XVI əsrdə Ahıska Atabəyliyi Osmanlı və Səfəvi dövlətləri arasında cəng meydanına çevrilir, nəhayət, 1578-ci ilin avqustunda Çıldır döyüşündən sonra Osmanlıya qatılır və ərazsində öncə paytaxtı Ahıska olan Çıldır əyaləti, sonradan paşalıq yaradılır. Osmanlılar hər yerdə olduğu kimi, Axısqada və Gürcüstanda da bütün əhaliyə eyni ədalətli münasibət bəsləmiş, türklərin və gürcülərin əmin-amanlığı, firavanlığı qayğısına qalmış, dağlıq şəraiti nəzərə alaraq vergiləri xeyli azaltmış, vətəndaşların qanun içində rahat yaşamaları üçün kamil hüquqi sənədlər hazırlanmışdır. Osmanlı hakimiyyəti 1578-ci ildə fəth etdiyi Axısqa üçün artıq 1595-ci ildə vergilərin azaldılmasını, ədalətli vətəndaş münasibətlərini, sadə xalqla insani davranmağı nəzərdə tutan Qanunnamə təsdiqləmişdir. «Dəftər-i Müfəssəl-i Vilayət-i Ahıska»nın girişində verilmiş, 21 fəsildən ibarət bu qanunnamə dövrünün mükəmməl və demokratik hüquqi sənədidir. Tiflisdə 1947-ci ildə S.Cikiya tərəfindən «Ahıska» adı çıxarılaraq «Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan» adıyla nəşr edilmiş bu qanunun orijinal mətnini və bugünki türkcəyə tərcüməsini Ankarada 2001-ci ildə Yunus Zeyrek dərc etdirmiş və bu mətni 1570-ci ilin «Gürcüstan Qanunnaməsi»ndəki əlavə ifadələr və qeydlərlə tamamlamışdır (Zeyrek Yunus. Ahıska bölgesi və Ahıska türkleri. Ankara, 2001, s.171-181) .
Yunus Zeyreyin yazdığı kimi, mətndə Gürcüstan adı coğrafi və gürcülərin də yaşadığı bəzi ərazilər mənasında işlədilir. İnzibati baxımdan Osmanlıda Gürcüstan vilayəti olmamışdır. Qafqazda Osmanlıların həmin dövrdə qurduğu inzibati vilayətlər bunlardır: Kartli (Tiflis), Kaxeti (Telavi), Çıldır (Ahıska), Şirvan (Ərəş), Abxaziya (Sohumqala), Qori (Qori).
Osmanlı dövlətinə ayrıca inzbati vahid kimi daxil edildəkdən sonra 250 il ərzində Ahıska mahalının paşalıq şəklində güçlü siyasi idarəçiliyi və hərbi gücü formalaşıb, burada camilər, mədrəsələr, kitabxanalar, qalalar tikilmiş, türk-islam mədəniyyəti inkişaf etmiş, müxtəlif elm sahələri, aşıq yaradıcılığı və yazılı ədəbiyyat yüksək səviyyəyə qalxmışdır.
XIX əsrin əvvəllərindən Rusiya imperiyasının Cənuba doğru irəliləməsi ilə Qafqaz türklərinin və müsəlman dağlıların, o cümlədən Ahıska türklərinin taleyində faciəli bir dövr başlayır. 1828-ci ildə Ahıska paşalığı Rusiya imperiyası tərəfindən işğal etdikdən sonra buranın türk-islam mədəniyyətinə, əhalinin demoqrafiyasına böyük zərbə dəymişdir. Bu ərazilər Qars və Bəyazit köçkünləri hesabına kütləvi şəkildə erməniləşdirilmiş, türklərə qarşı erməni-rus hərbi qüvvələrinin geniş terroru başlamışdır.
