Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb

Doqquz ay ərzində respublikanın su hövzələrinə 370 milyon balıq körpəsi buraxılıb
Oqtay Əsədov prezident seçkilərində səs verib
ISESCO Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində su kanalı çəkilməsi ilə bağlı hərəkətlərini pisləyir

Almaniyanın “nex24.news” portalında Nabi Yücelin müəllifliyi ilə “Dağlıq Qarabağ: Azərbaycan Ermənistanı istismarda günahlandırır” başlıqlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra bölgədə yaranmış yeni vəziyyətdən bəhs olunur. Bildirilib ki, Qarabağ uğrunda Ermənistan və Azərbaycan arasında baş vermiş 44 günlük müharibə 2020-ci il noyabrın 10-da sona çatıb və müharibənin nəticəsində bölgədə nəinki yeni siyasi, eləcə də yeni iqtisadi vəziyyət yaranıb. Belə ki, işğalı olunmuş Dağlıq Qarabağ və yeddi ətraf rayon qızıl, mis və digər qiymətli metal resursları ilə zəngindir. Onilliklər boyu bu sənaye sahələrindən əldə olunan gəlirlər faktiki olaraq qondarma “Dağlıq Qarabağ Respublikasını” (DQR) ayaqda saxlamağa kömək edib. Qeyd olunub ki, 2019-cu ildə qondarma DQR-in Ümumi Daxili Məhsulunun (ÜDM) 13 faizi bu mədənlərin istismarından əldə edilib. Ermənistan və Dağlıq Qarabağdakı qondarma rejim müxtəlif yollarla xarici şirkətləri işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz olaraq sərmayə qoymağa cəlb ediblər. Bu beynəlxalq konvensiyalara zidd olub. Müharibəyə qədər Azərbaycan hökumətinin icazəsi olmadan işğal olunmuş Azərbaycan ərazilərində 69 xarici şirkət fəaliyyət göstərib. Bunlar əsasən ABŞ, Kanada, Fransa, İsveçrə, Avstraliya, Almaniya və sair ölkələrdən olan şirkətlər olub. Məlumata görə, işğal olunmuş ərazilərin 35 faizi 20 il müddətinə əcnəbilərə və əcnəbi şirkətlərə icarəyə verilib. İşğal altında olan meşələrin 37 faizi isə əcnəbi sahibkarlar tərəfindən idarə olunub.

Azərbaycan illər boyu Ermənistanı mədənlərin qanunsuz istismarını dayandırmağa çağırıb və beynəlxalq ictimaiyyətin bu məsələyə reaksiya verəcəyinə ümid edib. Lakin bu ümidlər nəticəsiz qalıb. Müharibədən sonra ərazilərin işğaldan azad olunması ilə mədənlər yenidən Azərbaycanın nəzarətinə keçib. Azərbaycan Ermənistanı və işğal altında olan ərazilərdə qanunsuz fəaliyyət göstərən şirkətləri istismarda ittiham edir və onlara qarşı beynəlxalq məhkəmədə iddia qaldırmağı planlaşdırır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin