ANAMA ötən ildəki fəaliyyətinə dair məlumat yayıb

Vətən müharibəsində şəhid olan təcili yardım sürücüsünün xatirə lövhəsinin açılışı olub
Prezident və birinci xanım ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2017-ci ilin 12 aylıq fəaliyyətinə dair məlumat yayıb.

ANAMA-dan APA-ya daxil olan məlumatda bildirilir ki, agentlik tərəfindən 2017-cı ilin 12 ayı ərzində respublikanın müharibə getmiş və işğaldan azad olunmuş ərazilərində, habelə keçmiş hərbi sursat anbarları və hərbi poliqon ərazilərində mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatları həyata keçirilməklə, ümumilikdə 92 843 672 kv.m (9 284.37 ha) ərazi təmizlənib, 35 117 ədəd partlamamış hərbi sursat (PHS), 204 ədəd tank əleyhinə mina (TƏM) və 35 ədəd piyada əleyhinə mina (PƏM) aşkar edilib.

Ümumilikdə 35 356 ədəd mina və partlamamış hərbi sursat Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun qaydada zərərsizləşdirilib. Həm Dövlət Tapşırıqları çərçivəsində, həm də müxtəlif icra strukturları tərəfindən müraciətlər əsasında təmizlənmiş bütün ərazilərdə, Agentliyin müvafiq qrupları tərəfindən yekun monitorinq və keyfiyyət yoxlaması tədbirləri aparılıb, ərazilər təhlükəsizlik sənədləri ilə təmin olunmuş və aidiyyatı üzrə təhvil verilib.

NATO-Azərbaycan əməkdaşlığı çərçivəsində Sülh Naminə Tərəfdaşlıq (SNT) Proqramı üzrə 2012-ci ildə start verilən Ceyrançöl layihəsi üzrə 2017-cı ilin 12 ayı ərzində Ağstafa rayonunun Ceyrançöl ərazisində 4 923 273 kv. m (492.33 ha) ərazi təmizlənib, 211 ədəd PHS, 601 ədəd təlim məqsədli sursatlar tapılaraq məhvetmə üsulu ilə zərərsizləşdirilib.

27 avqust 2017-ci il tarixində Xızı rayonu ərazisində yerləşən keçmiş Sovet dövründən qalmış hərbi hissənin silah-sursat anbarında partlayış baş verib. Partlayışdan sonra          Agentliyin 195 nəfər şəxsi heyəti həmin ərazidə təmizləmə əməliyyatlarına cəlb olunub.     İndiyədək, 108 gün ərzində həyata keçirilən təmizləmə əməliyyatı zamanı 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbiristanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərinin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib, 24 341 ədəd partlamamış hərbi sursat (PHS), 16 061 ədəd partlamış-yanmış sursat qalıqları və 91 783 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 77 519 669 kv.m (7 752 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. Ərazidə əməliyyatlar davam etdirilir.

Agentlik tərəfindən 25 yanvar 2017-ci il tarixindən 03 iyul 2017-ci il tarixinədək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları başa çatdırılıb, nəticədə ilkin mərhələdə 50 yaşayış evi, daha sonra 100 yaşayış evinin tikilməsi nəzərdə tutulan ərazi, avtomobil yolu ərazisi və kənd təsərrüfatı üçün nəzərdə tutulan otlaq və əkin sahələri mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənib. Təmizləmə əməliyyatları 126 gün davam edib, bu müddət ərzində ümümilikdə 4 590 878 kv.m ərazi müxtəlif üsullarla (613 094 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 2 257 644 kv.m minaaxtaran itlərin köməyi ilə və 113 000 kv.m ərazi isə SENSYS dərinlik ölçən cihazı ilə) yoxlanılıb.

Nəticədə 74 ədəd partlamamış hərbi sursat (PHS), 26 ədəd piyada əleyhinə mina və 140 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə çəkilməsi nəzərdə tutulan suvarma kanalının keçəcəyi ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına 17 noyabr 2017-ci il tarixində başlanılıb və 32 gün ərzində 11 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd piyada əleyhinə mina aşkar edilib, 511 300 kv.m (51.13 ha) ərazi tam təmizlənib, 236 766 kv.m (23.68 ha) ərazi 20 sm dərinliyində, 180 700 kv.m (18.07 ha) ərazi isə xüsusi mexaniki vasitəsi ilə təmizləmə üçün hazırlanıb və 231 479 kv.m (23.15 ha) ərazi isə yoxlanılıb.

2017-ci ilin aprel ayında Agentliklə Türkiyənin DENEL SOC LTD T/A DENEL LAND SYSTEMS INCOMPORATING MECHEM MƏRKƏZİ GUNEY AFRIKA TÜRKİYƏ ŞÖBƏSİ arasında bağlanılmış müqaviləyə əsasən 105 nəfərlik əməliyyat heyəti 13 may 2017-ci il tarixindən Türkiyə Respublikasının İqdır vilayətinin İran İslam Respublikası ilə sərhədində mina təmizləmə əməliyyatlarına cəlb olunub. 127 iş günü ərzində 116 279 kv.m (11.63 ha) ərazi təmizlənib, nəticədə 17 106 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Əməliyyatlar 30 noyabr 2017-ci il tarixində sona çatıb.

Daimi əməliyyatlar aparılan bölgələrdə mina sahələri və döyüş ərazilərinin təmizlənməsi işləri ilə yanaşı, Agentlik, Nazirlər Kabinetinin tapşırıqlarına, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, yerli icra orqanları və müxtəlif təşkilatlardan daxil olan müraciətlərə cavab olaraq, respublikanın ayrı-ayrı regionlarında mülki əhali və təsərrüfatlar üçün təhlükə yaradan mina/PHS-lərin zərərsizləşdirilməsi məqsədilə qısamüddətli (minatəmizləmə terminində “Tək sursat”)  əməliyyatları yerinə yetirir.

Agentlik tərəfindən 2017-ci il ərzində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Xocavənd, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 15 otlaq sahəsinə, 18 əkin sahəsinə,  1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 hərbi şəhərciyə, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 172 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, avtopark ərazisinə, su arxına, daş bazarının yaxınlığına, Gəncə 2 saylı təcridxananın qarşısına, Norm Sement zavodunun ərazisinə, STP MMC-ə məxsus metal əritmə zavodunun ərazisinə, Qarqar və Qoşqar çaylarının sahilinə, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, ″Royal Park″yaşayış massivinə,  suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, meşə zolağına, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, beton zavodonun ərazisinə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 7 457 ədəd partlamamış hərbi sursat, 7 ədəd piyada mina və 64 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Nəticə etibarilə 171 344 kv.m (17.13 ha) ərazi yoxlanılıb.

Qeyd olunub ki, agentlik tərəfindən 2018-ci il ərzində cəbhə xətti və sərhədyanı rayonlarda, keçmiş Sovet dövründən qalmış silah-sursat anbarlarında, həmçinin müxtəlif qurumların müraciətlərinə əsasən təmizləmə əməliyyatlarının yerinə yetirilməsi nəzərdə tutulub.