Rusiyanın işğal etdiyi Ahıska Osmanlı dövlətinin Anadolu və Qafqazı birləşdirən çox mühüm siyasi-hərbi məntəqəsi və həm də türk-islam mədəniyyətinin zəngin mərkəzi olub. Bu fikri nəinki Ahıskanın tarixinə dair mənbələr, sənədlər, həm də Ahıskanı işğal etmiş rus ordusunun Şərqi yaxşı bilən zabitləri, ziyalıları təsdiqləyir. Bu baxımdan yalnız iki maraqlı sənədi təqdim edək.
Birinci sənəd 1828-ci ilin sentyabr-oktyabrında Bakıxanovun hazırladığı «Ahıska kitabxanasındakı əlyazmaların təsviri»dir (Бакиханов А.К.. Сочинения. Записки. Письма. – Баку, 1983, с. 270-278).
1828-ci ilin sentyabr-oktyabrında Ahıskanın çar imperiyası tərəfindən işğalından sonra Əhmədiyyə camesi nəzdində olan məşhur mədrəsənin kitabxanasının müsadirəsində general N.N.Muravyovla tərcüməçi kimi iştirak etmiş A.Bakıxanovun tərtib etdiyi məlumatda bildirilir ki, Əhmədiyyə camesində ayrıca binada yerləşən mədrəsədə ərəb, türk və fars dillərində müxtəlif elmlər tədris olunurmuş. Abbasqulu ağa bu güclü tədris ocağının Ahıskada həmişə mövcud olduğunu ayrıca qeyd edir. Kitabxanadan tapılmış 300-dən çox nadir əlyazmaları və çap kitabları əsasən dərsliklərdən və elmi əsərlərdən ibarət imiş. Bakıxanov bunlardan 148 nömrə altında 153 cild kitab və iki nadir Quran seçmiş və onların həm ərəb, həm də rus dillərində 14 səhifəlik təsvirini vermişdir. Abbasqulu ağa qrammatika, ritorika, söz sənəti, riyaziyyat, astronomiya, fəlsəfə, ilahiyyat, hüquq, ədliyyə və başqa sahələrə aid bu nadir əsərlərin Rusiyada yaradılacaq Asiya tədris müəssisəsi üçün çox gərəkli olacağını xüsusi göstərir.
İkinci sənəd Qafqaza sürülmüş məşhur dekabrist M.S.Luninin Ahıska 1828-ci ilin 16 avqustunda süqut etdikdən sonra yazdığı qeyddir: «Siyasi baxımdan Axalsixin tutulması Parisin tutulmasından daha vacibdir» (Лунин М.С. Письма из Сибири. – Москва, 1987, c.15).
Çar işğalından sonrakı irtica dövrlərində olmazın sıxıntı və təpkilərə baxmayaraq, Ahıska türkləri öz milli varlıqlarını qorumuş, onların milli oyanışı, mədəni həyatı sönməmişdir. «Əkinçi»dən başlamış «Molla Nəsrəddin»ə qədər və sonralar da həmişə Qafqaz mətbuatında Ahıska-Axılkələk mühüm türk mədəni mərkəzi kimi xatırlanmışdır. Hələ 1836-cı ildə Qazan universitetində çıxışında Mirzə Kazım bəy əsas yerli dil kimi türk dili tədrisinin vacib olduğu məntəqələr arasında Tiflis, Qazax, Gəncə, Şuşa, Şamaxı, Quba, Dərbənd, Bakı, İrəvan, Naxçıvan, Lənkəranla yanaşı Ahıskanın da adını xüsusi qeyd edir (20, с. 346). Ahıska və Axılkələk qəzalarında ilk müasir (üsuli-cədid) türk məktəbləri 1900-cü ildə açılır.
