədəni Həyatı”. Onlar sonradan gəlib yerli camaata qarışıblar. Xaçmaz rayonunda Şuraabad kəndi var. Onlar 1989-cu ildə o kəndə gələndə gedib görüşdüm, o zaman orada hələ çadırlarda yaşayırdılar. Indi artıq orada böyük bir qəsəbə yaradılıb. Ahıskalılar çox zəhmətkeş insanlardır. Harada olmaqdan asılı olmayaraq, daha çox təsərrüfat işləri ilə məşğul olurlar.

1956-cı ildən sonra Azərbaycanı özlərinə yaxın saydıqlarına görə, çoxlu sayda ahıskalı ölkəmizə gəlmişdi.

Fuad Babayev: Onları o zaman hara köçürtmüşdülər?

Asif Hacılı: Əsasən Özbəkistan, Qazaxıstan və Qırğızıstana.

Fuad Babayev: Və 1956-cı ildən sonra Sovet hökuməti siyasi, iqtisadi mənafedən çıxış edərək onları Saatlıya gətirdi?

Asif Hacılı: Bəraət haqqında sərəncam verilənə qədər ahıskalılar komendant rejimində yaşayırdılar. 12 il komendant rejimində yaşamaq nə deməkdir… Bir kənddən o biri kəndə getmək olmaz. 1956-cı ildə deportasiya olunmuş xalqlara bəraət verilir və çeçenlər, inquşlar, balkarlar, qaraçaylar, kalmıklar öz torpaqlarına geri qayıtmaq hüququ qazanırlar. Krım tatarlarına bu hüquq verilsə də, qayıtmaq mümkün olmur, lakin ahıskalılara deyirlər ki, Gürcüstan istisna olmaqla digər respublikalara köçə bilərsiniz. Arqument kimi də deyirdilər ki, Gürcüstanda demoqrafik vəziyyət çətindir, kəndlər, evlər tutulub, boş yer yoxdur və beləliklə, ölkəyə Ahıska türklərini buraxmırlar. Halbuki, 1828-ci ildə Ahıska şəhərinin əhalisi 50 min nəfər olub, amma hazırda əhalisi 17 min nəfərdən artıq deyil. Ahıskalılar yaşamış 212 kənddən cəmi 60 kənd məskunlaşıb, qalanları boşdur.

Mehman İbrahimov: Bəs 1944-cü ildə boşalan evlərdə minlərlə erməni ailəsi yerləşdirmişdilər.

Asif Hacılı: Onları Ahıska şəhərinə deyil, rayon kəndlərinə yerləşdirirlər. 1958-ci ildə ahıskalılar vətənə qayıtmağa cəhd edəndə, Gürcüstan qapıları onların üzünə bağlayır. Bəziləri müxtəlif yollarla girə bilsələr də, sonradan onları da çıxardıblar. Hər yerdə sərhəd zonası 80 km olduğu halda, Ahıskada az qala 200 km-ə çatdırılmışdı, yəni sərhəd zonasına girə bilməzsən. Mövlud Bayraqdarov, Ənvər Odabaşev və digər ağsaqqallar sürgündə qurultay keçirib cəmiyyət yaradır, Moskvaya müraciət edirlər ki, bizi tarixi vətənimizə buraxın, amma yenə də Gürcüstana buraxmırlar. O zaman fikirləşirlər ki, nə edək. Heç olmasa Azərbaycan doğmadır, dilimiz, dinimiz eynidir, ilk mərhələ kimi bu ölkəyə köçək. Azərbaycana da özbaşına köçmək olmazdı. Bunun üçün o dövrdə Azərbaycan SSR KP MK-nin I katibi İmam Mustafayev qərar verir və Moskvadan razılıq alınır. 1944-cü ildə sürgün ediləndə sənədlərdə ahıskalıların adı türk, 1956-cı ildə isə artıq əmrdə, sərəncamda azərbaycanlı yazılıb. Azərbaycan da onların adının azərbaycanlı olduğunu səbəb göstərərək ölkəyə köçməsinə yardım edir. 1980-ci illərə qədər 40 min nəfərə yaxın ahıskalı Azərbaycan SSR-ə köçüb. Hökumət onlara torpaq, həyətyanı sahə, material almaq üçün pul verir, hər cür yardım göstərir.

Fuad Babayev: Onların yerləşdiyi Saatlı və Sabirabadın iqlim şəraiti əvvəl yaşadıqları tarixi vətənlərindəki şəraitlə düz gəlirmi?

