Ahıska türklərinin etnik tarixi- Sürgün və Vətən mücadiləsi

Avrasiya Dağ Kurortları Festivalı gələn il Azərbaycanda keçiriləcək
Dövlət Məşğulluq Agentliyi tərəfindən 1410 nəfər peşəyönümü məsləhəti xidmətlərinə cəlb olunub
Metyu Brayza: “Azərbaycanla sərhəddə təxribatlar Ermənistanın müharibədəki məğlubiyyəti qəbul etməməsi ilə bağlıdır”

Sürgün və yurda dönüş mücadıləsı.

Beləliklə, ahıskalılar 1940-cı illərə yetkin, milli özünüdərki, ictimai bütövlüyü, mədəniyyəti olan xalq kimi çıxır və təbii ki, sovet rejimi bunu həzm edə bilməzdi.Buna görə də bolşevik rejiminin türklərə, müsəlmanlara qarşı cinayətlərindən biri də 1944-cü ildə Ahıskada törədilmişdir: həmin il noyabrın 14-15-də 100 minə qədər Ahıska türkü doğma yurdundan çıxarılaraq qeyri-insani şəraitdə yük vaqonlarında uzaq Türküstana sürgün edilmiş, onların evlərinə gürcülər və sonradan həm də ermənilər  köçürülmüşdür. Həmin dövrdə 46 minə qədər Ahıska türkü İkinci Dünya müharibəsi cəbhələrində sovet dövləti uğrunda qəhrəmanlıqla alman ordularına qarşı döyüşürdü.

Bu insanlığa zidd cinayət nəticəsində, sürgün yolunda və ağır sürgün şəraitində, yad iqlimin təsirilə, mənəvi-psixoloji iztrablardan on minlərlə türk vəfat edir, 12 il komendant rejimi tətbiq edilir.

Milli sürgün Ahıska türklərinin taleyində faciəli rol oynayır, milli varlığa, demoqrafiyaya, həyat tərzinə və eləcə də mədəniyyətə, təhsilə ağır zərbə vurur. Buna baxmayaraq, əzablı sürgün illəri türklərin iradəsini qıra, milli ruhunu əzə bilmir. Elə ilk günlərdən türk vətənpərvərləri Vətən uğrunda mübarizəyə başlayır. Ahıskanın dəyərli ziyalıları, alim və müəllimləri, söz-sənət adamları milli mədəniyyəti, ədəbiyyatı qoruyub mövcud imkanlar daxilində inkişaf etdirməyə çalışırlar.

AZƏRBAYCANA GƏLİŞ

Sürgün dövründə doğma Vətənə dönə bilməyən Ahıska türklərinin böyük hissəsi Azərbaycana – tək millətin bir parası olan doğma qardaşlarına doğru üz tutur. Ahıskalıların ilk kiçik dəstəsi Azərbaycana 1958-ci ildə gəlir və Saatlı-Sabirabad, Xaçmaz rayonlarında yerləşdirilir. Azərbaycanda Ahıska türkləri üçün geniş torpaqlar, hər bir ailəyə həyətyanı sahə ayrılır, ev tikmək və mal-qara almaq üçün maliyyə vəsaiti, inşaat materialları verilir. Ahıska türkləri Azərbaycanda sovet dövrünün təsərrüfat forması olan kolxoz və sovxozlar yaradır və uğurla çalışırlar. 1958-ci ildən 80-ci illərin axırlarına qədər Azərbaycanda 50 minə qədər Ahıska türkü yerləşir. 1989-cu il Fərqanə hadisələrindən sonra qaçqınların böyük hissəsi, 40 mindən çox Ahıska türkü də Azərbaycana köçür.

Ahıska türklərinin Azərbaycanda yerləşdirilməsinin bu xalqın taleyində bütövlükdə müsbət əhəmiyyəti olur. Ahıskalılar milli mədəniyyətlərini qorumaq və inkişaf etdirmək, ictimai həyatda iştirak, sülh şəraitində yaşamaq imkanı əldə edirlər.  Ümummilli lider Heydər Əliyev hələ 1972-ci ildə Ahıska türkləri gənclərinin Azərbaycanın ali məktəblərinə müstəsna hal kimi müsabiqədənkənar qəbul edilmələri barədə sərəncam verir və bu, ahıskalıların maariflənməsində, sosial-mədəni tərəqqisində böyük tarixi rol oynayır.