Keçən əsrin əvvəllərində Anadolu və Qafqazda ermənilərin türklərə, hətta gürcülərə qarşı məzalimi xüsusilə şiddətlənir, minlərlə türk-müsəlman məhv edilir. Qars, Ahıska, Naxçıvan, Borçalı, Qərbi Azərbaycan ərazisində yerli türk xalqı öz milli varlığını qorumaq üçün erməni terroruna qarşı mübarizəyə qalxır. Xalqın liderləri Osman Sərvər Atabəy, Kəpənəkçi Emin ağa, Ömər Faiq Nemanzadə milli mücadiləyə başçılıq edir. 1918-20-ci illərdə xüsusilə şiddətlənən erməni və çar-bolşevik məzalimindən xalqı xilas etmək məqsədilə Qars, Ahıska, Borçalı, Naxçıvan, Qərbi Azərbycan türkləri bir araya gəlmş və müstəqil idarəçiliyi bərpa etmişlər.
Sovet-bolşevik işğalı. Lakin 1920-lərdən bu qədim türk yurdları Sovetlər Birliyinə qatılmış və Gürcüstana verilmişdir. Rus imperiyası dövründə əski Ahıska paşalığı ərazisində yaradılmış Ahıska və Axılkələk qəzaları sovet dönəmində beş rayona bölünmüşdür (Ahıska, Adıgün, Axılkələk, Aspindza, Boqdanovka – indiki Ninosminda). Lakin bolşevik idarəçiliyinə keçdikdən sonra da türklərə qarşı repressiyalar davam edir. Ancaq türklüyə düşmən olan bolşevik-sovet dönəmində də Ahıska və Borçalı türkləri milli varlıqlarını, ana dilini, dini inancı qorumuş, buralarda türk milli məktəbləri, mətbuatı, teatrı, kitabxanalar fəaliyyət göstərmişdir. Bu dövrdə Ahıska-Axılkələk obalarında Azərbaycanlı ziyalıların köməyi ilə maarif-mədəniyyət ocaqları yaranır, milli kadrlar yetişir. Ahıska türklərinin Azərbaycanla mədəni əlaqəsi güclənir. Bura Azərbaycandan çoxlu müəllim, sənətçi və inzibati işçi gəlir. Onların yardımı ilə pedaqoji və peşə məktəbləri, siyasi kurslar açılır. Adıgündə «Adıgün kolxozçusu» (1931), «Qızıl rəncbər» (1933), Ahıskada «Kommunist» (1930), Aspindzada «Bağban» (1933), «Sosializm kəndi» (1940) kimi mətbuat orqanları çıxır (Bax: Hacılı Asif. Ahıska türkləri: Vətən bilgisi. İstanbul, Ahıska, RTA, 2009, s. 51).
Bu obanın mədəni həyatında teatr tamaşaları xüsusi yer tutur. Keçən əsrin 20-30-cu illərdə həvəskar teatr dərnəkləri yaranır, nəhayət, Tiflis Azərbaycan Dram Teatrının köməyi ilə 1934-cü ildə böyük sənətkar İbrahim İsfahanlının başçılıq etdiyi Adıgün Kolxoz-Sovxoz teatrı fəaliyyətə başlayır, böyük uğurlar qazanan bu sənət ocağı antitürk rejim tərəfindən 1937-ci ildə bağlanılır (Hacıyev Abbas. Tiflis Azərbaycan teatrı. B., 1984, s.138-141; Hacıyev Abbas. Tiflis Azərbaycan və Adıgün türk teatrları. Bakı, 20, s.21-31).
Ahıska bu dövrdə iqtisadi, demoqrafik cəhətdən də inkişaf edir, müxtəlif sənaye müəssisələri yaradılır, sexlər açılır, kənd təsərrüfatı öncül yer tutur. N.Cavaxaşvili adına Tarix, Arxeologiya və etnoqrafiya İnstitutunun 1939-cu ilə aid verdiyi məlumatda göstərildiyi kimi, türklər (siyahıda “azərbaycanlı” yazılıb) Adıgün rayonunda 80%, Boqdanovkada 70%, Aspindzada 66%, Ahıskada 51% təşkil edir (К уточнению важного исторического факта. // Газета ЦК КП Грузии «Народное образование», 30 июля 1989 г., с.10-11).
Prof. Dr. Asif Hacılı