Asif Hacılı: Onlar, əlbəttə, dağlıq ərazidə yaşamışdılar, amma təsəvvür edin ki, pambıqçılıq ilə məşğul oldular və yeni şəraitin reallıqlarını mənimsədilər. Gördülər ki, pambıqçılıqda pul var, dolanışıq var. Azərbaycan üçün də faydalı idi ki, boş torpaqlar əkilib becərilsin.

1980-ci illərdə tez-tez kəndlərə gedirdim. Adını çəkdiyimiz Mövlud Bayraqdarov Saatlı rayonunun Adıgün kəndində ahıskalılar arasında ilk kolxoz sədri olub.

Fərqanə hadisələrindən sonra ahıskalıların bir hissəsini təcili Rusiyaya aparırlar. Amma necə? Ailələri parçalayaraq. Bir qardaş bir yerə düşür, digər qardaş başqa bir yerə. Ahıskalılar nəslə “taxım” deyirlər. Məsələn, Bayraqdarlar taxımı böyük bir nəsildir, içərisinə bir neçə familiya daxildir. Onda ahıskalılar deyirlər ki, biz bu cür deyil, yalnız tayfa kimi yaşaya bilərik. Iki ailə tipi var: kiçik – nuklear və böyük – aqnat. Onlarda əsas ailə tipi böyük ailə – aqnatdır (valideynlər və övladların külfətindən ibarət böyük ailə – red.) Ondan sonra onlar Rusiyadan da Azərbaycana gəliblər. Çünki ölkəmizdə artıq onların qohumları, əlaqələri var idi. O dövrdə Ermənistan SSR-dən qaçqın düşən azərbaycanlılar Azərbaycana pənah gətirmişdilər. Həsən Həsənovun başçılığı ilə Azərbaycan SSR Nazirlər Kabineti iclas keçirir və qeyd olunur ki, fərq etməz, Ahıska türkləri də bizim qardaşlarımızdır. Təsəvvür edin ki, Bakı Dəniz Limanında xalq onları necə qarşılayırdı. Qardaş kimi qarşıladılar, aparıb yerləşdirdilər və ahıskalılar burada məskunlaşdılar. Sonradan bir hissəsi Şimali Qafqaza köçdü, hazırda Rusiyada Qaraçay-Balkar, Krasnodar, Rostov, Stavropol və s. yerlərdə yaşayırlar. Amma 1980-1990-cı illərdə Moskva onlara pasport vermir. Maraqlıdır ki, ABŞ Departamenti araşdırma aparır və ahıskalıların çox sağlam, zəhmətkeş, loyal, müasir xalq, avropoid irqi olduğunu, heç zaman terrorda əlləri olmadığını, iğtişaşlar törətmədiyini nəzərə alaraq 15 minə qədər ahıskalını müxtəlif ştatlarda yerləşdirir. Dövlət Proqramı çərçivəsində onlara dil və peşə öyrədilir, evlə, işlə təmin edilir və hazırda da orada yaşayır və öz birliklərini saxlayırlar.

Ancaq Gürcüstan ölkəyə yaşamaq üçün gələn ahıskalıları buraxmır. Hətta M.Saakaşvili Gürcüstan Parlamentində Hüquq Komitəsinin sədri olanda belə bir qərar qəbul olunur ki, Gürcüstan öz müstəqillik dövrünə məsuliyyət daşıyır. Yəni 1920-ci ildən 1991-ci ilə qədər olan dövrdə deportasiya olunmalar Gürcüstan üçün deportasiya sayılmır. Bunu Sovet dövləti edib, o da məsuliyyət daşıyır. Hazırda Ahıskaya 20-30 ailə köçüb. Amma problem nədədir. Məsələn, Gürcüstanda sənədlərə baxırlar, sonra da deyirlər ki, hər şey normaldır, lakin get qaldığın ölkədə vətəndaşlıqdan çıx gəl yenidən müraciət et, sənə 5-6 ay sınaq müddəti təyin edəcəyik, ondan sonra ya razılıq verəcəyik…

Fuad Babayev: Ola bilsin ki, verməyəcəyik.

İsmayıl Kazımov: Bir mənbədə oxudum ki, gürcü familiyaları olan bir çox ahıskalı qayıda bilib.

Asif Hacılı: Heç özünə gürcü familiyası götürsən də vətənlərinə buraxmırlar. Sizin dediyiniz Barataşvili ailəsidir. Onlar xristiandırlar.

İsmayıl Kazımov: Görürsən ki, 20-30 nəfər ahıskalı turist kimi Tiflisə gəlib oradan da dədə-baba yurdlarına gedib gəzib qayıdırlar.