Qeyd eək ki, Ahıskalılar da Azərbaycana doğma vətənləri kimi xidmət göstərmiş və bu gün də göstərirlər. Ömər Faiq Nemanzadə, Əhməd Bəy Pepinov, Şəfiqə Əfəndizadə, Adil Əfəndiyev, Fuad Əfəndiyev, Mövlud Bayraqdarov, Məhəmməd Cəlilov, Bəkir Mamoyev kimi bir çox Ahıska əsilli ziyalılar Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş, Ahıska gəncləri Qarabağda hər iki müharibədə şücaətlə döyüşmüş, yüzə qədər şəhid vermiş, İsgəndər Aznaur qəhrəman kimi şəhid olmuş və ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

 Hazırda Azərbaycanda Ahıska türkləri dövlətin və ictimaiyyətin hərtərəfli qayğısı ilə əhatə olunub, Respublika Prezidenti cənab İlham Əliyevin apardığı multikultural dövlət siyasəti və xüsusi olaraq “bir millət – iki dövlət” konsepsiyası sayəsində Ahıska türkləri ölkənin dövlət qurumlarında və seçkili orqanlarında, elm və təhsil müəssisələrində, müxtəlif təşkilat və idarələrdə, təsərrüfat və biznes strukturlarında təmsil olunublar. Bu gün Azərbaycanda Ahıska türklərininin «Vətən» cəmiyyəti (50-ci illərin ortalarından başlayan milli hərəkat müxtəlf formalarda təşkilatlanmış, nəhayət, Azərbaycanda 1993-cü ilin 13 oktyabrında “Vətən” cəmiyyəti rəsmən qeydə alınmışdır), DATÜB Azərbaycan bölməsi, Azərbaycanda yaşayan Ahıska Türkləri Yazarlar Birliyi, «Ahıska mədəniyyət mərkəzi» yaradılmış və uğurla fəaliyyət göstərir, müxtəlif özfəaliyyət qrupları, o cümlədən «Adıgün» musiqi kollektivi fəaliyyət göstərir, mətbu orqanları dərc olunur, ahıskalılar yerli özünüidarəçilikdə, mədəniyyət, maarif, yaradıcılıq birliklərində geniş təmsil olunmuşlar.

VƏTƏN MÜCADİLƏSİ

Lakin bütün bu dövrlərdə Ahıska türklərinin əsas amalı doğma vətənə qayıtmaq olmuşdur və bu gündə vətən olaraq qalmaqdadır. Ahıska türkləri artıq 77 ildir ki, doğma vətəndən uzaqlardadırlar, ondan çox ölkəyə yayılıblar və milli mədəniyyəti toplum halında inkişaf etdirmək imkanlarından məhrumdurlar. Lakin dünyada oxşarı olmayan bu şəraitdə də onlar milli mənlik, ana dili və mədəniyyətini və ən əsası – vətən sevgisini, yurda dönüş əzmini   qoruyub saxlamışlar. Bu əzmi, milli ruhu saxlayan mühüm amil məhz etnik mədəniyyət, vətəndə və sürgün dövründə yaranmış bədii əsərlər, Ahıska türklərinin bu əzablı illərdə formalaşdırdığı orijinal mədəni-estetik fenomen – sürgün folkloru, ədəbiyyatı, musiqisi, bütövlükdə etnik mədəniyyət, bütövlükdə milli kimlik şüurudur.

Qeyd edək ki, 1944-cü il sürgünün əsas məqsədlərindən biri də, əslində, Ahıska türklərinin etnik yaddaşlarını və milli kimlik şüurunu pozmaq, milli mədəniyyəti məhv etmək, toplum birliyini sarsıtmaq, yəni bir millət kimi mənəvi cəhətdən sıradan çıxarmaq idi. Bu məqsədlə, artıq sürgün ərəfəsində türklərinin etnik kimliyi ilə bağlı əsassız təbliğat aparılır, onlara milli kimliklə bağlı müəyyən təklif və cəhdlər edilir. Lakin hətta gürcü mənbələrində də göstərildiyi kimi, əhali belə təklifləri qəti rədd edir, hamı türk olduğunu qətiyyətlə təsdiqləyir (К уточнению важного исторического факта. // Газета ЦК КП Грузии «Народное образование», 30 июля 1989 г.).

Təəssüf ki, Ahıska türklərinin etnik mənşəyi və milli kimliyi haqqında müasir dövrdə də heç bir əsası olmayan, siyasi məqsədlər daşıyan saxta ideyalar ortaya atılır. Bu ideyalar bir vaxtlar əsasəm mesx, müsəlman gürcü anlayışlarından ibarət olsa da, xalqın mütləq əksəriyyəti bu əsassız mülahizələri qəbul etmədi, öz türk kimliyini təqdiqlədi.