Asif Hacılı: Hüquqi cəhətdən köçməyə nail olmaq olar. Amma bir məsələ var. Tutaq ki, ahıska türkü yaşadığı yerdə torpağını, evini satdı və Gürcüstanda ev alıb ora köçdü. Amma onun sonra pulu olmalıdır ki, yaşaya bilsin. Məsələn, Türkiyəyə tədbirə gedəndə gördüm ki, cavan uşaqlar hamısı yaxşı da yerləşiblər, işləyirlər, təkcə Bursada nə qədər ahıskalı var: bəlkə də 100 mindən çox.

İsmayıl Kazımov: Bursada onlar üçün ayrıca evlər tikiblər. Hamısı da işlə təmin olunublar.

Fuad Babayev: Onlar artıq Türkiyə vətəndaşlığı alıblar?

Asif Hacılı: Bəli, alıblar.

Mehman İbrahimov: Onlar üçün yəqin xüsusi güzəştlər də var.

Asif Hacılı: Güzəştlər var, amma onlar da əziyyət çəkirlər, zəhmətkeş insanlardır. Orada artıq çoxlu ahıskalı alimlər yetişib.

Fuad Babayev: Bəs ahıskalılar ilə bağlı Azərbaycan elmi nə işlər görüb?

İsmayıl Kazımov: 1989-cu ildə Dilçilik İnstitutunun direktoru akademik Zərifə Budaqova məni çağırdı ki, Ahıska türklərinin dili haqqında doktorluq işi yazmalısan. Dedim ki, bu barədə heç bir məlumat yoxdur. Cavab verdi ki, səni Gürcüstana göndərəcəyik, arxivlərə, hər yerə baş vurub məlumat toplayarsan. O zaman oraları gəzdim, çox şeylər gördüm. Dünyanın hər yerində ahıska türkü problemi var və onun öyrənilməsinə önəm verirlər.

Asif Hacılı: Açığını desək, Azərbaycanda İsmayıl müəllimdən, məndən başqa bu problemi tədqiq edən kimsə yoxdur.

Fuad Babayev: Doğrudanmı ölkəmizdə bu mövzuda işləyən bir gənc yoxdur ki, siz də onun elmi məsləhətçisi olasınız?

Asif Hacılı: Sevil Piriyeva “Ahıska türkləri Azərbaycanda” mövzusunda kitab yazdı, müdafiə etdi, mən də o zaman ona öz köməyimi göstərdim.

İsmayıl Kazımov: Mən Ahıska toponimləri haqqında bir kitab çap etdirmişəm. Onların toponimləri çox qədimə gedib çıxır. Bayaq Asif müəllim buntürklərin adını çəkdi, həqiqətən də onların kökü gedib buntürklərə çatır. Buntürklər Gürcüstan ərazisinə miladdan öncə gəliblər. “Bun” sözünün mənası “ilk” deməkdir, yəni “ilkin türk” olublar. Sözün digər mənası “kədər”, “iztirab” deməkdir.

Tədqiqatlar indi də davam edir. Bəzi alimlər ahıskalıları oğuz türkləri hesab edir, amma onlar qıpçaqdır.

Asif Hacılı: Kökləri qıpçaq olsa da, hazırda real olaraq oğuzdurlar.

İsmayıl Kazımov: Ola bilər. Yəni hal-hazırda oğuzla qıpçağın hibridi, qarışığıdırlar.

Asif Hacılı: Təəssüf ki, real tədqiqat aparan yoxdur. Bunun üçün gürcünün, rusun, türkün, Avropanın mənbələrinə girməlisən və s.

Mehman İbrahimov: Mənə elə gəlir ki, azərbaycanlıların etnogenezində qıpçaqların rolu tam araşdırılmayıb. Qazax-Borçalı bölgəsində, Türkiyədə Ərdəhan, Qars bölgələrində yaşayan qarapapaqlar qıpçaq olublar. Məhsəti ərazisi də bu arada qalır.

Asif Hacılı: Çar IV Davidin öz drujinası olmayıb. O zaman özünü qorumaq üçün qıpçaq xanının qızı ilə evlənib və şimaldan qıpçaqları dəvət edib. Ondan sonra bu qıpçaqlar Təbrizə qədər gedib çıxıblar. Gürcülərin mənbələrində var, mən də “Ahıska türkləri: vətən bilgisi” kitabımda bu barədə yazmışam, Gürcüstanın cənubuna gürcülər özləri “Didi Türkoba”, yəni “Böyük Türküstan” deyiblər. O zaman geyimləri tatar qiyafətləri olub (gürcülər türklərə tatar deyirdilər), sarayda sərkərdələr, vəzirlər çoxu türk olub.

Mehman İbrahimov: Bəs necə oldu ki, bu qədər türk əhali Gürcüstanda milli azlığa çevrildi?