Onu da qeyd edək ki, gürcü mənbələrində mesxlərin Kartliyə xristianlığa qədərki etiqadları ilə Ön Asyadan gəlmiş muşk tayfası olduqları haqqında mülahizələr var (Мровели, c.67).

Təbii, bütün xalqlar kimi, Azərbaycan, Ahıska, eləcə də Kərkük, Balkan türklərində də müəyyən yerli xüsusiyyətlər, təmasda olduqları xalqların təsirləri izləniir. Ümumən Qafqaz türklərinin, o cümlədən Ahıska türklərinin etnik mədənyyətində, etnoqrafiyasında da yerli Qafqaz elementləri, təmasda olduqları gürcü, dağlı xalqları ilə tarixi əlaqələr gözədəyən yer tutur.

Lakin son dövrlərdə Ahıska türkləri arasında müəyyən məqsədlərlə “yerli” və “gəlmə”, “türk” və “tərəkəmə” kimi məfhumlar dövriyyəyə buraxılır, xalq süni şəkildə iki qismə bölünür. Qeyd etməliyik ki, “tərəkəmə” məsələsi etnik-milli deyil, etnoqrafik, coğrafi şəraitdən, həyat tərzindən gələn sosial-etnoqrafiik anlayış hesab edilməlidir. Xas türklər olan türkmanlar, tərəkəmələr haqqında dəyərli tədqiqatlar var və bunları təkrarlamağa lüzum yoxdur. Yalnız bir cəhəti qeyd edək ki, Ahıska, eləcə də Borçalı türklərinin etnik xarakterinə və mədəniyyətinə ətraf coğrafi mühitin güclü təsiri olmuşdur və tərəkəməlik də ilk növbədə həyat tərzi kimi formalaşmışdır.

Dağlıq və dağətəyi ərazilərin coğrafi özünəməxsusluğu Qafqaz türklərinin müəyyən qisminin təsərrüfatında, həyat tərzində, adətlərində, mətbəxində, geyimində, inanclarında, yaylaq və qışlaq gələnəyində və sairədə aşkarlanır. Lakin tərəkəmə anlamı ilə ifadə olunan bu etnoqrafik özəlliklər qətiyyən etnik varlığın türk mahyyətini dəyişdirmir, toplumu türk milli şüurundan və mədəni tipologiyasından çıxarmır. Bu baxımdan, Ahıska türklərində son vaxtlar tərəkəmə – türk kolliziyasının  aktuallaşdırılmasını tamamilə səhv və zərərli hesab edirik.

Ahıskada yerli və gəlmə anlayışları da müasir dövrdə əsassız mülahizələrdir, ümumən bu ərazilərdə türkləri gəlmə hesab etmək doğru deyil. Çox qədimlərdən burada məskunlaşmış türklər buranın yerli xalqlarıdır, eyni zamanda bütün Avrasyiya məkanında yaşayan türk qövmləri, qeyd etdiyimiz kimi, müxtəlif dövrlərdə Qərbə doğru dalğavari yürüşlər etmişlər.  

Ümumən, siyasi motiivlər və məqsədlər xalqın varlığına aid edilməməlidir. Türkiyədə sayı milyonlarla olan yörüklərlə birlikdə, tərəkəmələr də ayrıca etnos deyil, türklüyün müəyyən etnoqrafik qrupudur və əslində dağ-düzən mühitindən törəmiş qədim türk atlı-köçəbə yaşayış tərzinə uyğun köklü və saf türklərdir.

Ahıska bölgəsi də tarix boyu müxtəlif türk soylarına qucaq açmış, hələ “Kitabi Dədə Qorqud”da adı çəkilən Ahıska Osmanlı türklərinin tərkb hissəsi kimi öz türk-islam mədəniiyyətini inkişaf etdirmşdir. Eyni zamanda, Ahıska kültürü Anadolu və Qafqazı, Osmanlı – Azərbaycan və Gürcüstanı birləşdirən həlqə olmuşdur:  əgər Borçalı türkləri tarix meydanına Osmanlılığa meylli Azərbaycan türkləri kimi çıxmışlarsa, Ahıska türkləri də Azərbaycanlılığa meylli Osmanlı türkləri olmuşlar. Bu cəhətlər Ahıska türk mədənyyətinin mahyyətndə, maddi və mənəvi qatlarında dərindən aşkarlanmış və sürgün dövründə də bu xalqın mənəv qəhrəmanlığı sayəsində qorunub daha da inkişaf etmişdir. Beləliklə, etnik mədəniyyət, bu mədəniyyətin maddi və mənəvi qatları sürgün dövründə Ahıska türklərinin milli kimliyini qoruyan əsas amil kimi böyük əhəmiyyət kəsb edir və maraq doğurur.