Asif Hacılı: Onların çox hissəsi xristian olub və necə ki Qarabağda xristian türkləri erməniləşdi, bunlar da dinin təsiri ilə gürcüləşdilər. Yaxud, ölkəmizdə yaşayan yəhudilər fars mənşəlidirlər, amma dönüb yəhudi olublar. Buxarada yaşayan yəhudi əslinə qalsa, özbəkdir, ancaq dinin təsiri ilə yəhudi olubdur. Kəraimlər var, yəhudidirlər, ancaq türkcə danışırlar. Urumların türkləşmiş yunanlar, yoxsa xristianlaşmış türklər olduğu dəqiq bilinmir. Urumların “Koroğlu”sunda bilirsiniz düşmən kim göstərilir? Erməni.

Fuad Babayev: Hazırda Azərbaycanda yaşayan ahıskalılar arasında tanınmış insalar kimlərdir?

Asif Hacılı: Bəkir Mamoyev o vaxt rayon polis rəisi olub, Daxili İşlər Nazirinin müşaviridir. Habelə hərbidə məşhur adamları, tanınmış həkimləri var və s. Qarabağ savaşında iştirak edib Milli Qəhrəman adına layiq görülmüş İsgəndər Aznaur (topçu İsgəndər də deyirlər) Başkəndin ermənilərdən təmizlənməsində böyük şücaət göstərib. Mövlud İşık “Axısxalı şəhidlər” kitabında Qarabağ uğrunda gedən döyüşlərdə ahıskalıların 81 nəfər şəhid verdiyini yazıb. Təzəgül Cövdətova və başqa ahıskalı şairlərin şeirlərinin yarısı, demək olar ki, Azərbaycanla bağlı mövzudadır. Şeirləri də elə səmimiyyətlə yazırlar ki, hiss edirsən ki, bunların içində “yanğı” var. Bunlarda konyunktura yoxdur. Bəzən dünyada vətənpərvərlik mövzusu da mənfəət üçün alverə çevrilir, amma ahıskalılarda belə bir şey mövcud deyil. Onlarda hər şey ürəkdən gəlir, hətta kimi isə tərifləsələr də ürəkdən edirlər.

İsmayıl Kazımov: Türkiyədə yaşayan Fırat Sunel Ahıska ləhcəsində ahıskalıların sürgün tarixi haqqında roman yazıb: “Salkım Söğütlerin Gölgesinde”. Sürgün həyatını o qədər gözəl təsvir edib ki… Həddən artıq təsirli əsərdir.

Asif Hacılı: Amma özü sürgün həyatı yaşamayıb. 1992-ci ildə Bakıda ahıskalılar öz dillərində “Vatan aşkı” qəzetini çap ediblər.

İsmayıl Kazımov: Ondan əvvəl Rusiyada çıxıb.

Asif Hacılı: Amma ahıskalılar Gürcüstanda olanda öz dillərində “Adıgün kolxozçusu”, “Bağban”, “Qızıl rəncbər” və s. qəzetləri çap olunub.

Mehman İbrahimov: Müasir dövrdə bəs ahıskalılar hansı ləhcədə yazırlar: Türkiyə, Azərbaycan, yoxsa Ahıska?

Asif Hacılı: Ahıskalıların ədəbiyyatında dil baxımından 3 tendensiya var. Məsələn, Şah İsmayıl Adıgünlü adlı yazar sırf Azərbaycan ləhcəsində çoxlu roman yazıb. Mircavad Ahıskalı peşəkar yazıçıdır, Türkiyə türkcəsində gözəl əsərlər yazıb. Azərbaycanda yaşayan Cabir Xalid, Həmdi İtkin və başqaları öz ləhcələrində yazırlar və Ahıskaya da Axısxa deyirlər. Siyasi baxımdan da 3 tendensiya var. Bir qrup deyir ki, Osmanlı türküyük, digər qrup deyir, türkləşmiş gürcüyük, o biri qrup da deyir ki, biz özünəməxsus bir xalqıq. Hətta özlərinə əlifba da düzəltmişdilər.

İsmayıl Kazımov: Ayrıca dərslikləri də var. Ahıska türkləri özləri üçün xüsusi əlifba düzəltmişdilər, 40-dan çox hərf var idi. Mən Ahıska türklərinin dilini tədqiq etmişəm. Onların dilində ola bilsin ki, Azərbaycanın da, digər türk xalqlarının da sözləri olsun. Yaxud mümkündür ki, müəyyən kateqoriyalar oxşar olsun. Mən nəyə görə bayaq onların Qıpçaq olduğunu dedim. Qıpçaq qrupunda olan dil xüsusiyyətləri Oğuz qrupunda yoxdur, amma ahıskalılarda var. Onların qrammatik kateqoriyalarında Qıpçaq elementləri mövcuddur.