ƏDƏBİYYAT

  1. Buntürk Seyfeddin. Rus Türk Mücadelesi”nde Ahıska Türkleri. Ankara, Berikan Yayınları, 2007.
  2. Doğru A.M.. Yukarı Kür Boylarının Yeradları Üzerinde Bir Araştırma //  Türk Dünyası Araştırmaları. İstanbul, 1985, №39.
  3. Hacıyev Abbas. Tiflis ədəbi mühiti (1905-1917-ci illər). B., 1965.
  4. Hacıyev Abbas. Tiflis ədəbi mühiti. B., 1982.
  5. Hacıyev Abbas. Tiflis Azərbaycan teatrı. B., 1984.
  6. Hacıyev Abbas. Tiflis Azərbaycan və Adıgün türk teatrları. Bakı, 2006.
  7. Hacılı Asif. Ahıska türkləri: Vətən bilgisi. İstanbul, Ahıska, RTA, 2009.
  8. Hacılı Asf. Ahıska türkləri sürgün folkloru. B., 2004.
  9. Zeyrek Yunus. Ahıska bölgesi və Ahıska türkleri. Ankara, 2001.
  10. Zehtabi M.T. (Kirişçi). İran türklərinin əski tarixi. Təbriz, 1999.
  11. Məmmədov H. «Dəftəri-müfəs­sə­lati-Tiflis»də yaşayış məntəqələri // Azərbaycan filologiyası məsələləri. B., 1984.
  12. Агафий. О царствовании Юстиниана. М., 1953.
  13. Андроников А.Д.. Описание 3-го, Уравельского, полицейского участка Ахалцихского уезда Тифлисской губернии // ЗКОРГО, Тифлис, 1894; к. XVI.
  14. Бадридзе Ш. «Турки-месхетинцы»: как возникла проблема? // Газета «Вечерний Тбилиси», 25 июля 1989 г.
  15. Бакиханов А.К.. Сочинения. Записки. Письма.  – Баку, 1983.
  16. Волкова Н.Г.. Статейные списки русских посольств XVI–XVII вв. как этнографический источник // Кавказский этнографический сборник, VI, M., 1976.
  17. Волкова Н. Г. Этнонимы и племенные названия Северного Кавказа, М.1978.
  18. Волкова Н.С.. Этнические процессы в Грузинской ССР // Этнические и культурно-бытовые процессы на Кавказе. M., 1978.
  19. Источники грузинских летописей. Три хроники // СМОМПК, Тифлис, 1900, 28-й выпуск.
  20. Казем-бек М. Избранные сочинения. Баку, 1985.
  21. Картлис Цховреба. История Грузии. – Тбилиси, Издательство АРТАНУДЖИ, 2008
  22. Крымский А.Е.. Низами и его современники. Б., 1981.
  23. К уточнению важного исторического факта. // Газета ЦК КП Грузии «Народное образование», 30 июля 1989 г.
  24. Лунин М.С. Письма из Сибири. – Москва, 1987.
  25. Мавродин В.В.. Образование древнерусского государства. Л., 1945.
  26. Макалатия С.. Месхетия-Джавахети. Тбилиси, 1938.
  27. Марр Н. Я. Ипполит. Толкование Песни Песней. СПб., 1901.
  28. Марр Н.Я.. Вопросы языка в освещении яфетической теории.  Л., 1933, с.191-214.
  29. Мровели Леонти. Жизнь грузинских царей. М., Наука, 1979.
  30. Нидерле Л. Славянские древности. Москва, 2001.
  31. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказского края. Тифлис, 1913.
  32. Пигулевская Н.. Сирийские источники по истории народов СССР. М.-Л., 1941.
  33. Прокопий Кесарийский. Готская война // Вестник древней истории, т. V. М., 1941.
  34. Сейидов М.А. Опыт этимологического анализа Бунтурк // Доклады АН АзербССР. Баку, 1969.
  35. СМОМПК, 1891, 11-й выпуск.
  36. Тревер К. В. Очерки по истории и культуре Кавказской Албании. М.-Л., 1959.
  37. Хауссиг Г. В. К вопросу о происхождении гуннов. – Византийский временник, 1977, № 38, с.60, прим. 11.
  38. Царевич Вахушти. География Грузии. Тифлис, 1904.
  39. Юнусов А. Месхетинские турки: дважды депортированный народ. Б., 2000.
  40. Brosset M. Histoire de la Georgie. Petersbourg, 1849.
  41. N.Marr et Vriere, M. La Langue Georgienne. Paris, 1931.