Mehman İbrahimov: Ona görəmi Qazaxıstan Ahıska türklərinə çox doğma yanaşır?

Asif Hacılı: Ona görə yox. Qazaxıstanın siyasi məqsədləri var.

Ahıska türklərinin “Vətən” cəmiyyəti 1950-ci illərdə Orta Asiyada yaradılıb, lideri isə Ənvər Odabaşev olub. Hazırda başçıları var, amma liderləri yoxdur. Bu cəmiyyət Azərbaycanda, Rusiyada fəaliyyət göstərir, ancaq maddi vəziyyətləri yaxşı deyil. Lakin Ziyəddin Hasanovun yaratdığı Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) hər yerdə: Azərbaycanda, Türkiyədə, Rusiyada və s. ölkələrdə şöbələri açılıb. Ziyəddin Hasanov rəsmən milyarderdir. Bu iki qurum bir-biri ilə yola getmir. Onları barışdırmaq da mümkün deyil. DATÜB siyasi cəhətdən “Vətən” cəmiyyətini qabaqlayır. Türkiyədə Ahıska türklərinə bütün yardımlar Hasanovun təşkilatı – DATÜB vasitəsilə verilir. “Vətən” cəmiyyəti qıraqda qalıb, halbuki o, daha qədim və tanınmış cəmiyyətdir. DATÜB də istəyir ki, “Vətən” cəmiyyəti gəlib onlara tabe və tərkibinə daxil olsun. “Vətən” cəmiyyəti isə razı olmur ki, nəyə görə, məni xalq seçib. Moskvada Rusiya üzrə “Vətən” cəmiyyətinin başçısı Əhməd bəy Pepinovun (AHC və Qazaxıstan SSR-in ictimai-siyasi və dövlət xadimi – red.) nəslindən olan professor Fuad Pepinovdur.

Qazaxıstanın nə marağı var. Ölkədə ruslar çox olduğuna görə harada türk, uyğur, azərbaycanlı olsa, özünə çəkir, çünki onlar Qazaxıstan dövləti üçün təhlükə deyildir. Həm də Ahıska türkləri hamısı təsərrüfatcıldır, orada isə boş torpaqlar çoxdur. Qazaxıstan da hər cür şərait yaradır ki, qal, yaşa.

Ahıskalılar Osmanlı dövlətində, Ahıska paşalığında 300-400 il yaşayıblar, türkləşiblər. Türk ədəbiyyatında, tarixində, sarayında Ahıska kökənli yüzlərlə adam olub. Doğrudur, ahıskalılar Osmanlı türküdürlər, ancaq necə? Mənim 1989-cu ildə Ahıska türkləri haqqında ilk dəfə məqaləm çıxıb. Orada qeyd etmişdim ki, sivilizasiyalarda keçid mədəniyyətləri var. Sivilizasiyalar toqquşanda keçid mədəniyyətləri meydana çıxır. Borçalı, Şərur, Dərələyəz, Ağbaba, Qars Osmanlıya, ahıskalılar isə Azərbaycanlılığa keçiddir. Ahıskalıların mədəniyyəti daim Azərbaycanla bağlı olub. Onların ziyalıları, xüsusilə 200 il ərzində Azərbaycana gəlib burada işləyiblər, dərs deyiblər. Yəni bu keçid var, amma Osmanlıdırlar.

Mehman İbrahimov: 1944-cü ildə Ahıska türklərini, kürdləri, həmşinləri sürgün etdilər, ancaq o zaman Gürcüstanda yaşayan azərbaycanlılara dəymədilər.

Asif Hacılı: O dövrdə azərbaycanlıların köçürülməsi tam həll olunmuşdu. Dislokasiya yerləri, vaqonlar, qatarlar – hamısı təyin olunmuşdu. Azərbaycanlıların hamısı Orta Asiyaya köçürülürdü, ölkə də parçalanıb Gürcüstana, Ermənistan, Rusiya arasında bölünürdü. Çeçenistana da ermənilər yerləşdirilməli idi. Son anda bunu etmədilər, bəlkə də qorxdular ki, çeçenlər üsyan edər. Azərbaycanlıların sürgün edilməsinin qarşısını isə o zaman Azərbaycan Kommunist Partiyası MK-nın I katibi  olan Mircəfər Bağırov alıb.

Materialda www.contact.az  fotosundan istifadə edilib.

Hazırladı: Mehman İbrahimov, 1905.az